Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə ucaldılan abidə bürüncdəndir. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti 2019-cu ildə heykəlin hazırlanması üzrə açıq müsabiqə elan etmişdi. Müsabiqəyə təqdim olunan layihələr arasından Xalq rəssamı Xanlar Əhmədovun layihəsi qalib seçilib. Abidənin önündə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb.
Hacı Zeynalabdin Tağıyev gəlirinin xeyli hissəsini xeyriyyəçiliyə, doğma şəhərinin inkişafına və abadlaşdırılmasına sərf edir, istedadlı gəncləri xaricdə təhsil almağa göndərir, artistlərə sponsorluq edir. Bakıda müsəlman Şərqində ilk dünyəvi qız məktəbini açması onu zəmanəsinin ən mütərəqqi insanları ilə bir cərgəyə qoyur. O dövrdə müsəlman qızlar üçün müasir məktəbin açılması böyük cəsarət tələb edirdi. Çar üsul-idarəsi məktəbin açılmasına mane olur, cahil ruhanilər qızların oxuması ilə heç cür razılaşmırdılar. Məktəbin açılmasına icazə almaq üçün Hacı çariça Aleksandra Fyodorovnaya qiymətli hədiyyə bağışlayır və məktəbə onun adının verilməsini təklif edir. Nəhayət, məqsədinə çatır. Böyük maarifçi, Azərbaycanda ilk qəzetin – “Əkinçi”nin naşiri Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova məktəbə ilk direktor təyin olunur. Məktəbə qəbul edilən 58 qızın 35-i yoxsul ailədən çıxmışdı. Onların təhsil haqqını, yemək və geyim xərclərini Tağıyev öz üzərinə götürür. Da Bay adlı bir fransız Parisdə nəşr olunmuş kitabında Bakıda müsəlman qız məktəbinin açılmasını ağlasığmaz möcüzə adlandırırdı.
Tağıyev daha sonra Mərdəkanda bağçılıq məktəbi açır. Hacı Zeynalabdin Bakıda teatr binası tikdirir. Azərbaycan klassik musiqisinin banisi, böyük bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası 1908-ci il yanvarın 25-də bu teatrın səhnəsində oynanılır. İndi həmin binada Azərbaycan Dövlət Musiqili Komediya Teatrı fəaliyyət göstərir.
Müxtəlif nəşrlərin yazdığına görə, H.Z.Tağıyevin vəsaiti ilə ali tibb təhsili almış Nəriman Nərimanov hesablamışdı ki, mesenat xeyriyyə işlərinə qızıl pulla 1 milyon rubl xərcləyib. Bugünkü meyarlarla ölçülsə, həmin məbləğ yüz milyonlarla dollara bərabərdir. Xeyirxah ürəyinə və nəcib işlərinə görə Tağıyevi xalq arasında “El atası” adlandırırdılar. Bakıda müsəlman, rus, erməni və yəhudi xeyriyyə cəmiyyətləri Hacını fəxri sədr seçmişdilər.
Nəcib və xeyirxah insan H.Z.Tağıyev zəmanəsinin ən varlı şəxsiyyətlərindən sayılsa da, o dövrdə ondan da varlılar var idi. Hacının isə ən böyük varı xalqına böyük məhəbbəti, millətinin inkişafı idi. Bunun üçün o, bütün imkanlarından, mal-dövlətindən və sərmayəsindən istifadə edirdi.
O, Azərbaycan iqtisadiyyatının birtərəfli inkişafına qarşı çıxaraq yüngül sənaye müəssisələrinin işə salınmasına, bank, ticarət sektorunun inkişafına böyük zəhmət çəkmişdir.
Bir sahibkar kimi onun fəaliyyəti bu gün iqtisadiyyatımızı, sahibkarlığı inkişaf etdirənlər üçün əsl nümunədir. Hacının xeyriyyəçilik fəaliyyəti çox sadə və sağlam prinsiplərə əsaslanırdı. Hacının Duma üzvü kimi fəaliyyətinin də bir ali məqsədi var idi: xalqına, onun tərəqqisinə xidmət. Hacı Zeynalabdin Tağıyev varidatının yarısını xalqının maariflənməsinə sərf etmişdi.
Hacı Zeynalabdin Tağıyev yüzlərlə azərbaycanlı gənclərin Rusiyaya və Avropaya göndərməklə onların təhsil xərcini öz üzərinə götürmüşdür. Həmin o tələbələrin arasında Əziz Əliyev də olmuşdur. Əziz Əliyev qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində doğulmuşdur. O da Tağıyev kimi kasıb ailədən idi, oxumaq istəyirdi. Tağıyevə məktub yazıb xahiş etmişdi ki, ona maddi kömək göstərilsin. Tağıyev də onu təbii ki, tanımırdı, sadəcə olaraq, bir gəncin təhsilə olan belə marağını nəzərə alaraq ona pul göndərmişdir və Əziz Əliyev bu pul hesabına o vaxt Sankt-Peterburq Hərbi Tibb Akademiyasında oxumuşdur. İkinci Dünya müharibəsində onu Bakıdan Dağıstana ezam etmişlər. Bir neçə il Dağıstanın rəhbəri vəzifəsində işləmişdir və dağıstanlıları sürgündən xilas etmişdir.
Mahaçqalada dağıstanlıların təşəbbüsü ilə Əziz Əliyevin abidəsi ucaldılmışdır.
Bu gün isə müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri davam edib, geniş vüsət almışdır. Bu sahədə ən böyük xeyriyyəçi nəinki Azərbaycanda, Cənubi Qafqazda Heydər Əliyev Fondudur. 2004-cü ildən ictimai qurum kimi fəaliyyət göstərən Heydər Əliyev Fondu xeyirxah və humanist insani dəyərlərə tapınaraq ümummilli liderin zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması və təbliği istiqamətində ardıcıl iş aparır. Fondun çoxşaxəli fəaliyyəti nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda da yüksək qiymətləndirilir.
Heydər Əliyev Fondu dünyada məşhur tarixi şəxsiyyətlərin adını daşıyan, uzun illər fəaliyyət göstərməsinə baxmayaraq, işi sırf xeyriyyəçiliklə məhdudlaşan analoji qurumlardan tamamilə fərqlənir. Yaradılarkən çoxlarının yalnız xeyriyyəçilik yönümündə fəaliyyət göstərəcəyini zənn etdiyi fond zaman baxımından qısa müddətdə reallaşdırdığı çoxşaxəli layihələrin miqyası ilə gözlənildiyindən xeyli böyük amalları uğurla gerçəkləşdirmişdir. Fond qısamüddətli fəaliyyəti dövründə ümummilli liderin zəngin dövlətçilik irsinin öyrənilməsi, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafına xidmət edən layihələrin reallaşdırılması, milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşdırılması, gender bərabərliyinin təmini, sivilizasiyalararası dialoqun təşviqi, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xüsusən də Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyinin beynəlxalq aləmdə dəstəklənməsi istiqamətində son dərəcə uğurlu nəticələrə imza atmış, böyük ictimai rəğbət qazanmışdır.
Müharibədən sonra yaradılmış Qarabağ Dirçəliş Fondu və “YAŞAT” Fondu Azərbaycanda xeyriyyəçilik ənənələrin inkişafına xidmət edir. Xeyriyyəçilik ənənələri davam edir və cəmiyyətdə çox yüksək qiymətləndirilir. Azərbaycan vətəndaşları, eyni zamanda, şirkətlər könüllü olaraq həm Qarabağ Dirçəliş Fonduna, həm “YAŞAT” Fonduna vəsait təqdim edirlər və bu vəsait hesabına bu gün yüzlərlə qazi həm Azərbaycanda, həm xaricdə müalicə alır, həyata qayıdır, öz sağlamlığını bərpa edir.