İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan Silahlı Qüvvələri arasında, Şuşa şəhərinə nəzarəti əldə etmək uğrunda baş vermiş döyüş.
Şuşa və ətrafındakı dağlıq ərazi Qarabağ bölgəsindəki ən strateji əhəmiyyətli yerlərdən biridir, ümumiyyətlə bölgənin “döyünən ürəyi” adlandırılır. Şəhər XIX əsrin ortalarına qədər regionda yaşayan azərbaycanlı əhalinin mədəni və siyasi mərkəzi sayılırdı. Şuşa işğaldan azad edilənə qədər Erməni Həvari kilsəsinə bağlı Artsax Yeparxiyasının mərkəzi olmuş Qazançı kilsəsi şəhərdə yerləşdiyindən Şuşa ermənilər üçün dini əhəmiyyətə malikdir. Həmçinin, şəhər Qarabağda müdafiə onurğası rolunu oynayır, separatçılar tərəfindən paytaxt elan edilmiş Xankəndi şəhərini strateji Laçın dəhlizi vasitəsilə Ermənistanın Gorus şəhərinə bağlayır. Şuşa şəhəri 1992-ci ildə, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş və əhalisi məcburi köçkün düşmüşdür.
Cəbrayıl şəhərindən irəliləyən Azərbaycan qüvvələri oktyabrın ortalarında Hadrut qəsəbəsini ələ keçirmişdir. Onlar daha sonra şimala doğru irəliləyərək meşələri və dağ keçidlərini aşıb, Şuşa rayonuna daxil olmuşdur. Şuşa müharibənin başlanğıcından bəri bombardman altında olmasına baxmayaraq, yalnız 29 oktyabrdan şəhər yaxınlığında lokal döyüşlər başlamışdır. Azərbaycan qoşunları Çanaqçı kəndini işğaldan azad etmiş, ardından da strateji Şuşa-Laçın yolunun bir hissəsinin nəzarətini ələ keçirmişdir ki, erməni qüvvələri sonradan – 4 noyabrda yolu mülki vətəndaşlara bağlamışdır.
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri 7 noyabrda şəhərin qayalıqlarını dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olmuşdur. Onlar tezliklə erməni qoşunlarını şəhərdən qovmuş və 8 noyabrda Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan qüvvələrinin Şuşanı işğaldan azad etdiyini bəyan etmişdir, lakin Ermənistan rəhbərliyi bunu təkzib etmişdir. Buna baxmayaraq, ertəsi gün Azərbaycan Müdafiə Nazirliyi şəhərdən video yayımlamış və Şuşanın tamamilə Azərbaycanın nəzarətində olduğunu təsdiqləmişdir. Elə həmin gün Qondarma Dağlıq Qarabağ Respublikasının Prezident Aparatı separatçı qüvvələrin Şuşanın nəzarətini itirdiklərini təsdiqləmiş, fəqət sonradan Ermənistan Baş naziri Nikol Paşinyan və Ermənistan Müdafiə Nazirliyi buna zidd olan bəyanatlar yaymışdır. Atəşkəs razılaşmasının imzalanmasından sonra Qondarma Dağlıq Qarabağ Respublikası Prezidenti Arayik Harutyunyan eləcə də Paşinyan, separatçı qüvvələrin 7 noyabrda şəhərə nəzarəti itirdiyini etiraf etmişdilər. Şuşanın işğaldan azad edilməsi müharibənin həlledici anı olmuş və Azərbaycana strateji üstünlük vermişdir. Döyüşdən bir neçə gün sonra Ermənistan məğlubiyyəti qəbul etmiş və Azərbaycan müharibədə qələbə çalmışdır.