“ATAMIZA LAYİQ ÖVLAD OLACAĞIQ”
Müharibə başlayanda, Azər 4 övladını və həyat yoldaşını Bakıya göndərmişdi. Düşünürdü ki, belə daha yaxşı olar. Yoldaşı Nailə xanım deyir ki, döyüşlərarası imkan tapdıqca zəng vururdu. Çox nikbin danışırdı. Onun səsindəki sevinc hissi hamıya sirayət edirdi. Hətta uşaqlar da həyətdə oynayanda yoldaşlarına deyirdilər ki, tezliklə atamız torpaqlarımızı azad edib, Qələbə ilə geri dönəcək. Bu fikri Azər körpəlikdən uşaqlarına aşılamışdı. Hər dəfə işdən evə gələndə onlara deyirdi: “ Dağları görürsünüz? Tezliklə biz o yerləri ermənilərdən təmizləyəcəyik. Qarabağ azad oluna-caq. Bu yükü sizin çiyinlərinizə qoymayacağıq”.
Anası ilə son görüşü isə oktyabrın 15-də oldu. Esmira xanım söyləyir ki, Azər çox fikili idi. O, heç vaxt oğlunu belə görməmişdi. Hətta bundan əvvəl üç dəfə yaralananda da, əhvalını pozmamışdı. Azər bildirməsə də, ana hiss edirdi ki, qarşıda onu çox gərgin döyüş gözləyir. Dönə-dönə ailəsini, uşaqlarını tapşırır, söhbəti-söhbətə calayırdı. Ana da oğlunun hər kəlməsini səbirsizliklə yaddaşına köçürürdü. Sanki bilirdi ki, bir daha bu söhbətlər yalnız onun xatirələrində yaşayacaq…
Azər ayrılıb gedəndən sonra Esmira ana gecəni yata bilmədi. Oktyabrın 16-a keçən gecə idi. Səhərə yaxın saat 4-də isə onu dərin yuxu apardı. Məhz bu vaxt oğlu ananın son xeyr-duasını eşitmək üçün ona zəng vurmuşdu. Amma Esmira ana telefonunu açmadı.
Səhərisi Suqovuşandakı döyüşün əks-sədası hər yana yayıldı. Artıq səhər saat 5-dən bütün qohumlar Azərə zəng vurmağa başladılar. Amma heç bir xəbər yox idi. Düz 14 gün ərzində qardaşı, anası, doğmaları bir soraq almaq ümidi ilə hər yanı gəzdilər. Nəhayət, döyüşün gedişi barədə bütün məqamlar öyrənildi. Ailəyə bildirildi ki, müddətdən artıq xidmət edən döyüşçü Azər Qasımov Suqovuşan uğrunda gedən gərgin döyüşlərdə komandiri Ramil Hacıyevin köməyinə çatmaq istəyərkən özü də qəhrəmancasına şəhid olub. Həmin vaxt onun sonbeşik övladı Gülay 3 ay 10 günlük idi.
Bu yaxınlarda şəhidin ailəsində olub, doğmaları ilə görüşdük. Azərin doğum günü idi. Belə bir gündə kənd camaatı, onun təhsil aldığı məktəbin kollektivi və rayon təhsil şöbəsinin işçiləri ailəni tək qoymamışdılar. Onun 4 övladının – Yaqubun, Ayanın, Yusifin və hələ dünyamızı dərk etməyən, ancaq indidən şəhid övladı olmağının qürurunu yaşayan balaca Gülayın gözlərində kədərlə yanaşı atalarının unudulmadığından doğan məmnunluq hissini də gördük. “Mən də böyüyəndə əsgər olacağam,” – deyən Yusif də, Yaqub da, Ayan da atalarına layiq övlad olacaqlarını bildirdilər.
Yaqub dedi:
–Bizim atamızın dədə-baba yurdu Kəlbəcərdir. O, həmişə bizə deyirdi ki, o torpaqlar azad olunanda sizi ora aparacağam. Allahın yaratdığı bütün gözəlliklər bu torpaqda var. Atam nəinki Kəlbəcəri, bütün Qarabağımızı azad görmək istəyirdi. Bu gün o bizim yanı-mızda olmasa da, ruhu şaddır, çünki şəhidlərimizin intiqamı alınıb.
Şəhidin xalası Adilə xanım isə bildirdi ki, Azər 2014-cü ildən orduda xidmət edirdi. Aprel döyüşlərinin də iştirakçısı olub. Dəfələrlə yaralansa da, yenidən döyüşlərə qatılırdı. Sağlığında şan-şöhrəti sevməzdi, hətta onu şəkil çəkdirməyə də məcbur edə bilmirdik. Zahirən sadə idi, amma qəlbində bir alov, düşmənlərə qarşı güclü nifrət vardı. Müharibə Azərin vətənpərvərlik hisslərini daha da gücləndirərək, tarix yazan qəhrəmana çevirdi və bütün xalqa tanıtdı.
Rayon təhsil şöbəsinin müdir əvəzi Nuranə Abdullazadə isə bildirdi ki, Vətən müharibəsi qəhrəmanlarının gənc nəslə tanıdılması, onların həyatının, keçdikləri döyüş yolunun öyrənilməsi daim təhsil işçilərinin diqqət mərkəzində saxlanılır.
Rayon rəhbərliyi hər bir şəhidin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinin problemlərinin həllinə qayğı ilə yanaşır. Azərin yaşadığı Ələsgərli kəndində onun adına bulaq inşa olunub, indi isə ailə üçün hər cür şəraiti olan ev tikilir.
Şəhidin qardaşı Fuad dedi:
– Bir zamanlar Azəri bu kənddə tanıyırdılar, indi onu xalqımız tanıyır və sevir. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə Azər Qasımov “Ordunun 100 illiyinə görə” və ölümündən sonra “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub. Müzəffər Ali Baş Komandanımızın dəmir yumruğu və mənim qardaşım kimi igid oğulların hesabına bu gün Qarabağımız azaddır və burada böyük işlər görülür. Şəhid ailələrinə ən böyük təsəlli də elə budur.
Svetlana Bağırova