TƏRTƏR– AZƏRBAYCANIN “STALİNQRADI”
Harada yaşadığımıza baxmayaraq, doğulduğumuz, böyüdüyümüz yer həm vətənimiz sayılır, həm də o yer bizim üçün çox əziz və doğma olur. Mənim üçün də Tərtər belə əzizdir Tərtər çox səfalı, barlı-bərəkətli torpağı, saf suyu, füsünkar təbiəti ilə başqa rayonlardan seçilir. Rayonumuzun içərisindən keçən Tərtər çayı isə ona başqa bir gözəllik verir. Əbəs deyildir ki, Aleksandr Düma Tərtər haqqında belə demişdi: “Yalnız Tərtəri görməyənlər İsveçrəni görməkləri ilə qürrələnə bilərlər”. Rayonumuzun həm təbiəti, həm ərazisi, həm yerləşdiyi coğrafi mövqeyi mənfur qonşularımızı həmişə narahat edib. 30 ilə yaxın idi ki, Tərtər erməni quldurları ilə 48 km təmas xəttində yerləşirdi. Birinci və İkinci Qarabağ müharibəsi dövründə düşmənlərimiz nə qədər çalışsalar da, Tərtəri işğal edə bilmədilər. Əksinə, Tərtər bir çox yaşayış məntəqələrini ermənilərdən təmizlədi.
Müharibə adı gələndə ilk ağıla gələn – dağıntı, günahsız insan ölümü, vəhşilik – bunlar olur. Müharibə yer üzərinə və insanlığa qarşı törədilən ən qəddar bir cinayətdir. Mənfur xislətli, daima gözləri bizim yurd yerlərimizdə olan qaniçən ermənilər illərdir ki, bizimlə düşmənçilik edirlər. Ancaq 27 sentyabr 2020-ci ildə törətdikləri təxribat onlara çox baha başa gəldi. Necə deyərlər, bizim ordumuz onların başına od ələdi, 44 günün içərisində bütün torpaqlarımızı azad etdilər. Onları torpaqlarımızdan qovdular, Prezidentimizin təbirincə desək, “iti qovan kimi”. Təbii ki, bu haqq savaşı itkisiz, dağıntısız başa gəlmədi.
Vətən müharibəsi zamanı ən çox dağıntıya, atəşə məruz qalan rayonlarımızdan biri də Tərtər rayonudur. Düşmən döyüş meydanında ordumuzla bacara bilmədiyi üçün mülki əhalinin yaşadığı məntəqələri atəşə tuturdu. Rayonumuzun növbəti dəfə atəşə tutulması müharibənin ilk günündən başlandı. Birinci Qarabağ müharibəsi zamanı qaçqınlar üçün inşa edilən Şıxarx qəsəbəsi raket atəşinə məruz qaldı. Bundan sonra rayon mərkəzi də daxil olmaqla kəndlərimiz atəşə məruz qaldı. Bununla bizləri qorxutmağa çalışırdılar. Ancaq müharibənin ilk günündən son gününədək Tərtər camaatı bir gün də olsa öz evlərini tərk etmədilər. Tərtərlilər də ordumuzla çiyinciyinə arxa cəbhədə vuruşdular. Tərtərlilər əsgərlərimiz üçün yemək hazırlayır, həkimlərimiz yaralı əsgərlərimizə kömək edir, kimisi təkər yığıb səngərlərə daşıyır, uşaqdan böyüyə kimi hər kəs dövlətimizin, ordumuzun arxasında mərd dayanırdı. İtkilər versək də, yaşayış məntəqələrimizə ziyan dəysə də, sosial obyektlərimiz düşmən tərəfindən atəşə məruz qalsa da, bu, bizi qorxutmdı, əksinə, güclü etdi. Erməni quldurları rayonumuza qadağan olunmuş raketlər də atırdılar. Rayonumuzun təhsil müəssisələrini, mədəniyyət evini atəşə tuturdular. Onlar o qədər təbiətən qəddardılar ki, cəbhə zonasından xeyli uzaqda yerləşən yaşayış məntəqələrimizi və dinc əhalini də atəşə tuturdular. Öz qaniçənlikləri ilə bir daha Tərtər şəhər qəbristanlığında doğmalarını dəfn edən insanları oktyabrın 15-də atəşə tutmuş, həmin hadisə zamanı 4 mülki şəxs həlak olmuş, 4-ü isə müxtəlif dərəcəli xəsarət almışdı. Rayonumuzun Xoruzlu kəndini 24-ü oktyabrda atəşə tutmaqları nəticəsində məktəbli İsmayılov Orxan Rəhbər oğlu şəhid oldu. Seydimli kənd tam orta məktəbini atəşə tutmaqları nəticəsində fiziki tərbiyə müəllimi yaralanmış, Qapanlı kənd tam orta məktəbinin direktoru isə kontuziya almışdır. Düyərli kəndini atəşə tutmaqları nəticəsində rayonumuza ezam olunmuş jurnalistlər xəsarət almışlar. Ümumilikdə rayonumuzda müharibə dövründə 17 mülki şəxs şəhid olmuş, 63 nəfəri isə yaralanmışdı. Belə faktları çox göstərmək olar.
44 günlük Vətən müharibəsi dövründə erməni qüvvələri rayonumuzun ərazisinə 16277 müxtəlif tipli mərmi, 21 qadağan olunmuş raketlər atmışlar. Bunun nəticəsində 40 yaşayış məntəqəsi üzrə 3663 fərdi yaşayış evi, 83 çoxmənzilli binada 1741 mənzil, 301 qeyri-yaşayış sahəsi, ictimai iaşə müəssisəsi və 47 sosial obyekt ciddi ziyan görmüş, yaxud dağıdılmışdır. Tərtəri Azərbaycanın “Stalinqradı” adlandırmışdılar. Mənfur düşmənlərimiz nə qədər atəşə tutsalar da, rayonumuzu bizdən, bizi də rayonumuzdan aralaya bilmədilər. Birinci və İkinci Qarabağ müharibəsində qəhrəman kimi döyüşən, məğrur dayanan mənim Qəhrəman Tərtərim!.
Bu müharibədə Tərtər 43 hərbi şəhid verdi, 200-ə yaxın qazimiz var.
44 gün ərzində bombardmanlara, amansız atəşlərə, təcavüzə məruz qalan dağıntılarla üzləşən mənim Qəhrəman, yenilməz Tərtərim dövlətimiz tərəfindən yenidən dirçəlir, günü-gündən gözəlləşir. Artıq müharibənin izləri silinir, dağılmış evlər, obyektlər, inzibati və sosial binalar yenidən bərpa olunur. Tərtər daha da inkişaf edir, Qarabağın ən dilbər guşələrindən birinə çevrilir. Suqovuşanın, Talışın azad olunması rayonumuzun ərazisini bütövləşdirir. Hazırda Suqovuşanda görülən işlər rayonumuzda turizm potensialını artırır, illərdir suvarma suyu ilə bağlı problemləri həll edir. Bir neçə rayonun təsərrüfatları əvvəllər olduğu kimi bu sudan istifadə edəcək. Bu isə torpaqlarımıza yeni nəfəs gətirəcək.
İlahə Paşazadə