Azərbaycan dinamik inkişaf edən, böyük ölçüdə neft-qaz sektorunun inkişafına istiqamətlənmiş iqtisadiyyata malikdir. Azərbaycan elektrik enerjisinin ixracatçısıdır. Ölkə neft, təbii qaz və elektrik enerjisi ixrac edir. Azərbaycan enerji tələbatını hazırda ölkənin karbohidrogen ehtiyatlarının, daha dəqiq desək, neft və təbii qazın istifadəsindən əhəmiyyətli dərəcədə asılı olan daxili istehsal hesabına ödəyir. Azərbaycanın böyük neft-qaz ehtiyatları olsa da, ənənəvi enerji ehtiyatlarının tükənməz olmadığı sirr deyil.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə digər sahələrdə olduğu kimi, ölkənin enerji təminatının yaxşılaşdırılması istiqamətində də mühüm işlər görülür, elektrik enerjisi sahəsində infrastrukturun təkmilləşdirilməsi istiqamətində layihələr uğurla icra edilir.
Bunun sayəsində ölkənin dayanıqlı enerji ilə təchizatına nail olunmaqla yanaşı, ixrac imkanları da genişlənir. Dövlətimizin başçısının “Qobu” Enerji Qovşağının açılışında iştirakı, səsləndirdiyi fikirlər Azərbaycanın uğurlu enerji strategiyası, istehlakçıların elektrik enerjisi ilə dayanıqlı və etibarlı təminatına əminliyi bir daha möhkəmləndirdi.
Gücü 750 meqavat olan Yaşma yarımstansiyanın və 385 meqavat gücündə olan “Qobu” Elektrik Stansiyasının istifadəyə verilməsi ölkənin enerji dayanıqlılığına xidmət göstərəcəkdir. Genişmiqyaslı nəhəng layihələrin icrasında ancaq Azərbaycan şirkətləri, mütəxəssisləri və fəhlələri iştirak ediblər.
Ötən il Azərbaycanda 27 milyard kilovat/saat elektrik enerjisi istehsal edilmiş və 1,6 milyard kilovat/saat ixrac olunmuşdur. Bu, rekord göstəricidir. Azərbaycan artıq çox ciddi elektrik enerjisi ixrac edən ölkədir. Həm artan daxili tələbat, həm də xaricdə enerji gücümüzə olan tələbat yeni addımların atılmasına sövq edir. Azərbaycanda öz vəsaiti hesabına inşa edilən nəhəng enerji obyektlərinin istifadəyə verilməsi ölkənin maliyyə və texniki imkanlarından xəbər verir.
Azərbaycan bərpa olunan enerjinin böyük inkişaf potensialına malik olan ölkədir. Ölkə əla külək və günəş resurslarına və biokütlə, geotermal və su elektrik stansiyaları baxımdan əhəmiyyətli perspektivlərə malikdir. Bərpa olunan enerji mənbələrinin enerji balansında daha yüksək payı iqtisadiyyatın şaxələndirilməsindən başqa, digər çoxsaylı faydalar gətirə bilər. Bərpa olunan enerji mənbələri ənənəvi olaraq neft və qazın üstünlük təşkil etdiyi ölkədə texnoloji innovasiyalara imkanlar yaratmaqla və iqtisadi dəyərin və bununla bağlı ÜDM artımının təmin edilməsi üçün yeni sektorlar açmaqla yeni məşğulluq imkanlarının katalizatoru qismində çıxış edə bilər. Bundan başqa, enerji effektivliyinin davamlı artması ilə birlikdə bərpa olunan enerji mənbələrindən sürətli istifadə ölkə daxilində neft və qaz istehlakının azalmasına gətirib çıxara bilər.
Müstəqillik dövründə ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində qısa müddət ərzində böyük nailiyyətlər əldə olunub. Son illər ərzində əsaslı dəyişiklərə nail olunub. Müstəqilliyimizin ilk illərində ölkənin enerji gücü çatmırdı. Mövcud olan stansiyalar yararsız vəziyyətdə idi və yeni stansiyaların tikilməsinə vəsait yox idi, Azərbaycan elektrik enerjisini Rusiyadan idxal edirdi. Təbii qazla bağlı qıtlıq var idi, bölgələrdə, ümumiyyətlə, qaz yox idi və neft hasilatı kəskin düşmüşdü. Bu gün isə Azərbaycan dünya miqyasında bütün bu enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdəndir.
Azərbaycan özünü və tərəfdaşlarını bundan sonra ən azı 100 il ərzində təbii qazla təchiz edə bilər. Dayanıqlı enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan hökuməti bərpaolunan enerji növlərinə sərmayə qoyur. Bu gün bərpaolunan enerji növlərinin tam işə salınması istiqamətində çox ciddi iş gedir və bu işin nəticələri artıq görünür.
Son illər Azərbaycanda energetika sahəsində aparılan islahatlar hər bir investor üçün önəmli rol oynayır. Azərbaycanda xarici investisiyaların qorunması da ən yüksək səviyyədədir. Cənab Prezidentin dediyi kimi, xarici investorlar yaxşı bilirlər ki, bizim sözümüz imzamız qədər qiymətlidir və dəyərlidir. Azərbaycan müstəqillik dövründə uzun illər ərzində öz enerji təhlükəsizliyinin təmin edilməsi üçün fəal çalışıb. Ölkə əhalisi artdıqca təlabat artır.