Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 05Fev

    Prezident İlham Əliyev fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda iştirak etmiş və gənclər qarşısında çıxış etmişdir.Cənab Prezident ilk öncə gənclər gününün tarixi və ölkənin gənclərlə iş sahəsində keçdiyi çətin və şərəfli yol haqqında danışdı. Bildirildi ki, müstəqilliyin ilk illərində vəziyyət çox ağır idi. Ölkə qarşısında çox böyük, ciddi, fundamental problemlər dayanmışdı. Sahibkarlıq çox aşağı səviyyədə idi. Dövlət qurumları yeni idarəetmə üsuluna yiyələnə bilməmişdilər. İqtisadi tənəzzül hər yerdə özünü büruzə verirdi. Neft-qaz kontraktları təzəcə imzalanmışdı. 1994-cü ildə “Əsrin kontraktı” imzalanmışdı. 1996-cı ildə “Şahdəniz” qaz yatağı üzrə kontraktın imzalanması da əlavə ümidlər verdi. Eyni zamanda yüz minlərlə məcburi köçkün ağır vəziyyətdə yaşayırdı, öz doğma torpaqlarından qovulmuş insanlar çadırlarda, vaqonların altında, uyğunsuz binalarda yaşayırdı. Nizami ordu yaradılmamışdı və nizami ordunun olmaması Birinci Qarabağ müharibəsindəki məğlubiyyətə gətirib çıxardı. Amma bütün bunlara baxmayaraq, Ulu Öndər hər zaman olduğu kimi, uzaqgörənlik göstərərək məhz gənclərə üz tutdu, onları dəvət etdi, onlara öz tövsiyələrini verdi və gəncləri gələcək inkişaf üçün təşkilatlandırmaq və hazırlamaq üçün əməli-praktiki addımlar atıldı. Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edildi. O gündən bu günə qədər fevralın 2-də Gənclər Günü qeyd edilir. Bütün bu müddət ərzində gənclər siyasəti daim dövlətin prioritetləri sırasındadır.

     

    Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi kimi məsələlərdə Heydər Əliyevin irsi əvəzolunmazdır.

     

    Forumda Prezident İlham Əliyev qeyd etdi ki, indiki gənclər üçün imkanlar daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Bu gün Azərbaycan inamla irəliyə baxır, ölkə qarşısındakı əsas vəzifələr öz həllini tapmışdır. Azərbaycan gəncləri azad ölkədə yaşayır, sabitlik olan ölkədə yaşayır, özünə güvənən ölkədə yaşayır. Azərbaycan gənci haqlı olaraq fəxr edir ki, bu ölkənin vətəndaşıdır. Gənclər öz gələcək həyatını düzgün müəyyən etmək üçün və dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar.

     

    Gənclərimiz könüllülər hərəkatında uğurla təmsil olunurlar. ASAN könüllüləri ilk könüllülərimiz olmuşdur. Könüllülük Azərbaycan xalqının qanındadır. Sadəcə olaraq, bunu hərəkat çərçivələrinə gətirmək üçün təşkilati addımlar olmalı idi, bunlar da atıldı. İndi “ASAN xidmət”dən sonra bir neçə digər dövlət qurumunda könüllülər qrupları var. Bu, həm gənclər üçün, həm ölkə üçün çox önəmlidir. Çünki gənclər geniş təcrübə toplayırlar. Könüllülük ənənəvi davranış qaydalarının yeni bir təzahürüdür. Ona görə bu hərəkat gənclərin təşkilatlanması və onların əmək potensialının artırılması nöqteyi-nəzərindən çox önəmlidir.

     

    Sağlam gənc nəslin yetişməsində idmanın rolunu vurğulayan ölkə başçısı bildirdi ki, ölkəmizdə idman qurğularının yaradılması geniş vüsət alıb. 50-dən çox şəhərdə müasir qurğular inşa edilib və indi demək olar ki, hər bir rayonda idmanla məşğul olmaq üçün şərait var. İndi bir neçə Olimpiya İdman Kompleksi inşa edilir, yaxın bir-iki ilə onlar da tamamlanacaq. Eyni zamanda, bölgələrdə yaşayan gəncləri idmana cəlb etmək üçün daha fəal olmalıyıq. Bunun üçün açıq idman meydançalarının yaradılması da çox böyük əhəmiyyətə malikdir. Hər bir gənc idman bölmələrinə gedə bilməz. Ancaq fiziki sağlamlığını gücləndirmək üçün, bədən tərbiyəsi ilə məşğul olmaq üçün bu, çox vacibdir. Bu, istər-istəməz pis vərdişlərdən də çəkindirəcək.

    Gənclərə öz tövsiyyələrini verən ölkə başçısı bildirdi ki, milli dəyərləri qoruyub saxladıqca, dövlətimiz daha da qüdrətli olacaq, xalqımız da əbədi azad, müstəqil xalq kimi yaşayacaq. Uzun illər, əsrlər boyu Azərbaycan müstəqil deyildi, başqa ölkələrin tərkibində yaşayırdı. Ancaq buna baxmayaraq, öz milli xüsusiyyətlərini itirmədi, onları qorudu. Azərbaycan xalqı nəsildən-nəslə əsrlər boyu milli ideologiyanı, milli xüsusiyyətləri ötürürdü və özünü assimilyasiyadan qoruyurdu. Azad olmadığımız dövrdə, əsrlər boyu həm müstəmləkə, həm başqa ölkələrin tərkibində yaşadığımız dövrdə əgər biz bu dəyərləri qoruyub saxlamışıqsa, indi, əlbəttə, bu dəyərləri qoruyub saxlamalıyıq.

     

    Bu gün Azərbaycan müstəqildir və müstəqil siyasət aparır. Heç bir kənar qüvvə ölkənin daxili işinə qarışa bilməz. Belə cəhdlər olub və ola bilər ki, olacaq. Ancaq bu cəhdlər heç bir nəticə verməyib və verməyəcək. Gənclər bundan sonra da mütləq vətənpərvərlik əsasında tərbiyə almalıdır.

     

    Bilirsiniz ki, zəngin təbii resurslarla özünü təmin etmiş ölkələr və çox strateji coğrafi yerləşməyə malik olan ölkələr hegemonluq uğrunda mübarizə aparan ölkələrin xüsusi diqqətini cəlb edir. Azərbaycan da bütün bu amilləri özündə ehtiva etdiyi üçün müstəqillik illərində dəfələrlə müxtəlif təzyiqlərlə rastlaşıb.

     

    Gəncləri əyri yola gətirmək, yaxud da yoldan çıxarmaq daha asan olur. Ona görə fondlar yaradılır, o fondların xətti ilə ianələr verilir, müxtəlif yaxşı, gözəl məna daşıyan proqramlar altında məhz bu dağıdıcı missiya həyata keçirilir ki, gəncləri öz dövlətinə qarşı, ilk növbədə, öz əcdadlarına, öz tarixinə qarşı, öz dəyərlərinə qarşı qaldırsınlar və sonra onlardan zombi kimi istifadə etsinlər. Bu, aktual məsələdir və öz aktuallığını heç vaxt itirməyəcək. Prezident bir daha gəncləri diqqətli olmağa çağırdı.

     

    Hər bir insan, xüsusilə gənclər haqlı olaraq öz Vətəni ilə fəxr etməlidir. Müstəqilliyimizin 30 illiyini keçən il qeyd etmiş ölkə kimi bu gün biz deyə bilərik, elə ölkə yaratmışıq ki, hər bir vətəndaş bu ölkə ilə fəxr edə bilər. Çünki istənilən sahəyə baxdıqda görürük ki, doğrudan da böyük tarixi nailiyyətlərə imza atmışıq.

     

    Prezident İlham Əliyev Vətən müharibəsində gənclərin roluna da toxundu. Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır. Müharibə zamanı gənclərin rolu həlledici olmuşdur. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi. Milli ruh, milli ləyaqət və vətənpərvərlik onları irəliyə aparırdı. Belə xalqla heç kim mübarizə apara bilməz. Müharibənin bir çox dərsləri var – həm bizim üçün, həm bütün dünya üçün, region üçün. Onlardan biri də odur ki, azərbaycanlılarla mübarizə aparmaq, müharibə aparmaq çox baha başa gələ bilər. Çünki bizim Polad Həşimov kimi qəhrəmanlarımız var və onlar daim Azərbaycan xalqının qəlbində yaşayacaq. Qururverici haldır ki, Azərbaycan Ordusunda belə peşəkar, vətənpərvər, yeni nəslin nümayəndələri yetişir. Onun həlak olması hamımızı sarsıtdı və eyni zamanda, onun həlak olması hamımızı bir daha mətin olmağa çağırdı. Hamımıza göstərdi ki, nəyin bahasına olursa-olsun, torpaqlarımızı azad etməliyik. Polad Həşimov öz şəhadəti ilə xalqın müharibəyə hazırlanmasında da çox böyük rol oynadı.

     

    Vətən uğrunda, Qarabağ uğrunda, Azərbaycan uğrunda burada yaşayan bütün millətlər vuruşdular. Bu Qələbə və bu müharibə Azərbaycanda yaşayan bütün xalqları daha da birləşdirdi. Azərbaycan hər bir ölkə üçün, multikonfessional və çoxmillətli ölkə üçün nümunə ola bilər. Azərbaycanda yaşayan bütün xalqlar, Azərbaycan vətəndaşları daim sülh şəraitində, əmin-amanlıq, qardaşlıq şəraitində yaşayacaqlar.

     

    Vətən müharibəsi nəticəsində biz demək olar ki, bütün əsas məqsədlərimizə çatdıq. Məqsədimiz mədəniyyət incimizi qaytarmaq idi və Şuşa əməliyyatı elə keçirildi ki, şəhərə ziyan vurulmadı. Şuşa bir müqəddəs rəmz idi. Şuşanın təbii gözəlliyi var: landşaftı, relyefi, qaya üstündə yerləşməsi, havası və s. Amma Şuşanın Azərbaycan xalqı üçün əhəmiyyəti təkcə bu coğrafi mənzərə ilə məhdudlaşmırdı. Şuşanın çox böyük rəmzi mənası var. Şuşa elə azad edildi ki, artıq düşmən öz müqavimətini dayandırmışdı. Şuşa ilə bağlı edilən ədalətsizlik Azərbaycan xalqında Şuşaya xüsusi bir məhəbbət oyatdı. Müharibə zamanı Şuşanın azad edilməsi təkcə strateji əhəmiyyət daşımırdı. Halbuki Şuşa azad olunandan sonra artıq Ermənistan ordusunun beli tam qırıldı.

     

    Qeyd olunmalıdır ki, Vətən müharibəsi dövründə bizim gənclərimiz sosial şəbəkələrdə çox fəal oldular və müharibə zamanı gedən informasiya müharibəsində də Azərbaycan qalib gəldi. İnformasiya müharibəsinə təkcə Azərbaycan vətəndaşları yox, dünya azərbaycanlıları da qoşuldular – könüllü olaraq, öz təşəbbüsləri ilə. Birgə səylərin nəticəsində Azərbaycan informasiya məkanında üstünlük əldə etdi. Sosial şəbəkələrdə üstünlüyü əldə etmək üçün orada paylaşılan məlumat da təsirli olmalıdır, həqiqəti əks etdirməlidir, bütün normal qaydalara uyğun olmalıdır.

     

    Müharibədən dərhal sonra şəhid ailələri və müharibə əlilləri üçün genişmiqyaslı proqram icra edilməyə başladı. Bu günə qədər 10 mindən çox şəhid ailəsi və müharibə əlili evlərlə, mənzillərlə təmin edilib. Yeddi mindən çox minik avtomaşını dövlət tərəfindən paylanılıb. Birinci Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələri arasında elələri var, hələ mənzil almayıblar. Ona görə burada növbəlilik olmalıdır. Ancaq İkinci Qarabağ müharibəsində iştirak edənlər də yenə daim diqqət mərkəzindədir. Bu il bu kateqoriyadan olan minimum 1600 insana dövlət tərəfindən mənzillər veriləcək.

     

    Paralel olaraq protezə ehtiyacı olan 200-ə qədər Vətən müharibəsi iştirakçısı var ki, onların 95 faizi artıq protezlərlə təmin edilib. Bu protezlər son texnologiyalı protezlərdir və normal həyata qayıtmaq üçün bütün imkanlar var. Dövlət imkan daxilində bu işləri görəcəkdir. Dövlətin imkanları genişlənir və bu məqsədlər üçün ayrılan dövlət büdcəsi də ildən-ilə artır.

     

    Əlilliyi olan insanlar indi fəal işə cəlb olunur. Həm onların əl işləri nümayiş etdirilir, istedadı olan, incəsənətə meyilli olan gənclər artıq tamaşalar qoyur və bunun üçün gözəl şərait var. Köməyə ehtiyacı olana həmişə kömək göstərmək xalqımızın çox gözəl keyfiyyətidir. Dövlət, əlbəttə ki, öz üzərinə düşən vəzifəni icra etməlidir və əlilliyi olan bütün şəxslərə diqqət göstərməlidir və göstərəcək.

     

    Forumda gənclərin suallarını cavablandıran Prezident İlham Əliyev bildirdi ki, Dördüncü Sənaye İnqilabı artıq reallıqdır. Artıq iki il oldu ki, Davos Ümumdünya İqtisadi Forumu ilə Azərbaycan arasında Dördüncü Sənaye İnqilabının üstünlüklərini daha da açmaq, Azərbaycanda tətbiq etmək üçün və regionda bu işlərə koordinasiyanı öz üzərinə götürmək üçün müvafiq sənəd imzalandı.

     

    Dördüncü Sənaye İnqilabı ilə bağlı olan yeniliklər, ilk növbədə, Azərbaycanda gənclər tərəfindən mənimsənilir və gənclər xətti ilə bu siyasət icra olunur. Azad edilmiş ərazilərdə müxtəlif kənd təsərrüfatı layihələri icra edilir. Cari il 40-50 min hektarda əkin işləri nəzərdə tutulur. Bu, ölkənin ərzaq təhlükəsizliyini təmin edəcək. Orada da işləyənlərin əksəriyyəti gənclərdir. Ona görə gənclər, əlbəttə ki, bu işlərdə qabaqcıl rol oynayacaq, onlar öz təşəbbüslərini də gərək ortaya qoysunlar. Gənclərin dünyagörüşü fərqlidir, dünyada gedən bütün müasir proseslərə onlar daha bələddir.

     

    Azad edilmiş torpaqlarda cari ildə 5 su elektrik stansiyası inşa ediləcək. İnşa olunacaq elektrik stansiyaları ümumi enerji potensialımızı gücləndirəcək və yeni iş yerləri açılacaqdır.

     

    İki il keçmədən artıq qayıdış başlayır. Bunun çox böyük rəmzi mənası var. Artıq bu il ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar və Ağalı kəndi istəklərimizin təcəssümüdür. Biz bu torpaqlarda hansı səviyyəni görmək istəyirik, insanlar üçün yaradılacaq hansı rahatlığı görmək istəyirik, bu layihədə öz əksini tapıb.

     

    Eyni zamanda Zəngilan Hava Limanı bu il açılacaq. Orada da kifayət qədər iş yerləri açılacaq, o cümlədən gənclər üçün. 2023-cü ildə dəmir yolunu mütləq Ermənistan sərhədinə gətirəcəyik, avtomobil yolunun da tikintisi gedir. Bütün bu işlərdə gənclər fəal iştirak edirlər.

     

    Ölkə başçısı qeyd etdi ki, Dördüncü Sənaye İnqilabı nəticəsində yarana biləcək yeni peşələrə hazır olmalıyıq. Dördüncü Sənaye İnqilabının mərkəzinin Azərbaycanda yaradılması, eyni zamanda, geniş informasiya məkanına çıxış əldə etmək deməkdir. Dünya dəyişir və 25 il bundan əvvəlki dünya indiki dünya ilə böyük fərq təşkil edir. Ənənəvi peşələrin bir neçəsi, bəlkə də bir çoxu bir neçə ildən sonra olmayacaq, yəni, bu peşələrə ehtiyac qalmayacaq. Azərbaycan bir çox ölkələrdən fərqli olaraq, əhalisi artan ölkədir. Müstəqillik dövründə 7 milyondan 10 milyonadək artıbdır. Bütün bunlar yeni iş yerləri deməkdir.

     

    Xaricdə təhsilə böyük önəm verən Prezident qeyd etdi ki, Azərbaycanda elə şərait yaratmalıyıq ki, xaricdə təhsil alanlar özləri Vətənə qayıtmaq arzulasın. Xaricdə təhsil alan gənclərlə bağlı proqram 2007-ci ildən etibarən icra olunur. 2006-cı ildə qərar verildi, sərəncam imzalandı və artıq 2007-2015-ci illəri əhatə edən genişmiqyaslı proqram icra edilməyə başlandı. Gənclər 30-dan çox ölkənin 300-dən çox ali məktəbinə ezam olundu. Bu məqsədlər üçün 200 milyon manat vəsait xərcləndi. Dövlət xətti ilə oxuyanların böyük hissəsi Azərbaycana qayıdıb.

     

    Görüşdə İlham Əliyev Azərbaycana qarşı aparılan çirkin kampaniyadan və təxribatlardan bəhs etdi. Bildirildi ki, informasiya təxribatları davam edir və bunun üçün informasiya agentliklərindən istifadə olunur. Amerika Prezidenti Donald Tramp “Washington Post” və “New York Times” qəzetlərini feyk-nyus adlandırıb. Bu feyk-nyus artıq siyasi mübarizənin bir üsuluna çevrilib. Yalan məlumat ötürülür, ondan sonra əldə olan əlaltılar vasitəsilə bu yalan məlumat ətrafında müzakirə aparılır, sanki bu, bir həqiqətdir. Ondan sonra təhlil aparılır və insanların şüuruna artıq bu yalan həqiqət kimi ötürülür.

     

    Qeyd olundu ki, dünyanın əsas qeyri-hökumət təşkilatları Azərbaycana qarşı uzun illərdir mübarizə aparır. Bu təşkilatlar, o cümlədən Qarabağ məsələsində ermənilərə dəstək göstərirlər. Onların adları da məlumdur: “Freedom House”, “Amnesty International”, “Human Rights Watch”, Soros və onun nəzarəti altında olan qurumlar, sərhədsiz reportyorlar. Hamısı anti-

    Azərbaycan mövqeyində dayanan, Azərbaycanı məhv etmək istəyən QHT-lərdir. Azərbaycan gəncləri bu fitnələrə heç vaxt uymayacaq.

     

    Azərbaycanda gənc nəslin problemlərinin kompleks həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakı üçün dövlət səviyyəsində bütün addımlar atılır və gələcəkdə də lazımi işlər görüləcəkdir. Məsuliyyəti artan gənclik isə bu diqqət və qayğını yüksək qiymətləndirir, ölkəmizin inkişafına, beynəlxalq aləmdə nüfuzunun daha da artmasına və qarşıya qoyulan vəzifələrin real həyata vəsiqə qazanmasına öz töhfələrini verir.

     

    Müəllif: Redaktor, 11:36

İsmarıclar bağlıdır.