ŞƏRƏFLİ ÖMÜR YOLU
Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun ömür yolu cəmi 61 il davam edib. Ancaq bu 61 ildə əbədilik qazanıb, adı müasir Azərbaycan tarixinə yazılıb. Bu il fevralın 28-də qəhrəmanımızın 70 yaşı tamam olacaq. Elman Hüseynovun əziz xatirəsi xalqımız tərəfindən daim minnətdarlıq hissi ilə anılır, onun şəhərimizdəki büstü önündə, doğma kəndindəki məzarı qarşısında tədbirlər keçirilir. Bu tədbirlərdə rayon icra hakimiyyətinin nümayəndələri, qəhrəmanın döyüş yoldaşları, ailə üzvləri iştirak edirlər. Elə bu yaxınlarda onun büstü önündə keçirilən tədbirdə qəhrəman həmyerlimizin şərəfli ömür yolunun səhifələri bir daha vərəqlənib.
Qeyd olunub ki, Elman Hüseynov 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azadqaraqoyunlu kəndində anadan olub. 1968-ci ildə Azadqaraqoyunlu kənd tam orta məktəbini bitirib, Azərbaycan Dövlət Politexnik İnstitutunun məzunudur. 1973-1975-ci illərdə Gürcüstanın Axal-kalaki şəhərində zabit kimi xidmət edib. 1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil alıb. 1982-1990-cı illərdə Tərtər rayonunda müxtəlif məsul vəzifələrdə çalışıb.
Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunu fərq-lənmə diplomu ilə bitirib. 1991-ci ildə könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib, 1991-ci ilin sentyabrında Tərtər Özünümüdafiə qərargahının rəisi, 1991-ci ilin no-yabrında Tərtər Ərazi Özünümüdafiə Batalyonunun komandiri təyin olunub.
Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirak edib. Şəxsi şücaəti və rəhbərliyi altında keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüv-vəsi və texnikası məhv edilib. Döyüşlərdə iki dəfə yaralanıb. 1993-cü il yanvarın 15-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub. 1995-ci il yanvarın 15-də ölkə Prezidentinin 262 saylı fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Sonra Elman Hüseynovun döyüş yoldaşları onunla bağlı xatirələrini bölüşüblər.
Qəhrəmanın oğlu Emin Hüseynov şəhid ailələri adından onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.