Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayon Nümayəndəliyinin əməkdaşları, N saylı hərbi hissənin əsgər və zabitləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsini və Şəhidlər Abidə Kompleksini ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüb, xatirələrini ehtiramla yad ediblər.
Sonra tədbir rayon ərazisində yerləşən N saylı hərbi hissədə davam etdirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşı Elvin Umudov rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun adından hərbçiləri Gənclər Günü münasibəti ilə təbirik edib, qeyd edib ki, Azərbaycanda gənclərlə bağlı dövlət siyasəti Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1996-cı il fevralın 2-də ilk dəfə ölkəmizdə Gənclər Foru-munun keçirilməsi və daha sonra Ulu Öndər Heydər Əliyevin imzaladığı Sərəncamla fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi bunun bariz nümunəsidir.
Bildirib ki, əsası dahi şəxsiyyət Heydər Əliyevin qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, gənclərin hərtərəfli inkişafı üçün mühüm addımlar atılır. Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin inkişafına şərait yaratmaqla yanaşı, onların vətənpərvər ruhda formalaşmasında da həlledici rol oynayır. Qırx dörd günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlarla, rəşadətlə tarixdə silinməz iz qoyan bugünkü gənclərimiz, əminik ki, gələcək nəsillər üçün də nümunə olacaq.
Digər çıxış edənlər də tədbir iştirakçılarını təbrik edərək əlamətdar günün əhəmiyyətindən, dövlətin daha da güclənməsində cəmiyyətin fəal təbəqəsi olan gənclərin böyük rol oynamasından bəhs ediblər.
Sonda N saylı hərbi hissənin bir qrup əsgərinə və Vətən Müharibəsi qazilərinə Tərtər Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunub.
Tədbir Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayon Nümayəndəliyinin hazırladığı konsert proqramından ibarət olan bədii hissə ilə yekunlaşdırılıb.
Gənclər onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.