Tərtər Rayon içtimaiyyətinə və mətbuatına ağır itki üz verib. Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Mətbuat Şurasının üzvü, “Tərəqqi” medallı dövlət mükafatçısı, “Qızıl Qələm” və “Məmməd Araz” mükafatları laureatı, 8 kitabın, çoxlu sayda publisist və tənqidi məqalənin müəllifi, “Yeni Tərtər” qəzetinin baş redaktoru, Tərtər Bələdiyyəsinin üzvü, “Tərtərin səsi” ədəbi birliyinin sədri, Azərbaycan Jurnalistlərinin V və VI qurultaylarının nümayəndəsi, Yeni Azərbaycan Partiyası Tərtər Rayon təşkilatının üzvü Tofiq Yusif – (Hüseynov Tofiq Yusif oğlu) 2021-ci il noyabrın 29-da 71 yaşında vəfat edib.
Tofiq Yusif 1950-ci il aprel ayının 5-də Tərtər rayonunun Xoruzlu kəndində anadan olub. O, 1957-1960-cı illərdə Xoruzlu kənd məktəbində ibtidai sinfi, Dərələyəz mahalının Qovuşuq kənd məktəbində isə orta məktəbi medalla bitirib. 1967-1974-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun mühəndis-elektrik fakültəsini bitirib. 1981-1983-cü illərdə Marksizm-Leninizm Universitetinin fəlsəfə şöbəsində oxuyaraq siyasi ali təhsil alıb.
Tofiq Yusif ilk əmək fəaliyyətinə 1967-ci ildə Tərtər rayonunun yerli radio verilişləri redaksiyasında təşkilatçı-muxbir vəzifəsi ilə başlayıb.1970-1975-ci illərdə müəllim işləyib. 1977-1985-ci illərdə hərbi sənayedə çalışıb. Sonralar partiya, sovet, xalq nəzarəti orqanlarında fəaliyyət göstərib. 1991-1993-cü illərdə respublikanın “Salam”, 1996-1997-ci illərdə “Fədai” qəzetində çalışıb. 1990-cı ildən “Əmək Veteranı”dır.
Tofiq Yusif 1967-cı ildən dövrü mətbuatda bədii və publisist yazıları ilə çıxış edib. Azərbaycan Televiziyası və radiosu, muxtəlif qəzet və jurnallar onun yaradıcılığından bəhs edən ayrıca verilişlər və yazılar hazırlayıb. Şeirlərinə mahnılar bəstələnib, nəzirələr və cavablar yazılıb. “Bahar çiçəkləri” (1982) almanaxında, “Ədəbi İrəvan” toplusunun 2004-2009-cu illər buraxılışlarında, “Vedibasar” seriyasından olan kitabların bir çox cildlərində, Alı Səfolunun və Afiqə Alı qızının “Sazlı-sözlü Dərələyəz” kitabında (2004), Sərraf Şiruyənin “Hər görüş bir xatirədir” kitabında (2007) və s. onun yaradıcılığından nümunələr dərc olunub və haqqında yazılıb. 2005-ci ildən “Yeni Tərtər” qəzetinin baş redaktorudur.
Tofiq Yusifin “Bir taleyin göynəmləri”,”Tərtər şəhidləri”, “Tərtər inciləri”, “Qan iyi”, “Ömrümün payızı”, “Ölümlə üz-üzə”, “Mənsizləşmə fəlakəti” və “Vəhşilər” kitabları onun şair qəlbininin döyüntülərinin məhsuludur. Türkiyə Universitetləri Məzunlarının İçtimai Birliyi tərəfindən “Qan iyi” kitabının Bakı şəhərində, Beynəlxalq Mətbuat Mərkəzində geniş təqdimatı olub (2007, oktyabr). Əsərin qəhrəmanı xüsusi diplomla mükafatlandırılıb. Geniş yaradıcılıq qabiliyyətinə malik olan Tofiq Yusifin təkcə kitabları deyil, tənqidi və publisist məqalələri də böyük oxucu kütləsinin maragına səbəb olurdu. Şair-publisist yazıçının imzası təkcə Tərtər rayon oxucusuna tanış deyildi. Respublikanın bir çox rayonlarında onun şeir və məqalələri maraqla oxunub.
Müasir dövrümüzdə Tofiq Yusif milli mətbuatımıza ürəklə xidmət edən jurnalistlərdən olub. O, tələbkar redaktor olmaqla yanaşı, qayğıkeş, həssas bir insan olub. Tofiq müəllim insanda dürüstlüyə, nikbinliyə, ədəb-ərkana, yumora, ən başlıcası diqqətçilliyə dəyər verən olub. Onun dünyasında insan doğruçul, məsuliyyətli, bacarıqlı olmalıdır. Qələmə aldığı hər bir yazıda da bu xüsusiyyətlər açıq-aydın əks etdirilib.
Tofiq Yusif yaradıcılığı özünə, xalqına, vətəninə dəyər verən yaradıcılıq olub. Bunu şairin bütün publisistik yazılarından və poeziyasından görmək olardı. Onun bütün yazılarında Vətən sevgisi, ailə dəyərlərinin qorunması üstünlük təşkil edib. O, həm də dərd yazarı olub. Bunu onun yaradıcılığından xəbəri olan hər kəs duya bilər, anlaya bilərdi. Onun poetik dünyası əlindəki “Qızıl Qələm”indən bütün yazılarına çilənmişdi.
Çalışdığı yerli qəzetdə Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçıları – şəhid və qazilər haqqında yazılara önəm verib. Bütün bunlar Tofiq Yusifin xalq arasında tanınmasına və sevilməsinə səbəb olub. Bu gün onun xatirəsi dərin hüznlə xatırlanır.
Allah rəhmət eləsin!
Tərtər Rayon İcra Hakimiyyəti ,
Tərtər Rayon Asaqqallar Şurası,
Tərtər rayon içtimaiyyəti.