Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,521
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31Yan
    Ey payız meşəsi, xoş gördük səni!
    Ey könül həmdəmim, uzaqdan, salam!
    Ruhu asimanda, özü Vətəndə,
    Qəlbi sinəsində dustaqdan, salam!
    Palıdlar, cökələr, ağcaqayınlar
    Cevizlər, fıstıqlar, vənlər necədir?
    Yəqin dağdağanlar yenə qayğılı,
    Yəqin ki, çinarlar yenə ucadır…
     

    Hüsnündə gəzdimi Tanrı fırçası,
    Aləmi sardımı dilsiz bir heyrət?
    Hər yarpaq bir alov,bir od parçası,
    Özü möcüzədir ana təbiət.

     

    Durur xatirəmdə hər cığır, hər iz,
    Sinəmdə həsrətdən dağlar ucalır.
    Orda gözü yolda qalmısınız siz.
    Burda Meşəbəyi Zeynal qocalır.

     

    Başının üstündən durna qatarı
    Vida nəğməsiylə uçub getdimi?
    Qəflətən qopan bir payız rüzgarı
    Töküb yarpaqları xəzan etdimi?

     

    Qeyrətim olaydı, qaçıb gələydim,
    Dəyəydi sinəmə düşmən gülləsi.
    Sənin torpağını qucub öləydim,
    Dilimdə sonuncu “şükür” kəlməsi.

     

    Dərin dərələrdən süzülüb gələn
    Xəzəlli suların döndümü bala?
    Elatı perikən, ovçusu ölən
    O dağlar qaldımı yenə marala?

     

    Qanım çilənəydi al xəzəllərə,
    Tökdüyüm günahsız cüyür qanı tək.
    Ağaclar başıma fırlanaydılar,
    Fələyin amansız dəyirmanı tək.

     

    Misilsiz, qənirsiz meşə gözəli
    O ulas dururmu Almalı Şişdə?
    İstidə, quzeydə yatırmı əlik,
    Güneydə bənövşə bitirmi qışda?

     

    Hıçqırıb yuxudan qalxaydı gülüm,
    Anam yuxusunu qarışdıraydı.
    Vətən torpağında bəxtəvər ölüm,
    Məni taleyimlə barışdıraydı
                                                             Zabil Süleymanoğlu

    Müəllif: Redaktor, 08:59

İsmarıclar bağlıdır.