Dövlət başçısının Moskvaya səfəri, Vladimir Putinlə apardığı müzakirələr, imzalanan Müttəfiqlik Bəyannaməsinin məzmunu və əldə edilən nəticələr yenidən Azərbaycanın Cənubi Qafqazın lider dövləti olaraq qəbul edilməsini təsdiqləyir, ölkəmizlə Rusiyanın əməkdaşlığı strateji səviyyəyə yüksəltməkdə maraqlı tərəf kimi çıxış etdiyini göstərir.
2022-ci 22 fevral tarixli Moskva Bəyannaməsi ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir. Bəyannamənin 43 bəndi var və qarşılıqlı fəaliyyətin ən mühüm sahələrini əhatə edir. Bəyannamədə aşağıdakılar qeyd olunub: Rusiya və Azərbaycan öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti əsasında qurur, aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutmaqla o cümlədən ikitərəfli səviyyədə də daxil olmaqla konstruktiv əməkdaşlığı dərinləşdirirlər, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlər üzrə beynəlxalq təşkilat və forumlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər.
Bundan başqa ölkələr tərəflərdən birinin fikrincə sülhə təhlükə yarada bilən, sülhü pozan və ya tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasına hazırlıqlarını ifadə edirlər.
Tərəflər milli maraqlara cavab verən və üçüncü ölkələrə qarşı yönəlməyən ikitərəfli hərbi-siyasi əməkdaşlığı inkişaf etdirir, hərbi qarşılıqlı əməkdaşlığı dərinləşdirəcəklər.
Onlar həmçinin təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunub-saxlanması məqsədilə bir-birinə BMT Nizamnaməsi, ayrı-ayrı beynəlxalq müqavilələr əsasında və tərəflərdən hər birinin beynəlxalq-hüquqi öhdəliklərini nəzərə almaqla hərbi yardım göstərilməsi imkanını nəzərdən keçirə bilərlər.
Ölkələr beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər.
Rusiya və Azərbaycan digər tərəfin maraqlarına birbaşa və ya dolayı zərər vuran hər hansı iqtisadi fəaliyyətlərin həyata keçirilməsindən çəkinəcəklər. Onlar metallurgiya, neft-qaz və ağır maşınqayırma, aviasiya, avtomobil, kimya, əczaçılıq və yüngül sənaye, kənd təsərrüfatı, yol-tikinti və qida maşınqayırması müəssisələri arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinə imkan yaradacaqlarını bəyan ediblər.
Qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəyə, bank kartlarına birgə xidmət daxil olmaqla ödəniş sistemlərinin qarşılıqlı uyğunluğuna, eləcə də iki ölkənin bankları arasında birbaşa müxbir münasibətlərin inkişaf etdirilməsinə imkan yaratmaq da bəyannamədə yer alıb.
Tərəflər atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını nəzərdən keçirəcəklər.
Sənəddə diaspor təşkilatlarının fəaliyyətinin təşviqi, humanitar, mədəniyyət və incəsənət, təhsil, elm, turizm və idman və digər sahələrə aid maddələr də yer alır.
Sənəd Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində imzalanıb.
Rusiya Prezidenti Vladimir Putin çərşənbə axşamı Kremldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib ki, Rusiya ilə Azərbaycanın iqtisadi əlaqələri yaxşı diversifikasiya olunub, bu, iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə zəmin yaradır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putinlə imzaladıqları Bəyannaməni şərh edərək qeyd edib ki, Rusiya ilə Azərbaycanı çoxəsrlik dostluq, mehriban qonşuluq telləri bağlayır, qeyd etdiyi kimi, bu əlaqələr bu gün keyfiyyətcə yeni səviyyəyə çatıb.
Ölkələrimiz arasında çox geniş müqavilə-hüquq bazası vardır, 245 sənəd imzalanıb. Lakin onların arasında bu gün imzalanmış Bəyannamə xüsusi əhəmiyyət kəsb edir. Bu Bəyannamə iki ölkənin münasibətlərini müttəfiqlik səviyyəsinə çıxarır. Bu, həm böyük imtiyaz, həm də böyük məsuliyyətdir. Rusiya və Azərbaycan bu günə təkidlə, uzun müddət əməkdaşlıq potensialını artırmaqla, səmimiyyətə, mehriban qonşuluğa, praqmatizmə, qarşılıqlı maraqların nəzərə alınmasına əsaslanan münasibətlər qurmaqla gəlib çatıbdır.
Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə üzərində praktiki iş bir ildən bir qədər artıq bundan əvvəl başlanıb. Bu müddətdə ölkələrimizin müvafiq ekspert qrupları tərəfindən 43 bənddən ibarət olan və praktiki olaraq fəaliyyətimizin bütün əsas sahələrini əhatə edən çox geniş sənəd razılaşdırılıb.
Bəyannamənin birinci bəndində deyilir ki, tərəflər öz münasibətlərini müstəqilliyə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq əsasında quracaqlar.
Bu bənd ölkələrimizin münasibətlərinin xarakterinə, dostluq hisslərinə, qarşılıqlı maraqlara və gələcəyə yönəlməyə əsaslanır. Ona görə ki, bu sənəd təkcə çoxillik birgə işə yekun vurmaqla kifayətlənməyib, həm də gələcək üçün böyük perspektivlər açır. Azərbaycan və Rusiya qarşılıqlı siyasi fəaliyyəti artıracaq, əvvəl olduğu kimi, yenə bir-birini beynəlxalq qurumlarda dəstəkləyəcək, qarşılıqlı ticarətin həcmini artıracaq və gündəlikdəki bütün məsələləri həll edəcəkdir.
Rusiya və Azərbaycan münasibətlərinin bundan sonrakı uğurlu inkişafı reional sabitliyin və təhlükəsizliyin qorunub saxlanmasına, Cənubi Qafqazda Sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsinə, xalqlarımızın əsaslı maraqlarına öz müsbət təsirini göstərməkdədir.
Moskva Bəyannaməsinin bütün müdüaları Azərbaycanın milli maraqlarına uyğundur. Tükiyə ilə imzalanmış Şuşa Bəyənnaməsi kimi, Rusiya ilə imzalanmış Moskva Bəyənnaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir.
44 günlük Vətən müharibəsində Qələbəmizdən sonra Cənubi Qafqazda formalaşmanın yeni siyasi əsas oyunçuları Azərbyacan, Türkiyə və Rusiyadır. Bu mənada, Azərbaycan hər iki ölkə ilə müttəfiqlik Bəyannamələrini imzalanması yeni siyasi mühiti rəsmən təsdiq edir.
İmzalanma mərasimindən sonra mətbuata verdikləri bəyanatları ilə tarixi sənədin əhəmiyyətindən bəhs edən prezidentlərin açıqlamaları maraqla qarşılandı.
«Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin Rusiya ilə Azərbaycan arasında rəsmi diplomatik əlaqələrin 30 illiyinin tamam olduğu ildə imzalanması çox rəmzi xarakter daşıyır. Ötən onilliklər ərzində Rusiya-Azərbaycan əməkdaşlığı nəzərəçarpacaq dərəcədə möhkəmlənib və genişlənib, siyasi, iqtisadi və humanitar sahələrdə çoxsaylı konkret qarşılıqlı faydalı layihələrlə zənginləşib. Biz, sözsüz ki, möhkəm dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması ənənələrinə əsaslanmaqla əsl sıx qarşılıqlı müttəfiqlik münasibətlərini bundan sonra da hərtərəfli inkişaf etdirmək əzmindəyik» söyləyən Prezident Vladimir Putin Bəyannamədə biri-birindən əhəmiyyətli aktual məsələlərin kompleks halda nəzərdən keçirilməsini perspektiv üçün «yol xəritəsi» kimi dəyərləndirdi. Qarşılıqlı ticari-iqtisadi əlaqələrin, sənayedə, aqrar sahədə səmərəli tərəfdaşlığın hər iki dövlət üçün faydalı olacağını bildirdi. Respublikada rus dili və mədəniyyətinin dəstəklənməsi və təşviqinə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını çatdırdı. Vladimir Putin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün imzalanan üçtərəfli Bəyanatda qeyd olunan razılaşmaların tam həcmdə icrasının vacibliyini də vurğuladı. Rusiya sülhməramlılarının işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsindəki fəaliyyətindən, humanitar aksiyalarda iştirakından bəhs edən Rusiya Prezidentinin «Daha bir prioritet məsələ Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin işə salınmasıdır. Rusiya öz tərəfindən, yuxarıda adları çəkilən bütün hədəf və məsələlərə nail olmaq üçün çox iş görüb və görəcək…Ümumiyyətlə, bugünkü danışıqlar aydın göstərdi ki, Qafqaz və Xəzər regionlarında sabitlik və təhlükəsizliyin təminatında, bütün Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafında Rusiya və Azərbaycanın ümumi maraqları var» sözləri regionda əməkdaşlığın təminatına göstərilən etimaddır.
9 (10) noyabr 2020-ci il tarixli Bəyannaməyə əsasən bütün erməni silahlı qüvvələri Azərbaycan ərazisindən çıxmalı, habelə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyalar açılmalıdır. Bunun üçün imkanlar var. Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağa hazır olduğunu dəfələrlə bəyan edib. Bu müqavilə öz aralarında münasibətləri tənzimləmək istəyən hər hansı ölkələr üçün zəruri olan sərhədlərin dəqiqləşdirilməsi, delimitasiyası və digər məsələləri də əhatə edəcək.
Azərbaycana müharibə lazım deyil. Ərazi bütövlüyünün hərbi yolla bərpa olunması məcburi tədbir idi və müharibədən sonrakı mərhələdə bu məsələni siyasi metodlarla həll etməyə Azərbaycan hazırdır. Rusiya və Azərbaycan birgə səyləri ilə Qafqazda sülhün, Xəzər regionunda və Avrasiya məkanında əməkdaşlığın möhkəmləndirilməsi işində böyük nailiyyətlər əldə olunacaqdır.