Son illərdə ölkəmizdə kənd təsərrüfatı sürətlə inkişaf edərək, qeyri-neft iqtisadiyyatının mühüm sahələrindən birinə çevrilmişdir. Aqrar sektorda həyata keçirilən islahatlar və yeni çağrışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərmişdir. Bu çərçivədə elektronlaşmanın tətbiqi, dövlət xidmətlərinin optimallaşdırılması, eləcə də səmərəli idarəetmə sisteminin qurulması aqrar sahədə keyfiyyət dəyişikliyini şərtləndirmiş və bu sahənin inkişafı üçün əlverişli imkanlar yaratmışdır.
Aqrar sektorun aparıcı və həlledici sahəsi olan kənd təsərrüfatında aparılmış islahatlar və görülmüş işlər öz bəhrəsini verməkdədir. Belə ki, kənd təsərrüfatının şaxələndirilməsi, spesifik və ixrac yönümlü məhsulların yetişdirilməsi, əkinçiliyin və heyvandarlığın inkişafı istiqamətində atılan addımlar, xüsusən bir sıra ənənəvi sahələrin, məsələn, baramaçılıq, tütünçülük, üzümçülük, pambıqçılıq və bu kimi sahələrin yenidən dirçəldilməsi kənd təsərrüfatının yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan verib.
Rayon üzrə 2021-ci ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 25550.6 hektar olmuşdur. Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 2020-ci ilə nisbətən 22 hektar və ya 0.1 faiz azalmışdır. Əkin sahəsinin 9017.7 hektarını və yaxud 35.3 faizini dənli və dənli paxlalı bitkilər, 5882.7 hektarını və yaxud 23 faizini texniki bitkilər, 1624 hektarını və yaxud 6.4 faizini kartof, bostan və tərəvəz bitkiləri, 9026.2 hektarını və yaxud 35.3 faizini yem bitkiləri təşkil etmişdir.
2021-ci ildə dənli və dənli paxlalı bitkilərin əkini əvvəlki ilə nisbətən 1865.1 hektar və yaxud 17.1 faiz, o cümlədən buğda əkini 761.9 hektar və yaxud 12.6 faiz, arpa əkini 1037.7 hektar və yaxud 22.8 faiz, digər dənli və dənli paxlalılar əkini 65.5 hektar və yaxud 23.1 faiz azalmışdır. Nəticədə 2021-ci ildə qarğıdalı nəzərə alınmaqla ilkin çəkidə 37221.7 ton dənli və dənli paxlalı bitkilərin məhsulu toplanmışdır.
Dənli və dənli paxlalıların tərkibində payızlıq buğda əsas yer tutur. Belə ki, istehsal olunmuş taxıl məhsulunun 61 faizini və ya 22699.9 tonunu buğda təşkil etmişdir. Taxılın 35.6 faizi və ya 13268.6 tonu arpa, 2.9 faizi və ya 1090.6 tonu qarğıdalının, 0.4 faizi və ya 162.6 tonu digər taxıl məhsullarının payına düşür. 2021-ci ildə dənli və dənli paxlalı bitkilərin hər hektarının orta hesabla məhsuldarlığı 41.1 sentner, o cümlədən buğdanın məhsuldarlığı 42.9 sentner, arpanın məhsuldarlığı 37.9 sentner, qarğıdalının məhsuldarlığı 51.6 sentner, noxudun məhsuldarlığı 25.5 sentner, lob-yanın məhsuldarlığı 51.1 sentner, soyanın məhsuldarlığı 20.2 sentner olmuşdur. 2020-ci ilə nisbətən dənli və dənli paxlalı bitkilərin məhsuldarlığı 1.2 sentner, buğdanın məhsuldarlığı 0.6 sentner, arpanın məhsuldarlığı 1.7 sentner, qarğıdalının məhsuldarlığı 0.9 sentner artmışdır. 2021-ci ildə təkrar əkindən 143.4 ton dənli və dənli paxlalılar istehsal olunmuşdur ki, onun 112.6 tonu dən üçün qarğıdalı, 30.8 tonu darı olmuşdur.
2021-ci ildə 3440 hektar sahədə pambıq əkilmişdir. 2020-ci ilə nisbətən pambıq əkini 15.4 faiz azalmışdır. İl ərzində 10701.5 ton pambıq tədarük edilmişdir. Hər hektar pambıq sahəsində orta məhsuldarlıq 31.1 sentner olmuşdur. Pambığın hər hektarından orta məhsuldarlığına görə Tərtər rayonu ölkə üzrə üçüncü yerdə olmuşdur.
2021-ci ildə rayonda 111.2 hektar sahədən kondinsiya çəkidə 2836.4 ton şəkər çuğunduru istehsal edilmişdir. Hər hektardan orta məhsuldarlıq 285.8 sentner olmuşdur.
2021-ci ildə rayonda 2331.5 hektar dən üçün günəbaxan əkilmişdir. İl ərzində 6294.4 ton günəba-xan istehsal olunmuşdur. Hər hektardan orta məhsuldarlıq 26.4 sentner olmuşdur.
Kartof kənd təsərrüfatı məhsullarının istehsalında mühüm yer tutur. 2021-ci ildə 413 hektar kartof sa-həsindən 4667.4 ton kartof istehsal edilmişdir. Hər hektar kartof sahəsindən orta məhsuldarlıq 2020-ci ilə nisbətən 0.1 sentner artaraq 113 sentnerə çatmışdır.
2021-ci ildə rayonun təsərrüfatlarında 16381.4 ton müxtəlif növ tərəvəz istehsal edilmişdir. Onun 15851 tonu əsas əkindən (1210 hektar), 436 tonu təkrar əkindən (37.8 hektar), 94.4 tonu (1 hektar) istixana kompleksində istehsal edilmişdir. Hər hektar tərəvəz sahəsindən orta məhsuldarlıq əvvəlki ilə nisbətən 1.4 sentner və ya 1.1 faiz artaraq 131 sentner olmuşdur.
2021-ci ildə 56.1 hektar yeni salınmış meyvə bağları və giləmeyvə əkmələri də nəzərə alınmaqla 1658.4 hektar, o cümlədən bar verən yaşda 1472.4 hektar meyvə bağları və giləmeyvə əkmələri mövcud olmuşdur ki, həmin meyvə bağlarından 13649.6 ton meyvə və giləmeyvə toplanmışdır. Yeni salınmış meyvə bağlarının 15.1 hektarı intensiv meyvə bağlarıdır. Yeni salınmış meyvə bağlarının 15.1 hektarı şaftalı, 34 hektar xurma, 6 hektarı alça,1 hektarı gilas bağlarıdır.
Hesabat ilində rayonda 7.1 hektar üzümlük mövcud olmuşdur ki, onun hamısı bar verən yaşdadır. Həmin sahələrdən (talvar üzümü də daxil olmaqla) 793.4 ton üzüm yığılmışdır.
Rayonda heyvandarlığın inkişafını təmin etmək üçün təsərrüfatlarda 9026.2 hektar yem bitkiləri əkilmişdir. Yem bitkilərinin 124.7 hektarı birillik otlar, 8901.5 hektarı çoxillik otlar olmuşdur. 2021-ci ildə 107416.6 ton quru ot və 2270.8 ton yaşıl kütlə tədarük edilmişdir. Çoxillik otların hər hektardan orta məhsuldarlığı əvvəlki ilə nisbətən 0.1 sentner artaraq 119.7 sentner olmuşdur.
Bundan başqa 2021-ci il-də rayonun təsərrüfatlarında 1696000 ədəd meyvə və 63700 ədəd dekorativ bitki tingləri yetişdirilmişdir.
2021-ci ildə rayonda 382.8 hektar sahədə təkrar əkin aparılmışdır ki, onun 54.3 hektarı dənli və dənli paxlalı bitkilər, 83.5 hektarı texniki bitkilər, 37.8 hektarı müxtəlif növ tərəvəz bitkiləri, 207.2 hektarı yem bitkiləri olmuşdur. Həmin təkrar əkin sahələrindən 143.4 ton dənli və dənli paxlalılar, 139.2 ton texniki bitkilər, 436 ton müxtəlif növ tərəvəz, 148.8 ton quru ot istehsal edilmişdir.
Tərtər Rayon Statistika İdarəsi