Rayonun körpələr evi-uşaq bağçalarında 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə şənliklər keçirilib. Balacalar yolkanın ətrafına toplaşaraq Şaxta babaya, Qar qıza şeirlər söyləyib, mahnı oxuyub, səhnəcik göstərib, onlarla birgə rəqs edib, şənləniblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov körpələr evi-uşaq bağçalarında keçirilən şənliklərdə iştirak edib. O, çıxış edərək körpə fidanları qarşıdan gələn bayram münasibəti ilə təbrik edib, ən xoş arzularını çatdırıb.
İcra başçısı qeyd edib ki, bugün uşaqlar daha xoş-bəxt, daha sevinclidirlər. Çünki onlar qalib ölkənin vətəndaşlarıdırlar.
Sonra icra başçısı Azərbaycanda uşaq siyasətinin əsasının Ulu Öndər tərəfindən qoyulduğunu, onun uşaqları sonsuz məhəbbətlə sevdiyini, uşaqlara böyük diqqət və qayğıyla yanaşdığını, “Uşaqlar bizim gələcəyimizdir”,-dediyini dilə gətirib.
Bildirilib ki, bu gün bizə Ümummilli Liderin miras qoyduğu ənənələr Ulu Öndərin ən layiqli davamçısı cənab İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən davam etdirilir.
Şənliklərdə çıxış edən şəhər 4 saylı körpələr evi-uşaq bağçasının müdiri Samirə Paşayeva, 5 saylı körpələr evi-uşaq bağçasının müdiri Nigar Məmmədova dövlət tərəfindən uşalqara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, körpələr evi-uşaq bağçalarında uşaqların sağlam böyüməsi üçün hər cür şərait yaradılıb.
Tədbirlərdə rayon rəhbəri balaca fidanlarla xatirə şəkilləri çəkdirib.