Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Yan

    Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə.
                                                                                                                                       Heydər ƏLİYEV, Ümummilli Lider

    1990-cı ilin 20 Yanvar hadisələri… Yaşından asılı olmayaraq, hər bir azərbaycanlı bu faciəni kədər və qürur hissi ilə qarşılayır.
    1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26 min nəfərlik Sovet ordusu Azərbaycanın Bakı və Sumqayıt şəhərlərinə, eləcə də ölkənin digər şəhərlərinə yeridildi. Bu hərbi müdaxilə nəticəsində 147 mülki şəxs qətlə yetirildi və 744 nəfər ağır xəsarət aldı. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçuların 82 nəfəri amansızcasına qətlə yetirilmiş, 20 nəfəri ölümcül yaralanmışdır. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.
    Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycanın rayonlarında 841 nəfər qanunsuz həbs olunmuşdur, hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işciləri və polislər olmuşdular.
    Bu hadisələrdən əvvəl– 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı əsassız iddiaları, keçmiş Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətindəki radikal ermənilərin aqressiv separatçılıq fəaliyyəti, SSRİ rəhbərliyinin bu fəaliyyətə dəstək verməsi, yüz minlərlə azərbaycanlının zor gücü ilə və qəddarcasına Ermənistandan deportasiya edilməsi Azərbaycanda Sovet hökumətinə qarşı hərəkatın genişlənməsinə təkan vermişdir.
    Ümumxalq hərəkatının qarşısını almaq və Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə ölkəyə yeridilən Sovet ordusu beynəlxalq hüququn normalarını, keçmiş SSRİ və Azərbaycan SSR-nin konstitusiyalarını pozaraq, dinc əhaliyə qarşı görünməmiş qırğın törətmişdir.
    Faciəvi hadisələrdən dərhal sonra Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək, bu vəhşiliyi kəskin şəkildə pisləmiş, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etmişdir. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-ci il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilmiş və müzakirələrin yekunu olaraq həmin ilin martında 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar qəbul edilmişdir.
    Təəssüf ki, üzərindən 32 il keçməsinə baxmayaraq, hələ də beynəlxalq təşkilatlar tərəfindən 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməyib.
    Bu gün Azərbaycanın müstəqilliyi uğrunda, habelə ölkəmizin suverenliyi və ərazi bütövlüyü naminə canından keçən qəhrəman şəhidlərimizin ruhu rahatlıq tapıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu onilliklər ərzində düşmənin işğalı altında qalan ərazilərimizi azad edib, ərazi bütövlüyü bərpa olunub.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:56

İsmarıclar bağlıdır.