Fevralın 4-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib. XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi dörd seqmentdən – “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Ötən il toplantı pandemiya səbəbindən videokonfrans formatda keçirilsə də, bu dəfə müvafiq şərtlərə əməl etməklə Avropa İttifaqının komissarları, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Herseqovina, Ukrayna və Türkmənistanın yüksək səviyyəli nümayəndələri Bakıda bir araya gəldilər.
Cənab Prezident İlham Əliyev tolantıda çıxış etdi və çıxışı zamanı əvvəlcə qonaqları salamlayaraq onlara öz minnətdarlığını bildirdi sonra isə geniş çıxışını səsləndirdi: Bildiyiniz kimi, keçən il iclasımız videokonfrans vasitəsilə olmuşdu. Lakin pandemiya ilə bağlı bəzi narahatçılıqlara baxmayaraq, çox şadam ki, siz iclasda şəxsən iştirak etmək qərarını verdiniz. Eyni zamanda, təəssüf hissi ilə demək istəyirəm ki, iclasın bəzi iştirakçılarının koronavirusa yoluxması aşkar olunub və buna görə də onlar bu gün fiziki olaraq burada iştirak edə bilmirlər. Mən onlara möhkəm cansağlığı, tezliklə sağalmalarını arzulayıram. Əminəm ki, Azərbaycan həkimləri onların mümkün olduğu qədər tez normal həyata qayıtması üçün hər şey edəcəklər. Qeyd etdiyim kimi, keçən il iclas videokonfrans formatında keçirildi. Bu gün biz qarşılıqlı əlaqəmizin ənənəvi formatını bərpa edirik. Əlbəttə ki, belə format təkcə önümüzdə olan əhəmiyyətli məsələləri həll etmək üçün yox, eyni zamanda, ikitərəfli və çoxtərəfli təmaslar qurmaq üçün daha yaxşı imkanlar yaradır. Hər ilin fevral ayında biz ənənəvi olaraq əvvəlki ildə görülmüş işləri nəzərdən keçiririk və gələcək addımlarımızı planlaşdırırıq. Qeyd etmək istəyirəm ki, Məşvərət Şurasının hər bir iclasında müəyyən nailiyyətlər əldə edilmişdir. Hər il biz müəyyən yeni nailiyyətlər haqqında məlumat verirdik. Biz çox şadıq və özümüzü təbrik edə bilərik ki, bu dəfə biz Cənub Qaz Dəhlizinin uğurla tamamlanması haqqında məlumat verə bilərik. Biz çox şadıq ki, 2020-ci ilin sonuncu günü – dekabrın 31-də, – yeri gəlmişkən, bu, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür, – azərbaycanlılar üçün mühüm olan bu gündə biz Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsinin tamamlanması haqqında məlumat verdik. Əlbəttə ki, mən layihədə iştirak edən bütün tərəflərə minnətdarlığımı bildirmək istəyirəm, ilk növbədə, Avropa Komissiyasına. Avropa Komissiyası və Azərbaycan həmtəşkilatçı olaraq və bütün ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutlarının Məşvərət Şurasının iclasında səylərinin koordinatorları olaraq il ərzində bu layihənin həyata keçirilməsində çox mühüm rol oynamışdır. Bu gün iki komissarın burada olması faktı buna dəlalət edir. Həmçinin mən regionda enerji təhlükəsizliyi layihələrinə dəstək verdiyi üçün Prezident Şarl Mişelə minnətdarlığımı bildirmək istəyirəm və minnətdarlığımı ona çatdırmağınızı xahiş edirəm. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində şəxsən iştirak etdiyinə görə də ona minnətdarlığımı bildirirəm. Həmçinin Cənub Qaz Dəhlizi layihəsinin iştirakçıları olan ölkələrin hökumətlərinə də təşəkkürümü bildirmək istəyirəm – Türkiyəyə, Gürcüstana, Yunanıstana, Bolqarıstana, Albaniyaya və İtaliyaya. Biz həqiqətən də bir komanda olaraq çalışdıq.
Cənab Preziden İlham Əliyev uğurlu lahiyyələrimiz haqqındada danışdı. Hesab edirəm ki, milli səviyyədə koordinasiya bizə bu nəhəng layihəni – XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizini icra etməyə kömək etdi. Onun dəyəri 33 milyard ABŞ dollarıdır. Eyni zamanda, əlbəttə ki, biz enerji şirkətlərinin, tikinti şirkətlərinin, investorların fəal iştirakı olmadan uğur qazana bilməzdik. Bu gün onlar buradadırlar. Əlbəttə, onların, eləcə də beynəlxalq maliyyə institutlarının töhfəsi çox dəyərli idi. Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir – Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı. Beləliklə, aparıcı beynəlxalq maliyyə institutları bu layihənin icrası üçün kredit və maliyyə vəsaiti ayırdı. İndi biz bütün nöqteyi-nəzərlərdən mürəkkəb olan bu layihənın yüksək səmərəliliklə tamamlanmasına görə həqiqətən də fərəhlənə bilərik. Əlbəttə, biz gələcəyə baxmalıyıq və mən əminəm ki, bugünkü iclasda iştirakçılar ənənəvi əməkdaşlıq sahələrini, gələcək planlarımızı müzakirə edəcək. Çünki hamımızın bildiyi kimi, əlavə qaz mənbəyinə tələbat artmaqdadır. Eyni zamanda, bərpa olunan enerji mənbələri ilə bağlı məsələlər də müzakirə olunacaq. Azərbaycan öz “yaşıl enerji” siyasətinə münasibətdə çox işlər görür. Dediyim kimi, yeni mənbələrdən qaz üçün tələbat artır. Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib. Keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib – Türkiyəyə 8,5 milyard, İtaliyaya demək olar ki, 7 milyard kubmetr. Yerdə qalan həcm komandanın başqa üzv ölkələrinə – Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub. Əminəm ki, komandamızın üzvü olan Albaniya da öz qazpaylayıcı şəbəkəsini tamamlayan kimi Azərbaycan qazını əldə edəcək. Həmçinin o faktı vurğulaya bilərik ki, bugünkü iclasda keçən illə müqayisədə daha çox sayda ölkə və şirkətlər iştirak edir. Yeni iştirakçılarımız var və bu da onu göstərir ki, yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq, çünki Azərbaycan həmişə beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olmuşdur.
Azərbaycanda böyük yaqlar var.Ən böyük yataq “Şahdəniz”dir – bir trilyon kubmetr. Texnologiyalar sürətlə inkişaf edir. Buna görə də Azərbaycanın isbat edilmiş qaz ehtiyatları daha da çox olacaq. Digər layihələr üzərində də iş gedir. Ən böyük qaz kondensatı yataqlarından biri olan “Abşeron”da tezliklə hasilata başlanılacaq. “Abşeron”da birinci mərhələdə 1,5 milyard kubmetr qaz hasil olunacaq. Yaxşı nəticə verəcəyinə ümid bəslədiyimiz digər böyük bir yataq “Babək”dir. Onun təxmin olunan qaz ehtiyatı 400 milyard kubmetrdir. “Ümid” yatağının qaz ehtiyatı ən azından 200 milyard kubmetrdir. “Azəri-Çıraq-Günəşli”dən də böyük gözləntilər var. Beləliklə, Cənub Qaz Dəhlizi layihəsi başa çatıb, tərəfdaş ölkələrin işi isə davam edir.
Cənab Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizin qazlaşdırılması haqqında öz dəyərli fikirlərini də səsləndirdi. 2020-ci ildə Vətən Müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərin qazlaşdırması üçün əlavə həcmdə qaza ehtiyac var. Bu, tamamilə dağıdılmış böyük bir ərazidir. Bütün infrastruktur dağıdılıb. Bu ərazi 10 min kvadrat kilometrdən çoxdur. Cari ildən etibarən keçmiş qaçqınlar öz doğma torpaqlarına qayıdacaqdır. Ona görə də, əlavə qaza ehtiyac var. Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrindən biridir. Azərbaycanın elektrik enerjisi potensialı əsasən daxili istehlaka hesablanıb.
Cənab Prezident İlham Əliyev çıxışı zamanı bütün məsələlərə aydınlıq gətirdi və öz çıxışını belə sonlandırdı. Beləliklə, bizim gördüyümüz işlərin çox sayda müsbət nəticələri var. Bir daha qeyd edim ki, biz bu yola çıxanda işlərin necə olacağı çox aydın deyildi. Biz əməkdaşlığın yeni formatına qədəm qoymuşduq, bu ölkələrin bəziləri ilə bizim heç vaxt bu formatda əməkdaşlığımız olmamışdı. Lakin bu, uğurlu oldu. Çünki biz səmimi, açıq və vicdanlı idik və eyni məqsədimiz var idi. Məqsədimiz budur, layihələr müxtəlif ola bilər, lakin əməkdaşlığın ruhu bizə planlaşdırdığımız hər şeyə nail olmağa kömək edəcək.Bir daha bizimlə birlikdə olduğunuz üçün təşəkkür edirəm. Məşvərət Şurasının iclasına uğurlar arzulayıram.