GƏLİN, GÜVƏNİLƏSİ QADIN OLAQ
Tez-tez internet səhifələrində hansısa qadının uşaqlarını, həyat yoldaşını qoyub başqası ilə qaçdığı, hətta sevgilisi ilə birləşib həyat yoldaşını qətlə yetirən qadınlar haqqında da xəbərlər oxuyuruq.
Xəyalən keçmişə – uşaqlığıma qayıdıram. Babam repressiya illərinin qurbanı olub, ge-cəylə aparılıb, ancaq nə öldüsündən, nə qaldısından xəbər çıxmayıb. Nənəm heç yerə getməz, ölü-diri yerinə gedəndə də tez evə qayıdardı ki, bəlkə “kişi gəldi, məni evdə tapmadı, birdən əsəbləşər, deyər ki, mən olmayanda elə sən qonşuları gəzmisən”.
Nə qədər ibrətamizdi, deyilmi? Həyat yoldaşı olmasa da onun adına layiq hərəkət etmək, özündən çox ona ləkə gətirəcək hərəkətləri fikirləşmək.
Yazımın əvvəlində həyat yoldaşını qoyub başqası ilə qaçanları ana yox, qadın adlandırdım. Çünki ana adı müqəddəsdir, çox uzaq olmayan keçmişimizdə müharibədə həyat yoldaşı şəhid olan elə ana-bacılar var ki, cəmi 3 günün, 1 ayın gəlini olublar. Ancaq sədaqətləri ömürlükdür.
Mən demirəm ki, kiminsə həyatı gətirməyibsə, yenidən ailə qurmasın, ancaq xəyanətlə deyil. Həyat yoldaşından ayrılıb, sonra ailə qursunlar. Bu gün həyat yoldaşını alçaldıb, evli ola-ola başqası ilə qaçan qadınları aparanlar, fikirləşmirlər ki, sabah da həmin qadın onları atacaq? Ailə müqəddəsdir. Xəyanət üstündə qurulan ailədə hansı müqəddəslik ola bilər?
Gənclərimiz belə ailələrdən hansı örnək götürə bilər?
Valideynlər tərbiyədə hansı səhvlərə yol verirlər ki, övladları onların adına layiq hərəkət etmir? Çox düşündürücü və utancverici haldır.
Vaxtilə bir rayonda 1-2 nəfər, nənəm demiş, “hədə-qadağadan çıxmış” kişi, yaxud qadın olardı. Bəs indi? Problem nədir? Sevib gedirlər, 1 aydan sonra ay-rılırlar.
Keçmişi demək olar ki, hər gün qamçılayırıq. Keçmişdə valideyn məsləhəti ilə ailə qurulurdu, ancaq mində bir ailə dağılırdı.
Məncə analar qızlarını ailə qurmağa hazırlamalıdır. Televizya kanallarında bir-birindən fərqli olmayan başqatan şou verilişlərinin yerinə maarifləndirici verilişlər olmalıdır, gənclər ailə dəyərlərini dərk etməlidirlər. Efirə elə insanlar çıxıb söz deməlidir ki, onların öz ailələri nümunəvi olsun, hərə öz həyatını yaşayıb, kağız üzərində evli olmasınlar ki, dedikləri sözün çəkisi olsun. Qeyrətsizin qeyrətdən, əxlaqsızın əxlaqdan dərs keçməyi, ailə dəyərlərindən danışmağı nə qədər gülüncdür. Ağlıma hardasa oxuduğum bir fikir düşdü: “Seviləcək qədər gözəl olmaqdansa, güvəniləcək qədər qeyrətli ol!”.
Məncə bu, bütün qadınlara aiddir. Qoy övladlarımiz bizdən sədaqəti, abır-həyanı, isməti, böyük-kiçik yeri bilməyi öyrənsinlər, qurduqları ailənin təməli möhkəm olsun.
Və bir də mənə elə gəlir ki, ailə dəyərlərini alçaldan hadisələri geniş işıqlandırmaq lazım deyil. Ancaq bizdə bu hadisələr, nəinki internet səhifələrində, hətta televiziya kanallarında da yayımlanır.
… Çalışaq həyatda güvəniləcək qadın olaq.
Hansısa filmdən belə bir ifadə yaddaşımda qalıb: “Siz qadınlar heç vaxt bilmirsiniz ki, biz kişilər nə üçün birini sevib, başqası ilə evlənirik”. Bəlkə bir az fikirləşək…
Svetlana Əzizova
Redaksiyadan: Çox aktual bir mövzudur. Bizə elə gəlir ki, oxucularımızın da bununla bağlı fikirləri olacaq. Necə edək ki, gənc ailələr dağılmasın, övladlar hər iki valideyni ola-ola yarımçıq ailələrdə bö-yüməsinlər. Axı, istər-istəməz bu, onların gələcək həyatına, beləliklə də cəmiyyətimizin inkişafına təsir göstərəcək. Məktublarınızı gözləyirik, əziz oxucular!