Sənə uğurlar arzulayırıq, Murad
Murad Sarıyev şəhid Ərşad Sarıyev adına Gülabatlı kənd tam orta məktəbinin X sinif şagirdidir. Əlaçı şagirdlərdəndir. Gələcəkdə tanınmış beyin cərrahı olmaq arzusundadır. Bunun üçün dərslərinə ciddi fikir verir. Bir neçə dəfə fənn olimpiadalarında iştirak edib. Muradın ən çox sevdiyi fənn riyaziyyatdır. Özü bu barədə deyir:
–Riyaziyyatı mənə müəllimim İlqar Nəcəfov sevdirib. O, beşinci sinifdən bu fənni bizə tədris edir. Bu ilin yanvar ayında rayonumuzda keçirilən riyaziyyat üzrə fənn olimpiadasında iştirak etdim və respublika turuna keçdim. İndi qarşıda məni böyük sınaq gözləyir. Özümə güvənirəm, inanıram ki, respublika yarışında da uğur qazanacam. Bunun üçün İlqar müəllimin verdiyi bütün tapşırıqları vaxtında yerinə yetirirəm. Ya-rışmada fəal iştirakıma görə məktəb rəhbərliyi tərəfindən sertifikatla mükafatlandırılmışam. Bu, məni daha da ruhlandırıb. Çalışacam ki, müəllimlərimin və valideynlərimin etimadını doğruldam.
Murad redaksiyamıza anası Ülviyyə xanımla gəlmişdi. O bildirdi ki, Muradın təhsil aldığı məktəb şəhid dayısının adını daşıyır. Söz düşəndə deyir ki, məktəbimizin şagirdləri həmişə yüksək balla ali məktəb-lərə daxil olurlar. Çalışacağam mən də yüksək bal toplayım ki, gələcəkdə oxuduğum ali məktəbdə bizim orta məktəbi və şəhid dayımı yaxşı tanısınlar.
Muradın özündən kiçik bacı və qardaşı da həmin məktəbin şagirdləridir. Onlar da Murad kimi əlaçı olmağa çalışırlar. Hətta Ülviyyə xanım da şəhid qardaşının adını daşıyan məktəbdə işləyir, texniki işçidir. Uşaqlarının şəhid dayılarının adına layiq olmalarına çalışır. Murada isə böyük inamı var. Çünki İlqar müəllimin dərs dediyi bütün şagirdlər yüksək nəticələr qazanırlar.
Elə mən də söhbət zamanı inandım ki, Murad qarşıdakı sınaqlardan üzüağ çıxacaq. Bir daha sənə uğurlar arzulayıram, Murad.
Elfuzə Vəliyeva