XOCALIYA ƏDALƏT
Bu il Xocalı faciəsindən 30 il ötür. 1992-ci ilin fevral ayında Xocalının azərbaycanlı əhalisinə qarşı misli görünməmiş soyqırım törədilmişdir. Xocalı Soyqırımı kimi tanınan bu qanlı faciə nəticəsində minlərlə azərbaycanlı öldürülmüş və əsir götürülmüş, şəhər özü yerlə-yeksan edilmişdir. 1992-ci ilin 25 fevral tarixindən 26 fevrala keçən gecə keçmiş SSRİ-nin 366-cı alayının köməyi ilə Ermənistan silahlı qüvvələri Xocalı şəhərini ələ keçirmişdir. Faciənin baş verdiyi gecədən əvvəl Xocalı sakinləri şəhərdə qalmış və (təxminən 2500 nəfər) şəhərə hücum başladıqdan sonra azərbaycanlıların məskunlaşdığı ən yaxın yerə çatmaq üçün şəhərdən çıxmağa cəhd etmişlər. Lakin onların bu planı baş tutmadı. Xocalını məhv edən işğalçılar mülki əhaliyə qarşı xüsusi amansızlıq törətmişlər. Xocalının yüzlərlə günahsız sakininin vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi ərazisində baş verən silahlı münaqişə zamanı törədilmiş ən qanlı cinayətlərdən biri idi. Ermənistan silahlı qüvvələri və xarici hərbi birləşmələr Xocalıdan və ətraf yerlərdən çıxa bilməmiş insanların demək olar ki, hamısını vəhşicəsinə qətlə yetirmişlər. Ermənistan rəsmiləri münaqişə zamanı törətdikləri cinayətlərə, o cümlədən Xocalı əhalisinə qarşı törətdikləri vəhşiliklərə görə məsuliyyəti inkar edir, faktları saxtalaşdıraraq, öz mülahizələrinə uyğunlaşdırırlar. Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının əlində olan yetərli informasiya ilə yanaşı, faciənin törədilməsi ilə bağlı Ermənistanın məsuliyyətini həmçinin çoxsaylı müstəqil mənbələr və faciə şahidlərinin ifadələri də təsdiqləyir.
Üzv ölkələrin sayına görə dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan İslam Konfransı Təşkilatı Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü dəfələrlə pisləmiş və Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirmişdir. 2004-cü ildə İslam Konfransı Təşkilatı Dialoq və Əməkdaşlıq Uğrunda Gənclər Forumunu təsis etmişdr. Forum həmçinin 2007-ci ilin payızında “Sivilizasiyaların Alyansı” çərçivəsində keçirilmiş “Gənclər Sivilizasiyaların Alyansını dəstəkləyir” təşəbbüsü çərçivəsində Beynəlxalq Gənclər Hərəkatına müraciət edərək, öz tərəfdaşları və beynəlxalq təşkilatlar vasitəsilə dinc azərbaycanlıların qanını tökmüş rejimin provokativ addımları ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlılı-ğının artırılmasına çağırmışdır. İƏT Gənclər Forumunun Direktorlar Şurasının 2008-ci ilin aprel ayında Küveytdə keçirilmiş 6-cı iclasında Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Forumun mədəniyyətlər və sivilizasiyalararası dialoq üzrə ilk baş katibi seçilmişdir. Bu, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal olunması faktına İƏT-in Gənclər Forumu tərəfindən diqqət çəkilməsinə təkan vermişdir. Həmin ilin 17 may tarixində İƏT və İSESKO-nun təşkilatçılığı ekspertlər səviyyəsində keçirilmiş iki günlük toplantının nəticəsində Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət – Qarabağa Azadlıq” kampaniyası İƏT-in ekspertləri tərəfindən dəstəklənmiş və 26 fevralın İƏT-ə üzv ölkələrdə humanitar faciə qurbanlarının Xatirə Günü kimi qeyd olunması qərarlaşdırılmışdır. Bundan əlavə, Xocalı Soyqırı-mının İslam ölkələrində dərsliklərə daxil edilməsi ilə bağlı təklifin İƏT-in xarici işlər nazirlərinin iclasına təqdim edilməsi haqda qərar qəbul edilmişdir. İƏT ölkələrinin xarici işlər nazirləri şurasının Uqandanın paytaxtı Kampalada keçirilmiş iclasında Gənclər Forumunun Sivilizasiyaların Alyansının Baş Koordinatoru Leyla Əliyevanın “Xocalıya Ədalət – Qa-rabağa Azadlıq” adlı təşəbbüsü təsdiq etmişdir. İƏT xarici işlər nazirlərinin 35-ci iclasında bununla əla-qədar xüsusi qətnamə qəbul edilmişdir. 57 ölkənin xarici işlər nazirləri tərəfindən qətnaməyə dəstək verilməsi nəticəsində bu qətnamənin yerinə yetirilməsi üçün zəruri siyasi və hüquqi zəmin yaradılmışdır. Qətnaməyə əsasən İƏT-ə üzv ölkələrdə humanitar faciələrin qurbanlarının Xatirə Günü təsis edilmişdir. Qətnamədə Xocalı faciəsi də daxil olmaqla baş vermiş faciələrin siyahısı təsdiq olunmaqla, 20-ci əsrdə müsəlman əhalisinin üzləşdiyi humanitar faciələr, təcavüz və etnik təmizləmə halları ilə bağlı həqiqətlərin yayılması ilə bağlı məlumatlandırma kampa-niyalarının keçirilməsi qərara alınmışdır. İslam Əməkdaşlıq Təşkilatına daxil olan Dialoq və Əmək-daşlıq uğrunda Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbüsü ilə “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyasına 2008-ci ilin 8 may tarixində start verilmişdir. Kampaniya çərçivəsində ilk olaraq, Xocalı faciəsi ilə bağlı uşaqlar tərəfindən çəkilmiş fotoşəkillərdən ibarət sərgi və İstanbulda, Tak-sim metro stansiyasında xarici ölkə gənclərinin faciə ilə bağlı fotolarından ibarət sərgilər keçirilmişdir. İƏT-in xarici işlər nazirləri Şurasının 2009-cu ilin may ayında Suriyanın Dəməşq şəhərində keçirilmiş 36-cı iclasında nazirlər Gənclər Forumu tərəfindən həyata keçirilən “Xocalıya Ədalət – Qarabağa Azadlıq” kampaniyasını tam dəstəkləmiş, kampaniya ilə bağlı qeydlər yekun qətnaməyə daxil edilmiş və təşkilata üzv dövlətlərə kampaniyada fəal iştirak etmələri tövsiyə olunmuşdur. 2011-ci ildə İslam Əməkdaşlıq Təşki-latının Parlament İttifaqı “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyasını dəstəkləyən bəyanat qəbul etmişdir. İƏT-in Parlament Şurasının Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilmiş 13-cü iclasında qəbul olunmuş Abu-Dabi bəyannaməsi Xocalı faciəsinin insanlıq əleyhinə cinayət kimi tanınması ilə bağlı üzv ölkələrə müraciət etmişdir. Bu, İƏT-in Gənclər Forumunun “İƏT-in Gənclər Forumu və İƏT-in Parlament İttifaqı arasında əməkdaşlığa” dair təşəbbüsü əsasında baş tutmuşdur. Qəbul edilmiş qətnamənin 3-cü bəndində qeyd edilmişdir ki, İƏT-ə üzv ölkələrin parlamentləri Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xo-calı şəhərində dinc əhaliyə qarşı törədilmiş kütləvi qırğını insanlıq əleyhinə cinayət kimi tanıyır. Həmçinin, üzv ölkələr cinayətə milli səviyyədə qiymət verməyə çağırılmışdır. İslam Əmək-daşlıq Təşkilatının Parlament İttifaqının İndoneziyanın Palembanq şəhərində keçirilmiş 7-ci iclasında 2012-ci ilin 30 yanvar tari-xində “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” adlı ənənəvi olaraq qəbul edilmiş qətnaməyə Gənclər Forumun təşəbbüsü ilə əlavə bənd salınmışdır. Xocalı faciəsinə həsr edilmiş xüsusi paraqrafda təşkilata üzv ölkələrin parlamentləri 1992-ci ilin 26 fevral tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş fa-ciənin soyqırım kimi tanınmasına çağırmış və faciəni törədənlərin ədalət məhkəməsinə çıxarılmasını tələb etmişdir. Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edir. Kampaniya çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə və irqi, etnik və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqaviməti nü-mayiş etdirməyə, Xocalı soyqırımı qurbanları ilə həmrəyliyi ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə yönəlmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 120 mindən çox şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir.
Züleyxa Mustafayeva,
rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsini icra edən