Şəhidlərin xatirəsi yad edildi
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, veteranlar, qazilər və ictimaiyyət nümayəndələri ilə birlikdə Azərbaycan tarixinin faciəli, eyni zamanda şərəfli səhifəsi olan 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Tərtər şəhərində Şəhidlərin xatirəsinə ucaldılmış Abidə Kompleksini ziyarət edib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirələri ehtiramla yad olunub, ruhlarına dualar oxunub, abidənin önünə gül dəstələri qoyulub.
Sonra rayon rəhbəri çıxış edərək qanlı yanvar hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən və Azərbaycan xalqının azadlıq mübarizəsindən danışıb. Bildirib ki, 32 il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri tərəfindən Bakıda dinc əhaliyə qarşı vəhşiliklər törədilib, günahsız insanlar qətlə yetirilib. Diqqətə çatdırıb ki, 20 Yanvar Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri olmaqla yanaşı, həm də şərəfli səhifəsidir. Qanlı Yanvarda şəhid olmuş qəhrəman oğul və qızlarımız Azərbaycanın müstəqillik əldə etməsində misilsiz rol oynayıblar. Vurğulayıb ki, 20 Yanvar faciəsinə, xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya məhz Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycana hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verilib.
Sonda məktəblilərin əl işlərindən ibarət sərgiyə baxılıb.
Saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.