XOCALI HADİSƏLƏRİNİN ŞAHİDİ BU GÜN QAZİ VƏ ƏSGƏR ANASIDIR
Qaysaq bağlamayan yaralar
Bu qadın rayonumuzda məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yaşayan Leyla Qəmbərovadır. Onun haqqında məqaləni redaksiyamıza 3 saylı orta məktəbin V sinif şagirdi Hüseyn İsayev tarix müəllimi Kifayət Kərimova ilə birlikdə gətirmişdi.
Hüseynin məktubundan öyrəndik ki, 8 yaşında ailəsi ilə birlikdə Xocalı müsibətləri ilə üzləşən Leyla xanım, baş verənləri bu gün də anbaan yaşayır.
Məktubun izi ilə Qəmbərovlar ailəsinin qonağı olduq və onların həm keçmişi, həm də bu günü haqqında söhbətlərini dinlədik.
Leyla xanımın dediklərindən:
– Əvvəlcə biz Xankəndində yaşayırdıq. Ailədə 3 bacı, 1 qardaş idik. Atam bizə görə çox narahat olurdu. Çünki elə bir gün yox idi ki, ermənilər nəsə bir təxribat törətməsinlər. Nəhayət, atam bizi də götürüb Xocalıya köçmək qərarına gəldi. Xocalıda bizim kimi ailələr çox idi. Heç kimin ağlına da gəlməzdi ki, günlərin birində burada məskunlaşan dinc sakinlərin başına od ələnəcək, evləri yerlə-yeksan olacaq.
Buna baxmayaraq, böyüklər daim qorxu icindəydilər. Biz uşaqlar da bunu hiss edir, çölə-bayıra çıxmırdıq. Xocalı hadisəsindən cəmi bir az əvvəl atam bizi Tərtər rayonunun Azadqaraqoyunlu kəndinə, burada yaşayan nənəmizin yanına gətirdi və özü geri qayıtdı. Ermənilər onun üstünə çaxır dolu şüşə banka atmışdılar, banka cilik-cilik olmuşdu, o isə kanallarla, meşələrlə güclə qaçıb bizim yanımıza gəlib çıxmışdı. Bu hadisədən sonra atam çox yaşamadı, dilində erməniyə lənət yağdıra-yağdıra, dizlərimin üstündə dünyasını dəyişdi.
Leyla xanım deyir ki, ermənilərin ailəmizə vurduğu yaralar birdimi, ikidimi? Hansından danışım, hansını dilə gətirim? Dayısını həyat yoldaşının gözləri qarşısında alnından atıblar, 6 ay idi toyları olmuşdu, bu gün də həmin qadın o hadisənin vahiməsindən normal həyata qayıda bilmir. Əmilərini, babasını, nənəsini qətlə yetiriblər.
Rəcəb babasının, qohumlarının intiqamını aldı
Bəli, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu xocalıların qisasını aldı. Qisas alanlardan biri də körpəlikdən Xocalı qətliamı haqqında söhbətləri eşidən, intiqam hissi ilə böyüyən Rəcəb Qəmbərlidir. Rəcəb Ieyla xanımın böyük oğludur. 44 günlük Vətən Müharibəsi başlayanda, o, orduda hərbi xidmətdə idi. Sərhəd qoşunlarında xidmət edirdi.
Müharibənin ilk günlərindən döyüşlərə qatılan Rəcəb komandirin hər bir tapşırığını sərrast yerinə yetirirdi. Anası isə bundan xəbərsiz idi.
Leyla xanım deyir:
–Bir Xocalı sakini kimi müharibənin baş-lanmasını alqışlayırdım. Bilirdim ki, illərin qaysaq bağlamayan yaraları sağalmasa da, torpaqlarımızın geri qayıtması ilə təşkinlik tapacam. Amma, hadisələr elə sürətlə dəyişirdi ki, hərdən uşaq kimi oturub ağlamaq istəyirdim. Bilirdim ki, buna haqqım yoxdur. Ailəmiz üçün, uşaqlarım üçün cavabdehlik daşıyıram. İlk olaraq epilepsiyalı qızımı və kiçik oğlumu qəsəbədən çıxardım, çünki bura gün ərzində bir neçə dəfə atəşə tutulurdu və qızımın səhhəti daha da pisləşirdi. İki gün sonra düşmən mərmisinin bizim mənzilimizi darmadağın etməsini televiziya xəbərlərində gördüm. Evimizi pərdələrimizdən tanıdım. Amma pis olmadım. Bilirdim ki, bu mənzili ailəmizə tikib verən dövlətimiz onu yenidən təmir edəcək. An-caq Rəcəb üçün, Orduda olan hər bir övlad üçün dualar edirdim.
Rəcəbin yaralanma xəbəri gözlənilməz olmadı. Həmin günlərdə mənim kimi ana-ların üstünə nə qədər şəhid xəbəri gəlirdi. Azad edilmiş hər qarış torpağımız onların qanı ilə boyanırdı.
Bircə Allaha yalvarırdım ki, Bakıya çatanda onu salamat görüm. Rəcəbi Zərifə Əliyeva adına Milli Oftamologiya Mərkəzində tapdım. Düşmən snayperlə onun başını nişan almışdı, ancaq güllə dəbilqəsinə dəyib onu cilik-cilik etmişdi, gözünə çoxlu qəlpələr dolmuşdu.
Leyla ana burada oğlunu əməliyyat edən həkimlərdən, onların qayğısından böyük razılıqla danışdı. Onlar həm ananın özünə, həm övladına ağır günlərdə dayaq durdular, səbrli, dözümlü olmağa kömək etdilər! Hazırda Rəcəbin müalicəsi davam edir. Gözündə hələ də qəlpə gəzdirir. Psixoloji cəhətdən də ayaq üstündə möhkəm dayanmasına zaman lazımdır. İndi Rəcəb evlərindədir
İkiotaqlı mənzilləri yenidən təmir olu-nub. Ailəsinin, eləcə də, bizim hamımızın fəxrimiz olan Rəcəb ölkə Prezidentinin Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.
Həyat dözümlü olmağı öyrədir
Ana çox qürurludur. Deyir ki, oğlumun biri Cəbrayılın azad olunmasında hünər göstərdi, ikinci oğlum Rəsul isə hal-hazırda orada hərbi xidmətini davam etdirir.
Evin sonbeşiyi 13 yaşlı Aysu isə xəstəliklə mübarizə aparır. Bütün bunlara baxmayaraq, uşaqlıq illərindən odun-alovun içində bərkiyən, dözümlü olmağı öyrənən Leyla ana həyatın bütün sərt sınaqlarından alnıaçıq çıxmağı bacarır. Halal zəhmətilə ailəsinin ruzisini qazanır. Həm də onu tanıyanların, qonşuların böyük hörməti onun üçün çox əhəmiyyətlidir. Deyir ki, həyatda mənim qazancım övladlarıma verdiyim tərbiyədir. Ona görə də bu gün tək deyilik. İlk növbədə Prezidentimiz İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, yaşadığımız Tərtər rayonunun rəhbərliyi bizim köməyimiz və dayağımızdır.
Həyat yolu heç də həmişə asan olmayan bu qadının timsalında biz əsl Azərbaycan xanımını görürük – fədakar, zəhmətkeş və səbrli.
Allah qazimizə və onun bacısına şəfa versin, Rəsulu isə sağ-salamat evlərinə qaytarsın.
Svetlana Bağırova