AĞAC KÖLGƏSİ
Yolçular artıq xeyli yol qət etmişdilər. El yolu nə qədər maraqlı, ətraf nə qədər mənzərəli olsa da, yorğunluq hiss edilməkdə idi. Bir tərəfdən də isti onları təntidir, aclıq hissi baş qaldırırdı. Döngəni burulanda yolun solunda, meşənin ətəyində qayalara söykənmiş üçbucaq şəkilli bir düzəngah göründü. Ortalıqda qol-budaqlı bir agac da vardı.Yaxınlaşanda gördülər ki, agacın kökgəsində qırmızı daşların arasından bir bulaq çağlayır. Deməli, bu Daşbulaq idi və Sərsəngə lap az, kəndə isə yeddi-səkkiz kilometr qalırdı. Əl-üzlərini yudular, bulağın sərin suyundan doyunca içdilər. Ağacın dibindəki daşların üstündə oturub dinclərini almağa başladılar. Düzəngahda qayanın dibinə bir köç düşmüşdü. Səyyar alaçıq qurulmuşdu. Alaçığın yanında bir qadın sac asıb yuxa bişirirdi. Qadın birdən sacın arxasından qalxdı. Sonra əlində bir ağ bükülü onlara yaxınlaşdı. Əlindəki süfrəni onların qənşərindəki yastı daşın üstünə açdı və dinməzcə də qayıdıb getdi. Yolçular isti yuxaya bükülmüş qoyun pendirini ləzzətlə yeyib qalxdılar və yollarına davam etdilər. Heç kim heç nə demədi. Sözə ehtiyac yox idi. Mənzil Umudlu kəndinə idi. Təyinat almış bu iki gənc müəllim gəlib Umudlu məktəbinə yetişdilər. Onların ömür yolları dogma məktəbin ömür yoluyla qoşalaşaraq 1991-ci ildən davam etdi.
Mən bu kəndin övladı, fanatı və vurğunuyam. Onun çöllərini, dağlarını, çaylarını, bulaqlarını, səmasını, ab-havasını tükənməz bir məhəbbətlə sevirəm. Amma etiraf edim ki, ən çox sevdiyim meşələridir.
Meşələr insanların ilk sığınacaqlarından biri olub, onları qışın boranından, yayın istisindən qoruyub, ovu-quşu, meyvə-giləmeyvəsi ilə yedizdirib. Meşələr planetimizin ağ ciyərləri, onun oksigen təminatçısıdır. Meşələr güclü küləklərin qarşısını alır, torpağı eroziyadan qoruyur, səhralaşmağa sədd çəkir. Buzlaqlarla yanaşı çayları qidalandırır, onların axınının sabitliyini təmin edir. Meşəli ərazilərin iqlimi mülayim olur. Meşələrin, tikinti və mebel materialları mənbəyi olaraq, böyük sənaye əhəmiyyəti var.
Yaşadığım Ağdərə rayonunun ərazisinin (1705 km2) 44 faizi (750 km2) meşələrdən ibarətdir. Bu meşələrdə palıd, qoz, fısdıq, cökə kimi sənaye əhəmiyyətli ağaclarla yanaşı ulas (vələs), xan çinarı, ağcaqayın, göyrüş, armud, alma, yemişan, pırnıq, dağdağan, yastıyarpaq, ayıgilası, murdarça, əzgil, fındıq, ardıc ağacları bitir. Bu meşələr zəngin meyvə və giləmeyvə ehtiyatlarına malikdir. Heyvanlar aləmi ayı, qaban, canavar, tülkü, porsuq, cüyür, kirpi, oxlu kirpidən ibarətdir. Hərdən vaşaq da görünür, Göygöl qoruğundan adlamış maral da. Dağ keçiləri qışda qışlaq olaraq meşəyə pənah gətirirlər. Meşə ətəklərində qırqovul da çoxdur.
Meşələrdə səhər quşların möhtəşəm simfoniyasıyla açılır. Gün əyiləndə qarato-yuq (misilsiz nəğməkar!) uca bir məkanda uca bir ağacın şah budağında qərarlaşıb axşam dəsgahına başlayır.
Meşə möcüzəli bir aləmdir. Onun qucağı behişt, havası loğmandır. Meşəyə girəndə ruhun və əsəbin dincəlir, ciyərlərin sanki süzgəçdən keçib təmizlənir. Varlığını bir rahatlıq və əmin-arxayınlıq çulğayır. Elə bil əriyib təbiətə qarışırsan, onun bir parçası olursan. Ağaclar sənə təbəssüm edir, şirin bir pıçıltıyla səninlə həmsöhbət olur. Doy-maq olmur bu söhbətin şəhdindən. Meşədən çıxanda özünü anadan yenidən doğulmuş kimi hiss edirsən .
Haşiyə: Bir dəfə məktəbə gələndə kollektivi həyəcanlanmış gördüm (onda biz 6 № lidə yerləşirdik). Dərs hissə müdiri Məcid müəllim bildirdi ki, məktəbə təzə təyin olunmuş riyaziyyat müəllimi, gənc bir xanım bizə “meşədən çıxmışlar” dedi, bizi təhqir etdi. Mən gülümsəyib dedim ki, o bizi təhqir etməyib, təqdir edib.
Mən bununla demək istəyirəm ki, bizdə meşəyə münasibət elə də isti, ədəbiyyatımızda isə mövzu aktual deyil. Rus yazıçısı Leonid Leonovun “Russkiy les” (Rus meşəsi) roman-epopeyasını oxuyanda meşəyə olan rəğbət və məhəbbət insanı heyrətə gətirir.
Meşə yayda behiştdir, qışda isə əzəmətli bir ağ sükut. Bahar və payız meşəsi isə əsl möcüzə və sirlər aləmidir.
Kəndimiz dağlıq olsa da düzənlik bir vadidə qərar tutub. Ətrafını meşəli dağ-lar amfiteatr kimi dövrələyib.
Yazda meşə yarpaqlayır, mas-mavi bir libasa bürünür. Zümrüd meşələrin, su sonası Sərsənggölün, bahar səmasının mavilikləri bir-birinə çulğaşaraq əsrarəngiz, təsvirəgəlməz bir gözəllik yaradır. Dünya maviliyə qərq olur. Nərgizlər meşənin torpağını əlvan xalıya çevirir.
Payızda saralan yarpaqlar meşədə milyon çalarlı bir rənglər qamması yaradır ki, ən kamil bir rəssam belə bu mənzərə qarşısında mat və heyran qalar, heyrətdən gözləri böyüyər. Xəzan başlar, xəzəl topuğa qədər örtər yeri. Xəzəllənmiş axar sular bala dönər. Bəy qızı ixtiyar nənəm (Gümüş nənəm) məni Arxanadan su gətirməyə göndərər.
Xəzəl tökülmüş axar sulardan içib ölümsüzlüyə qovuşmaq istərdi adam, olmasaydı ölümün gözəlliyi.
Sözardı:
Hafizəmdən silinmir o yerlər. Ağaclar bir-bir yaddaşımdadır. Cavanlıqda göylərə baş çəkən Ulu Ocaq Çinar və dibindəki bulaq, Kilsəliyə gedən yolun sağındakı əzəmətli palıd, Göy qayanın üstündəki nazlı cökə, Qalanın şişindəki azman qarağac, Top meşədəki surçaq armud, Cığalan aşırımındakı qədd-qamətli yastıyarpaq, Almalı şişdəki san-ki qələmlə çəkilmiş ulasmeşə gözəli, Torağayın dərəsində Dərmanbulağa gedən yolun çivarında yallı gedən qırx metrlik gümüşü fıstıqlar getmir gözümdən…
Sevdinizmi meşəni? Qəlbinizdə onu görmək, duymaq, qoynuna dalmaq istəyi yarandımı?
Sizin ona münasibətinizdən asılı olmayaraq o Sizi hər zaman xoş qarşılamağa və bağrına basmağa hazırdır.
Kölgəli olasınız!
Zabil Süleymanoğlu