Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07Yan

    Şəhid Abbasov Elvin Şamil oğlu əslən Umudlu kəndindəndir. Birinci Qarabağ müharibəsi zamanı ailəsi Ağdərə rayonunun Umudlu kəndindən məcburi köçkün düşüb. Bərdə rayonunun Hacılı kəndində yaşasalar da, Tərtər rayonu Umudlu kənd inzibati ərazi dairəsində qeydiyyata götürülüblər. Elvin Abbasov isə 1993-cü il mayın 6-da Tərtərdə anadan olub. Orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidməti uğurla başa çatıb. Hərbidə olan nizam-intizam qulluq müddətində Elvini özünə cəlb edib, orduda xidmət etmək marağı yaradıb. Əsgəri borcunu verib qayıtdıqdan az sonra müddətdən artıq xidmətə yazılır. Daxili qoşunların “N” saylı hərbi hissəsində xüsusi təyinatlı dəstədə baş çavuş kimi fəaliyyət göstərir. Vətən müharibəsi başlayanda artıq 8 il idi ki, müddətdən artıq xidmət edirdi. Bu müddətdə hərbi işi daha mükəmməl mənimsəmişdi. Yarasalar adlandırılan bölükdə ona xüsusi ad verilmişdi –“Boyka” adı ilə tanınırdı. Döyüş hazırlığı və hərbi bacarığı ilə fərqlənirdi “Boyka”.
    Tarixə Vətən müharibəsinin ilk günü kimi yazılan 27 sentyabr 2020-ci il. Elvin Abbasov şiddətli döyüşlərin getdiyi əraziyə – Cəbrayıl istiqamətinə göndərilir. Onun döyüş yolu Cəbrayıldan, Xocavənddən, Zəngilandan, Daşaltıdan, Hadrutdan keçib. Bu ərazilərdə güclü döyüşlərdən öz şücaəti ilə çıxıb “Boyka”.
    Polad Həşimovu tanıdığı üçün onun şəhid olması çox pis təsir edirdi Elvinə. Ona görə də qatıldığı hər bir döyüşdə uğur qazananda, onun heyfini aldığını düşünürdü. Noyabrın 7-də komandanlıq tərəfindən xüsusi tapşırıq verilir bölüyə: Laçın dəhlizi alınmalıdır. Artıq 4 gün idi ki, “Boyka” öz döyüş yoldaşları ilə hündür qayaları, aşırımları keçirdilər. Deyilən mövqeyni almaq çətin olsa da, döyüşü yarımçıq qoymaq olmazdı. Bu 4 gündə Milli Ordunun döyüşçüləri də yüksək fədakarlıq göstərmişdilər. Onlar düşmənin fikrini başqa səmtə yönəldərək deyilən mövqeyə çatmaları üçün yarasalara şərait yaratmışdılar. Demək olar ki, burada pulemyotla və əlbəyaxa döyüşlər gedirdi. Düşmənin təminat bazasına daxil olaraq ermənini məhv etmək əmri alan “Boyka” canavar kimi döyüşürdü. Hətta qardaşı Elçinlə danışanda yaralı olduğunu bildirməyib. 3 güllə yarası alsa da, döyüşü dayandırmayıb, pulemyotla döyüşünü davam etdirib. Yoldaşları təkid etsələr də, sərrast atıcı olduğu üçün əməliyyatın yarımçıq qalmasını istəməyib. Elə yaralı halda mövqeini dəyişərək düşmənin diqqətini yayındırmağı bacarıb. Tapşırıq yerinə yetirildikdən sonra döyüş yoldaşları şəhid “Boyka”nı ərazidən çıxararaq, 10 noyabrda ailəsinə təhvil verdilər.
    Elvin Abbasovun göstərdiyi bütün qəhrəmanlıqlar 7 noyabrda başa çatdı. Lakin onun Vətən uğrunda göstərdiyi şüçaət – erməni maşınını yandıraraq 57 ermənini məhv etməsi və digər qəhrəmanlıqları agızlarda dastana döndü. Onun igidliyindən fəxrlə danışıldı. Elvin Abbasov tarix yazan şəhid oğullarımızdan biri olaraq Hacılı kənd qəbristanlığında uyuyur.
    Şəhid eloğlumuzu həsrətlə xatırlayan doğmaları arasında ata-anası ilə bərabər həyat yoldaşı Nərgiz və iki azyaşlı qızı – Aylin və Sevil də var. Hələ bu qızlar çox kiçikdirlər. 4 və 1 yaşyarımında olan qızlar böyüdükcə, atalarının qəhrəmanlıqları ilə tanış olduqca qürur duyacaqlar. Atalarını qəhrəman olaraq xatırlayacaqlar. Elvin Abbasov ölümündən sonra göstərdiyi şücaətə görə “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
    Elvinin şəhid olduğu gündən 1 ildən çox vaxt ötüb. Bu müddətdə uğura doğru bəzi dəyişikliklər olub. Qızları bir az böyüyüblər, baba və nənələri ilə yaşayırlar. Həyat yoldaşı Nərgiz Gəncə Dövlət Universitetində təhsil alır, işlə təmin olunub. Hər bir uğurdan öndə isə uğrunda canından keçdiyi torpaqlarda indi böyük quruculuq işləri gedir, şəhid qanı ilə suvarılmış torpaqlar laləzara çevrilir.

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 12:30

İsmarıclar bağlıdır.