Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Dek

    Şəhidlik hər kəsə nəsib olmayan ən uca zirvədir. Hətta müharibələrdə də nəsib olmur bəzi insanlara. Şəhidliyi ömrün sonrakı yaşamı hesab etmək olar. Bəzi insanlar dünyalarını dəyişdikdən bir müddət sonra unudulur, yaddan çıxır. Şəhidlər isə heç zaman unudulmur, insanların xatirələrində əbədi yaşayırlar. Elə Vətən müharibəsi şəhidləri kimi.
    44 günlük Vətən müharibəsi şəhidlərindən biri də Aslanov Xəyal Qüdrət oğludur.
    Xəyalın ata-anası I Qarabağ müharibəsində doğma yurd-yuvalarından didərgin düşənlərdən olub. Mənfur ermənilərin vəhşiliyinə tab gətirə bilməyərək, Ağdərə rayonunun Kərəmli kəndindən qaçqın düşüb, Tərtərdə məskunlaşıblar. Çardaxlı kənd inzibati ərazi dairəsində qeydiyyata götürülüblər. Xəyal 1994-cü ildə Tərtərdə doğulub. Şəhər 5 saylı tam orta məktəbdə ilk təhsilini alıb. Ailədə 2 övlad – 1 qardaş, 1 bacı olublar, Xəyal və Xəyalə.
    İllər bir-birini əvəz edirdi. Ata-ana oğlunun böyüməsinə baxdıqca fəxr edirdi. Qüdrət də, Nəzakət də rayonumuzun camaatı ilə doğmalaşmışdılar.
    Xəyalın əsgəri xidmətə getmə vaxtı çatmışdı. Əsgəri borcunu Naxçıvandakı “N” saylı hərbi hissədə yerinə yetirirdi. Əsgər yoldaşlarına və hərbi hissəyə elə öyrəşmişdi ki, il yarımın necə keçdiyini bilmədi. Hərbçi həyatı onu özünə çox bağlamışdı. Odur ki, yenidən hərbiyə dönmək, hərbçi olmaq qərarına gəlmişdi.Ağdam rayonundakı hərbi hissələrin birinə gizir kimi qayıtdı və ərzaq anbarına rəis təyin olundu.Təhsil almaq üçün Bakı şəhərində TTM-də 6 aylıq kurs keçərək könüllü ön xəttə getməyə yazılır. Çox çəkmir ki, Xəyalı taqım komandirinin müavini təyin edirlər. Bölməsində xidmət edən əsgərlərin və zabit yoldaşlarının sevimlisinə çevrilmişdi. Onun bölüyü Aprel döyüşlərində uğurla iştirak etmişdi. Necə deyərlər, əsgərlərinin birinin də burnu qanamamışdı. Həmin vaxt nümunəvi xidmətinə görə komandanlıq tərəfindən vəzifəsi dəyişdirilərək kəşfiyyatın operator komandiri təyin edilir. Qısa bir müddətdən sonra Xəyal Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan “Mübariz” postuna komandir təyin edilir. Anası Nəzakət güllə dəymiş mobil telefonu göstərib deyir: – “Bir gün postda olarkən əsgərinin xəstəliyini tibb məntəqəsinə xəbər verən zaman əlində tutduğu bu telefona ”5-45” avtomatının gülləsi dəyib”.
    Ana həmin telefonu Xəyalın əşyalarının içərisində yadigar saxlayır.
    27 sentyabr 2020-ci il. Vətən müharibəsinin ilk günü. Xəyal döyüşə həmlə taborunun taqım komandiri kimi qoşulub. Elə həmin gün anası ilə telefon əlaqəsi saxlayıb. Nigaran qalmaması üçün Naftalan şəhərində postda dayandığını bildirib, anasına heç nə deməyib, atasıyla danışıb: “Sizin torpaqlarınızdayam, buralar nə gözəl yerdir!” – deyib. Vaxt az olduğu üçün atası ilə də çox danışa bil-məyib. Xəyalın döyüşü çox çəkməyib. Nə atasına dediyi gözəl yerləri doyunca görə bilib, nə də bu yerlər uğrunda döyüşünü davam etdirib. Elə həmin gün minaatan qəlpəsindən aldığı yaradan şəhid olub. Sentyabrın 28-də nəşi gətirilərək Sarıcalı kənd qəbristanlığında ata baba-nənəsinin yanında dəfn olunub.
    Bu gün Xəyaldan yadigar qalan 2 oğlu – 4-5 yaşlarında Umud və Uğur, bir də arzuları pərən-pərən olan həyat yoldaşı Nərmin var.
    Nəzakət ana təkcə şəhid anası kimi göz yaşı axıtmırdı. O, həm də şəhid bacısıydı. 1993-cü ildə qardaşı, tələbə Həsənov Natiq Ağalar oğlunu birinci Qarabağ müharibəsində itirmişdir. O, göz yaşlarını saxlaya bilmirdi. “O vaxt həm də yurd-yuvamızdan olduq. İndi isə Xəyalın yas mərasimini evimizdə verə bilmədik. Erməninin ilk gündə atdığı top mərmisi evimizi dağıtmışdı. İndi şükür, dövlət tərəfindən evimiz təmir olunub. Xəyalın övladlarını da burada böyüdəcəyik. “Şəhidlər anaların əsərləridir, qəhrəmanlıq əsərləri”, – söylədi Nəzakət ana.
    Azərbaycanın 2-ci Mübarizi adını qazanmış şəhid Xəyal Aslanov ölümündən sonra “Döyüşdə fərqlənməyə görə”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Şəhid qəhrəmanımızın və onun əsgərlərinin adına xatirə bulağı inşa edilib. Şəhid Xəyal Aslanov da unudulmayacaq, xatirələrdə yaşayacaq, həmişə yad olunub, adı Vətənin qəhrəman oğulları ilə birgə anılacaqdır.
    Ruhun şad olsun, şəhid!

    Elfuzə Camalqızı

    Müəllif: Redaktor, 09:01

İsmarıclar bağlıdır.