Tərtər Rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanları rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının, kənd sakinləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi ehtiramla yad edilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Milli Məclisin deputatı Sahib Alıyev çıxış edərək, ötən il sentyabrın 27-də başlanan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıblar. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi, böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd edilib. Bildirilib ki, Vətən müharibəsində Tərtər rayonuna 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Ancaq tərtərlilər bir gün də öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər verilsə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.
Tədbirdə məktəblilər Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər. Sonra şəhidlərin xatirəsinə ucaldılmış abidənin üzərindən ağ örtük götürülüb. Tədbir iştirakçıları abidənin önünə tər gül-çiçək dəstələri düzüblər.
Şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.