Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Yan

    20 Yanvar hadisələri baş verəndə, biz paytaxtdan uzaqdaydıq. Ancaq Bakının küçələrində şütüyən tankların səsi, atılan güllələr, insanların fəryadı ürəklərimizdə əks-səda doğururdu. Düzdü, Bakı ilə əlaqəmiz yox idi. Qəzetlər çıxmırdı. Radio və televizya işləmirdi.
    İnsanlar rabitə qovşağına axışaraq orada baş verən hadisələr, Bakıda yaşayan qohumları haqqında telefonla xəbər almağa çalışırdılar. Telefon əlaqəsi yaratmaq da çox çətin idi.
    Həmin günləri həm də milli şüurumuzun oyanışı kimi qəbul etmək lazımdır. Çünki məhz “Qara Yanvar”da vətəndaşlar Sovet hökumətinin azərbaycanlılara qarşı apardığı ayrıseçkilik siyasətinə qarşı etiraz səslərini qaldırdılar. Nə tanklar, nə də Bakı küçələrində atılan yandırıcı güllələr millətin haqq səsini boğa bilmədi.
    O zaman Azərbaycanda yaşayan bütün millətlər illər uzunu səcdə etdiyimiz sovet ordusunun terroruna məruz qaldı. Atılan güllələr azərbaycanlılarla yanaşı rusların, yəhudilərin, qocaların, uşaqların həyatına son qoydu.
    Bu yalnız faciə deyildi, bizi bugünkü Qələbəmizə çatdıran, azadlığımızı, müstəqilliyimizi əbədi edən bir yolun başlanğıcı idi.
    Yalnız paytaxtda deyil, Azərbaycanın bütün bölgələrində insanlar etiraz səslərini ucaldırdılar. Şəhərimizdə indi “Saat qülləsi” adlanan yerdə həmin illərdə tribuna vardı və bayramlarda, müxtəlif tədbirlərdə insanlar onun qarşısına toplaşardılar. “Qara Yanvar”da tərtərlilər bu tribunanın önünə gələrək öz partiya biletlərini atırdılar. Onlar nə vəzifələrini itirməkdən, nə də başqa cəzadan qorxurdular.
    Bundan sonrakı I Qarabağ müharibəsində və atəşkəs dövründə insanlar əsil qəhrəmanlıq göstərərək, düşmənə qarşı ləyaqətlə mübarizə apardılar.
    44 günlük Vətən müharibəsi bu mübarizənin qalibiyyətli yekunu ol-du. Biz şəhidlər verdik, yaralılarımız oldu, amma bununla belə, dərindən nəfəs alaraq, ayaq üstə qürurla, vüqarla dayandıq. Qalib xalq olmağın sevincini yaşadıq.
    Şəhidlərimizin qisası yerdə qalmadı. Şəhid qanına boyanmış Bakı küçələrində indi qalib xalqın bəxtəvər övladları qürurla addımlayırlar. Şəhidlər Xiyabanına insan axınının ardı-arası kəsilmir. Vətən üçün canlarından keçənlər heç zaman unudulmur.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:57

İsmarıclar bağlıdır.