Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Yan

                                               MİLLİ RUHUMUZ, QÜRURUMUZ BƏRPA EDİLDİ

    Hamımız yaxşı xatırlayırıq ki, pensiyada olan Heydər Əliyev faciə baş verəndən dərhal sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlmişdi, öz etiraz səsini ucaltmışdı. O vaxt Sovet İttifaqının çökməsinə hələ iki il vaxt qalırdı. Biz o vaxt Sovet İttifaqının rəhbərliyinə qarşı açıq ittihamları, demək olar ki, çox nadir hallarda görürdük. Bu, böyük cəsarət tələb edirdi. Heydər Əliyev həmişə olduğu kimi, o ağır günlərdə də xalqla bərabər, birlikdə idi.
                                                                                                İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

    1990-cı il 20 Yanvar hadisələri adətən faciə və hüzn günü kimi qeyd edilir. Ona görə ki, həmin gün dinc insanların qırğını baş vermişdi, günahsız sakinlərin qanı tökülmüşdü. Yanvarın 20-də baş verənlər insanlıq tarixinin dəhşət saçan səhifələrindən biri idi. Ulu Öndər Heydər Əliyev baş vermiş qırğına dərhal reaksiya vermiş, özünün sərt münasibətini bildirərək hadisənin milli qırğın səviyyəsində işıqlandırılmasını təmin etmişdir. Bəlkə də belə olmasaydı, 20 Yanvar hadisələri unudulub tarixin bir küncünə atılacaqdı. Ancaq bu gün arxaya dönüb 32 il əvvələ baxanda nə görürük? 20 Yanvar hadisələri bir xalqın ayaqda durmaq istəyinin nə qədər güclü olduğunu, onun müstəqil yaşamaq haqqını necə müdafiə etdiyini və bütün bunlar üçün əli silahlı quldurun qarşısına çıxaraq şəhid olmağın, həm də ölümsüzlüyün nə qədər uca və şərəfli olduğunu göstərdi. Bu yüzlərlə il əvvəl də belə idi, indi də belədir. Babəkin “Qırx il kölə kimi yaşamaqdansa bir gün azad yaşamaq yaxşıdır” fikrinin məntiqi davamını biz min illər boyu əcdadlarımızın işğala, əsarətə boyun əyməyərək ölümün üstünə necə məğrur getməyində görmüşük. “20 Yanvar”ı törədənlər ölkədə qarışıq vəziyyət yaradaraq torpaqlarımızın işğal edilməsinə, soydaşlarımızın məcburi köçkün halına salınmasına bais olmuşlar. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xilaskar olaraq ölkəni işğal vəziyyətindən qurtarması, xalqı vahid ideologiya altında birləşdirməsi və cənab Prezident İlham Əiyevin həmin ideyaları uğurla davam etdirməsi milli ruhu bərpa etmiş, tarixi qəhrəmanlıq ənənələrini davam etdirmişdir.
    Bu ideologiya xalqın düşüncə tərzinə elə hopmuşdur ki, 30 illik işğal faktı nəinki unudulmuş, əksinə, düşmənə nifrət ildən-ilə artmış və qisas hissi ilə tərbiyə olunmuş gənc nəsil formalaşmışdır. 44 günlük müqəddəs Vətən müharibəsi dövründə gənclərin göstərdiyi fəallıq, ordu-xalq birliyi düşmənə nifrət hissinin nə dərəcədə güclü olduğunu göstərdi. Cənab Ali Baş Komandanın böyük sərkərdəlik qabiliyyəti, ordumuzun şücaəti və güclü xalq dəstəyi ilə torpaqlarımız işğaldan azad edildi. Şuşa geri qaytarıldı. Düşmən təslim edildi. Bu böyük Qələbə idi. Bununla düşmən ordusu haqqında yaradılmış süni mif məhv oldu. Birinci Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin qisası alındı, tökülən qanlar yerdə qalmadı.
    Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş torpaqlara müntəzəm səfərləri, orada quruculuq və abadlıq işlərinin aparılması məcburi köçkünlərin köçkünlük həyatına son qoyaraq onların daha müasir yaşayış və həyat şəraiti ilə təmin edilməsinə gətirib çıxaracaqdır. Cənab İlham Əliyev çıxışlarında artıq Qarabağ münaqişəsinin bitdiyini və insanların normal həyata dönüşünün vaxtının çatdığını dəfələrlə bildirmişdir. Bu, uzun müddət ərzində aparılan dəqiq, müdrik və gələcəyə hesablanmış siyasətin nəticəsində mümkün olmuşdur. Xalqın rifahı əsasında düşünülmüş və həyata keçirilmiş islahatlar ölkəmizin firəvan gələcəyindən xəbər verir. “Dəmir Yumruq” simvolu təkcə müharibə simvolu deyil, həm də xalqımızın birlik simvoluna çevrilmişdir. 20 Yanvar hadisələrinin otuz ikinci ildönümü ərəfəsində şəhidlərmizə Allahdan rəhmət diləyir, onlarla qürur duyuruq. Vətənimizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən hər bir şəhid xalqımız üçün müqəddəs and yeridir.

    Rəşad Qarayev,
    Qaraağacı kənd tam orta məktəbinin direktoru

    Müəllif: Redaktor, 10:14

İsmarıclar bağlıdır.