Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Noy

                                                               ŞƏHİDİN ƏMANƏT ÖVLADI

    Bəzən düşünürəm kaş insanın elə bir idrakı olaydı ki, doğulduğu gündən ölənədək olacaqlardan əvvəlcədən xəbər tutub həyatını öz gücü, ağılı ilə tənzimləyə bilərdi. Amma çox heyf! Əvvəli də, sonu da bilmək yalnız Allaha məxsusdur. Ömrü verən də, qisməti bölən də Odur. Alın yazısından yan keçmək olmur. Elə şəhid Məmmədov Elman Bəhman oğlunun alın yazısı kimi.
    Elman Məmmədov 1991-ci ildə Borsunlu kəndində anadan olub. Qayğısız, şən keçən uşaqlıq illəri quş qanadlı oldu. Orta məktəb həyatı, sonra Vətənə xidmət borcu. Ötüb-keçən illərin hər biri xatirəyə çevrilirdi. Nə tez böyüdüyünü, ürəyinə sevdiyi qızın eşqinin necə dolduğunu özü də bilmədi. 26 yaşına çatanda: “vaxtdır” – deyə, evlənmək qərarına gəlir. 5-il sevdiyi Xanım adlı qızla ailə qurur. Xoşbəxt günləri, gələcək həyatları barədə xoş xəyallar qururlar. Lakin qarşıdakı olacaqlardan heç kimin xəbəri yox idi. Nə Elman, nə də Xanım ağılarına gətirmirdilər ki, onları hansısa bədbəxtlik ağuşuna alacaq, qurduqları xoşbəxtlik xəyalları elə xəyal olaraq qalacaq. Təkcə gözəl günlərin nişanəsi oğulları Adəm qalacaq.
    Heç bir il tamam olmamış Elmanın həyat yoldaşı Xanım dünyasını dəyişir, körpə oğlu Adəm nənəsinin-babasının himayəsində qalır. Bu itki Elmanın dincliyini pozur. Həm də balaca Adəmi anasız görəndə heç özünə gələ bilmir. Bu dərdə tab gətirmək onun üçün çox çətin olur. Bir qədər düşünüb-daşındıqdan sonra 2020-ci ilin iyun ayından Beyləqan rayonunda “N” saylı hərbi hissədə müddətdən artıq hərbi xidmət etməyə yazılır, tankçı kimi fəaliyyətə başlayır. Hərbdə olduğu müddətdə şərəf və ləyaqətlə xidmət edir.
    27 sentyabr 2020-ci ildə 44 günlük müharibə başlayanda Elman da tankçı kimi döyüşlərə qatılır. Döyüş yolu Füzuli istiqamətində başlayıb. Ağır əməliyyatlarda qəhrəmanlıqla iştirak edir. Oktyabrın 3-də tank mərmisinin partlaması nəticəsində şəhid olur.
    Bu gün torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən yüzlərlə şəhidlərimizdən biri də Elmandır. Elmanın ən böyük arzusu Adəmi qayğısız böyütmək idi.
    Oktyabrın 1-də evlərinə görüşə gələrkən Adəmi valideynlərinə əmanət etmişdi. Bu gün isə şəhid igidimizin yadigarı olan Adəm bala bizlərə, dövlətimizə əmanətdir. Ot kökü üstə bitər. Gələcəkdə o da atası kimi vətənpərvər bir oğul olacaq. Böyüdükcə atasının keçdiyi döyüş yolunu öyrənib belə bir atanın övladı olması ilə qürur duyacaq!
    Hələ Elman Məmmədovun haqqında çox danışılacaq.
    Bu qəhrəman şəhidimiz Vətən müharibəsində göstərdiyi şücaətlərə görə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Vətən sizin kimi oğulları unutmayacaq!
                                                                                                                                                              Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 10:36

İsmarıclar bağlıdır.