MÜƏLLİM ÖMRÜ
İnsan yarananda hələ yazılmamış ağ vərəqi xatırladır. Böyüdükcə uşaqlığından başlayaraq ömür kitabı yazılır, gah parlaq göz qamaşdırıcı, gah solğun göz yaşardıcı. Elə bir insan ömrü yoxdur ki, onun həyatında göz qamaşdırıcı və göz yaşardıcı günlər, aylar, illər yaşanmasın. Ötüb-keçən hər gün insanın ömür kitabının tamamlanmasına-yəni ömrün ahıl vaxtına gətirib çıxarır. Artıq ahıl yaşda bu kitabın vərəqləri bir-bir səhifələnib xatırlanaraq yada salınır. Xoşbəxt o insandır ki, keçmişinin, yazılmış ömür kitabının vərəqləri geriyə doğru açıldıqca anılsın, yaddan çıxmasın, hər kəsin qəlbində öz yeri, öz məkanı olsun. Belə insanlarımızdan biri də müəllim ömrü yaşamış, təkcə dövrünün müəllim və şagirdləri arasında deyil, bu gün də sevilən, bir təcrübəli müəllim kimi, pedaqoji sahənin bilicisi kimi axtarılan, bildiklərindən bəhrələndiyimiz, təcrübəsinə ehtiyac duyduğumuz, hətta rayonumuzun sayılıb-seçilən ahıllarından olan Maarif İbrahimovdur.
Maarif müəllimi 70-ci illərdən tanıyırdım. Qardaşı Yəhya İbrahimovla birlikdə o vaxtkı “Qızıl bayraq” qəzeti redaksiyasında işləyirdik. Zəhmətkeş məktubları şöbəsinin müdiri idi. Təhsillə bağlı yazılar olanda Maarif müəllimə mü-raciət olunurdu və ətraflı cavablar alınırdı. Bu gün Maarif müəllim haqqında yazmağımın səbəbi qəlbinin nazildiyi, ömrünün kövrək anında onu yada salmaq, dünyasına bir az sevinc qatmaq istəyimdir. Əvvəlcə Maarif müəllimin tərcümeyi-halına nəzər yetirək.
Maarif İbrahimov 1941-ci ildə Tərtər rayonunun Bayandur kəndində anadan olub. 1948-1955-ci illərdə Xoruzlu kənd 7 illik əsas məktəbində, 1955-1958-ci illərdə Qaradağlı kənd orta məktəbində oxuyub. Gənc Maarif oxumaq– təhsil almaq arzusu ilə yolunu Azərbaycan Pedaqoji Universitetinə salır.
Xoşbəxtlik elə ilk ildən onun üzünə gülür, universitetin fizika fakültəsinə qəbul olur. Universitet həyatı başqa tələbələr kimi onu yetişdirir, elmin sirlərinə yiyələnir. Bu illərdə ilk müstəqil uğurunu qazanır. Universiteti müvəffəqiyyətlə bitirib doğma Tərtər rayonuna təyinat alır. O zaman həm təhsil səviyyəsinə görə fərqlənən, həm də təcrübəli müəllimlərin çalışdığı məktəblərdən biri olan 2 saylı tam orta məktəbində işləməli olur.
Gənc müəllim, rayonda öz biliyi ilə seçilən tanınmış pedaqoqlar və bir də şagirdlər. Bunlar Maarif müəllimi qorxutmadı. Elə ilk gündən öz bacarığı ilə müəllim və şagirdlər arasında sevildi. Onun savadı, işgüzarlığı, işinin öhdəsindən gəlməsi məktəb rəhbərliyinin və iş yoldaşlarının diqqətindən yayınmadı. Hər şeydən öncə tədris etdiyi fizika fənnini şagirdlərə sevdirməsi, bunun üçün təcrübəli müəllimlərin iş üsullarından istifadə etməsi onun püxtələşməsinə səbəb oldu. Hətta məktəbdə yaratdığı fənn kabineti öz dolğunluğu ilə fərqlənirdi.
Bütün bunlarla bərabər Maarif müəllimdə olan təşkilatçılıq bacarığı hər kəsin diqqətini çəkirdi. Məhz bunun nəticəsi idi ki, onu təşkilatçı müavin vəzifəsinə təyin edirlər. Bu vəzifədə o, 12 ildən artıq çalışmışdı. Şagirdlərin təlim-tərbiyəsində, dünyagörüşlərinin formalaşmasında Maarif müəllimin keçirdiyi çox-saylı müxtəlif səpkili tədbirlərin böyük rolu olurdu. Maarif müəllim təşkilatçı müavin vəzifəsini şəhər 6 saylı orta məktəbində də davam etdirməli olub. Çünki bu tədris müəssisəsi yeni istifadəyə verilmişdi. Odur ki, burada yüksək təşkilatçılıq bacarığı ilə çalışıb təhsil ocağının tanıdılmasına və yüksək nəticə əldə edilməsinə nail olunmalıydı. Bunu Maarif müəllim bacarmışdı. Öz təşkilatçılıq və təlim-tərbiyə üsulları ilə məktəbin adını birincilər sırasına çatdırmışdı.
Maarif müəllim təhsil sahəsində daim yenilikləri öyrənən və bunları işində tətbiq edən bir pedaqoq olub. Bütün gücü ilə şagirdlərin savadlanması və mükəmməl şəxsiyyət kimi formalaşmasına çalışırdı. Onun bu işgüzarlığı və təşkilatçılıq qabiliyyəti rayon təhsil şöbəsi rəhbərliyinin və rayonun müəllim ordusunun diqqətindən yayınmırdı. Məhz bu keyfiyyətləri nəzərə alınaraq onu 1977-ci ildə RTŞ yanında fəaliyyət göstərən “Metod kabinet”ə direktor təyin edirlər. Bu etimad Maarif müəlimin məsuliyyətini birə-on artırdı. O, məktəblərdə metodiki işlərin yüksək səviyyədə təşkilinə, ayrı-ayrı fənlərin səmərəli keçirilməsinə, dərslərin müasir tələblər səviyyəsində qurulmasına, təlimin texniki vasitələrindən istifadəyə, qabaqcıl təcrübənin öyrənilməsinə, rayon və respublika müəllimləri arasında yayılmasına xüsusi səylə çalışırdı. Odur ki, metod kabinetə rəhbərlik etdiyi 26 il müddətində onun iş üslubu və təcrübəsi Təhsil Nazirliyinin diqqət mərkəzində olub. Hətta nazirlik tərəfindən onun qabaqcıl iş təcrübəsini əks etdirən “Metodiki işin səmərəli təşkili”nə dair kitabca buraxılmışdır.
Maarif İbrahimov sıradan biri olan insanlardan deyildir. O, respublika müəllimlərinin üç qurultayının nümayəndəsi olub. Zəhməti “SSRİ maarif əlaçısı”, “Qabaqcıl maarif xadimi” döş nişanları, “Əmək veteranı” medalı, “Leninin 100 illik yubileyi” medalı, çoxlu sayda fəxri fərmanlarla mükafatlandırılıb. Maarif müəllim “Ali kateqoriyalı müəllim” dərəcəsinə layiq görülüb.
O, həm də nümunəvi ailə başçısıdır. Qayğıkeş ata və babadır. Maarif müəllim ömrünün ən gözəl çağını – ahıl yaşını yaşayır, necə deyərlər, əkdiyi bağın əhatəsindədir, övladlarının, nəvələrinin məhəbbəti və qayğısı ilə yaşayır, ailənin sevimli böyüyüdür. Bu fikirlə də yazımı tamamlamaq istəyirəm. Bütün evlərimizdən Maarif müəllim kimi ahıllarımız əskik olmasın, ocaqlarımız da, süfrələrimiz də böyüklərlə açılsın.
Elfuzə Vəliyeva