Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Yan

                 Azərbaycanın iqtisadi inkişafı artıb, yeni dünya düzənində rolu yüksəlib

    Bu il – “Şuşa ili”ndə Prezident İlham Əliyev ilk müsahibəsini yerli televiziya kanallarının jurnalistlərinə verib. Bu müsahibədə həm ölkəmizin iqtisadi inkişafı, həm də Azərbaycanın yeni dünya düzənində yeri barədə suallara ətrafalı cavab verilib.

    İlk suala cavab olaraq Prezident İlham Əliyev 2021-ci ildə Azərbaycanın iqtisadi sahədə qazandığı uğurlardan danışıb. Qeyd edib ki, ötən il ölkəmizdə iqtisadi artım 5 faizdən çox olub və bu, müharibədən çıxmış ölkə üçün çox yaxşı göstəricidir. Ən sevindirici hal odur ki, qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb.
    Dövlət başçısı bildirib ki, həm ümumi sənaye istehsalımız 5 faizdən çox artıb, həm də qeyri-neft sənayemiz 20 faizə yaxın artıb. Bu onu göstərir ki, ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar öz bəhrəsini verməkdədir, həm də qeyri-neft sektorunun inkişafında gözlənilən nəticələr əldə olunur.
    Keçən il ölkə üzrə xərclərin çox olmasına, iri investisiya layihələri icra olunmasına baxmayaraq, valyuta ehtiyatlarımız 2,5 milyard dollar artıb.
    Ölkə başçısı bildirb ki, bu ilin büdcəsi tarixdə ən böyük büdcə olacaq. Büdcə xərcləri təxminən 30 milyard manata çatacaq. Müharibədən çıxmış ölkə üçün bu rəqəmlər çox yaxşı göstəricidir. Prezident İlham Əliyev deyib: “Bu il həm investisiya layihələri icra ediləcək azad olunmuş torpaqlarda, həm də ölkəmizin bütün yerlərində islahatlar davam etdiriləcək. Bu islahatların nəticələrini biz görürük”.
    Qeyd olunub ki, ölkəmizdə gedən saflaşma və şəffaflıq siyasəti bütün sahələrdə özünü göstərir.
    Əhalinin sosial rifah halının, maddi güzəranının daha da yaxşılaşdırılması ilə bağlı suallara cavab olaraq ölkə başçısı deyib ki, iqtisadi və sosial sahədə siyasətimiz bir-birini tamamlayır. Azərbaycanda sosial sahə daim diqqət mərkəzindədir, bu sahəyə daim xüsusi diqqət göstərilir.
    Qeyd olunub ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da, nümunəvi sayıla bilər. Bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib, 7400 avtomobil verilib.
    Eyni zamanda şəhid ailələrinin sosial təminatı da yaxşılaşır. Onlara nəzərdə tutulmuş müavinətlərin məbləği müntəzəm olaraq artırılır.
    Bu il işğaldan azad olunan ərazilərdə hansı işlərin görülməsi sualını cavablandıran cənab İlham Əliyev deyib ki, bu, çox böyük proqramdır və görüləsi bütün işləri sadalamağa çox vaxt lazımdır. Bu proqramın özəlliyi ondadır ki, Azərbaycan heç kimdən yardım istəmədən və almadan öz vəsaiti hesabına bunu həyata keçirəcək. Bu işlərdə ardıcıllıq olmalıdır. İlk növbədə ərazilərin minalardan təmizləmə işləri aparılmalıdır. Bu işlər görülmədən genişmiqyaslı qayıdış proqramının həyata keçirilməsi mümkün deyil. İlk növbədə infrastrukturun keçdiyi yerlərin təmizlənməsindən başlanılıb və bu işlər sürətlə gedir. Digər tərəfdən baş planı hazır olan şəhərlərin də minalardan təmizlənməsi prosesi sürətlə gedir. Xüsusilə Şuşa və Ağdam şəhərlərinin.
    Ordu quruculuğu ilə bağlı suala ətraflı cavab verən Prezident İlham Əliyev deyib: “İşğal faktı nəzərə alınmaqla hərbi quruculuq məsələləri mənim gündəliyimdə həmişə birinci dərəcəli yer tutub. Bu mövzu həm mənim iş qrafikimdə, həm açıq çıxışlarımda, həm də həmkarlarımla əlaqələrimdə həmişə üstünlük təşkil edib. Təbii ki, bu mövzu bütün xalqı birləşdirdi və biz hamımız Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etməyə çalışmışıq. Təsadüfi deyil ki, biz dövlət büdcəsini nəzərdən keçirən və hazırlayan vaxt mən həmişə göstəriş verirdim ki, ən böyük xərclər hərbi quruculuq üçün ayrılmalıdır”.
    Ermənistanda hələ də revanşist əhval-ruhiyyə ilə yaşayan qüvvələrin mövcud olduğunu bildirən cənab İlham Əliyev deyib: “… əgər bizim təhlükəsizliyimizə azacıq da olsa təhdid görsək, bu təhdid harada, Ermənistanın ərazisinin hansı dərinliyində olsa da, biz onu dərhal sadəcə məhv edəcəyik. Bunu hamı, ilk növ-bədə, Ermənistan rəhbərliyi bilməli və başa düşməlidir”.
    Qeyd edilib ki, görülən tədbirlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri İkinci Qarabağ müharibəsi dövründə nümayiş etdirildiyindən daha güclü olacaq.
    Daha sonra Prezident İlham Əliyev Azərbaycanın Ermənis-tana təklif etdiyi sülh müqaviləsi, ATƏT-in Minsk qrupunun fəaliyyəti, Zəngəzur dəhlizi, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri və digər suallarla bağlı geniş və əhatəli cavablar verib.

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 12:03

İsmarıclar bağlıdır.