44 günlük Vətən müharibəsində ermənilərin ən çox atəşə tutduqları rayonlardan biri bizim Tərtər idi. Təsadüfi deyil ki, buranı “ikinci Stalinqrad” adlandırırlar. İnsanlar evlərində, küçələrdə, hətta öz doğmalarını dəfn edərkən qəbristanlıqda həlak olur, yaralanırdılar. Evlər dağılır, küçələr, obyektlər, müəssisələr bərbad hala düşürdü. Lakin qəddar düşmən istəyinə nail ola bilmədi. Respublika Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın sonsuz qayğısı və diqqəti sayəsində qəhrəman tərtərlilər müharibədən sonrakı dövrdə həm əmək meydanında, həm tikinti-quruculuq işlərində daha böyük həvəslə çalışaraq, bir sıra uğurlara imza atıblar.
ƏN UNUDULMAZ HADİSƏ
Cari ilin oktyabr ayının 3-də ölkə başçısı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Tərtər rayonuna səfəri rayon sakinləri üçün ilin ən yaddaqalan hadisəsidir.
Dövlətimizin başçısının Tərtər rayonunun Talış kəndində və Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaltması şəhid analarının yaralı ürəklərinə bir məlhəm oldu. İllərlə bu torpaqların həsrəti ilə yaşayan insanların qəlbini sevindirdi, qurub-yaratmaq, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərində yorulmadan çalışmaq əzmini artırdı.
Səfər zamanı dövlətimizin başçısı Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını etdi. Doğma yurdlarından məcburi köçkün düşən insanlar 30 ildən çox bir müddətdə bura həsrətlə baxaraq, nə zaman həmin yollarla geri dönəcəkləri barədə düşünmüşlər. Prezidentimiz həmçinin Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoydu.
Dövlətimizin başçısının dəmir yumruğu və Şanlı Azərbaycan Ordusunun şücaəti sayəsində işğaldan azad olunmuş ərazidə “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyalarının açılışı da 2021-ci ilin mühüm, unudulmaz hadisələrindəndir.
2021-ci ildə şəhərimizdə müharibə nəticəsində dağılmış minlərlə ev bərpa olunaraq, yenidən sakinlərin istifadəsinə verilib. Bunların bir qismi tamamilə yenidən inşa olunub, digərlərində isə təmir işləri aparılıb. Belə evlərdən biri də şəhər sakini Sahib İsmayılovun evidir.
Oktyabrın 3-də rayonumuza səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin “Smerç” raketləri ilə hücumu nəticəsində Sahib İsmayılovun dağılmış evinə baxıb və onun yerinə inşa edilən yeni evdə yaradılan şəraitlə tanış olub.
Sahib İsmayılov deyir ki, möhtərəm Prezidentimizlə görüş onun və ailəsinin hə-yatının ən yaddaqalan və əlamətdar hadisəsidir.
Qarşıdan gələn yeni ili ailə dövlətimiz tərəfindən tikilən yeni evdə qarşılayacaq.
30 ildən çox bir müddətdə biz Yeni ili qarşılayarkən torpaqlarımızın azad olunması arzusunu dilə gətirirdik. Şükürlər olsun ki, u arzular artıq çin olub. Bunu reallığa çevirən isə müzəffər Azərbaycan Ordusu, Qalib Sərkərdə İlham Əliyev və xalq-iqtidar birliyidir.