Bağlara ilboyu qulluq edilir
Bir neçə ildir ki, 30 hektardan çox sahədə xurma bağları salmışıq. İldən-ilə bu zərif meyvə növünün becərilmə texnologiyasını daha dərindən öyrənirik. Buna görə də bağların məhsuldarlığı ilə yanaşı, gəlirimiz də artır.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun işğal altında olan torpaqları azad etməsi, beləliklə də Suqovuşan Su Anbarından kanallarımıza suyun gəlməsi işimizə yeni təkan verdi. 30 ildən çox bir müddətdə daim su qıtlığından əziyyət çəkir, çox vaxt məhsulu sona qədər becərə bilmirdik.
Artıq bu çətinliklər arxada qalıb. Cari mövsümdə bol xurma məhsulu götürüb Rusiya bazarlarına göndərmişik. Qalan məhsulumuz isə soyuducu ambara yığılıb. Qışın oğlan çağı olsa da, burada xurma öz keyfiyyətini itirmir. Bir azdan bu məhsul da qonşu dövlətin bazarlarına göndəriləcək.
Bağlara qulluq işində ailə üzvlərimizin hamısı yaxından iştirak edir. Bununla belə kənd camaatından da işləyib evinə çörək pulu aparanlar olur. Hazırda budama işləri aparılır, ağacların dibi bellənir, həmçinin onlara qış suyu verilir. Bir sözlə, bağlara ilboyu qulluq edilməlidir ki, bu sahədən gəlir götürülsün.
Ölkəmizdə qeyri-neft sektorunun inkişafı ildən-ilə artır. Bu il də belə oldu. Dövlətimizin başçısı İlham Əliyev cari ilin əvvəlində yerli jurnalistlərə verdiyi müsahibədə bunu razılıq hissi ilə qeyd edib. Şadam ki, bu sahənin inkişafında az da olsa bizim ailənin də payı var.
Nəsib Vəliyev,
Seydimli kəndi