Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28Fev

                                                      Bu faciə heç zaman unudulmayacaq

    30 il əvvəl fevralın 26-da dünyanın gözü qarşısında tarixdə öz amansızlığı, qəddarlığı ilə seçilən ən dəhşətli soyqırım – Xocalı faciəsi törədilib. Bu soyqırım nəticəsində şəhərin 613 sakini, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qətlə yetirilib. 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyi barədə hələ də məlumat yoxdur. Öz havadarlarının köməyinə arxalanan mənfur düşmən xalqımıza bu müsibəti yaşatmaqla, azərbaycanlıların gözünü qırmaq, beləliklə də torpaqlarımızı işğal etmək məqsədini güdürdü. Lakin onlar öz niyyətlərinə çata bilmədilər. Ək-sinə, bu dəhşətli faciə düşmənə olan nifrəti daha da artırdı və bu amal uğrunda mübarizədə xalqımızı birləşdirdi. Nəticədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında cəmi 44 gün ərzində işğal altında olan torpaq-larımızı geri aldıq. Ədalət bərpa olundu və biz haqlı olduğumuzu bütün dünyaya sübut etdik.
    Ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması üçün kifayət qədər məqsədyönlü işlər görülməmişdi. Daim məzlum xalq rolunda çıxış edən ermənilər isə hətta burada baş verən hadisələri dünyaya erməni xalqının müsibəti kimi təqdim edirdilər. Xocalı faciəsi barədə həqiqətlərin dünya birliyinin diqqətinə çatdırılmasında, onun soyqırım kimi tanıdılmasında başlıca rol Heydər Əliyev Fonduna və şəxsən Fondun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya məxsusdur. Fond bütün dünyada “Xocalıya ədalət” kampaniyasını keçirir və bu faciənin soyqırım kimi tanıdılmasına nail olur. Bu kampaniyanın təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.
    Xocalı faciəsinin 30-cu ildönümü ərəfəsində rayonumuzun idarə və müəssisələrində, təhsil ocaqlarında, hər bir ailədə soyqırım qurbanlarının xatirəsi anılır, eyni zamanda bu acı həqiqətlərin dünya içtimaiyyətinə daha geniş çatdırılması üçün işlər görülür.
    Fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən vəhşiliklər heç zaman unudulmayacaq. Bununla belə, təsəllimiz budur ki, bu qətliamın törədilməsində əli olan cinayətkarların bir qismi də məhv edildi. Bu gün şəhidlərimizin ruhu şaddır. Sağ qalan xocalılar isə işğaldan azad edilmiş torpaqlarımıza qayıtmağa hazırlaşırlar.

     “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:23

İsmarıclar bağlıdır.