Payızın möcüzələri
Bax ulduzlar nur çiləyir,
Bu yer hara, qüssə hara?
Qızıl payız nəğmə deyir
Qızıl qəlbli insanlara!
(Nəbi Xəzri)
Hər gülün, hər çiçəyin, öz gözəlliyi olduğu kimi hər fəslin də öz gözəlliyi var. Fəsillər havasıyla, mənzərələrilə bir-birindən fərqlənir. Qış fəsli soyuğu qarı ilə, yaz fəsli təbiətin oyanışı ilə, yay qızmar günəşi, dənizi ilə, payız fəsli isə küləyi və yağışı ilə. Ətrafımdakı insanların hər biri ayrı-ayrı fəsilləri sevirlər – kimisi meyvəsinə görə, kimisi gül-çiçəyinə görə, kimisi qızılı rənginə görə, kimisi havasına görə və sair. Mən də payız fəslini çox sevirəm elə buna görə də bu fəsil haqqında yazmaq istədim.
Payız fəsli ilin 3-cü fəslidir. Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan təqvimə görə sentyabrın 23-də payız fəsli girir. Havalar yavaş-yavaş soyumağa başlayır. 21 dekabra qədər davam edən payız fəsli yayla qış arasında bir körpüdür sanki.
El arasında belə bir deyim var ki, kim hansı fəsildə doğulubsa o fəsli də çox sevir. Bilmirəm, bəlkə də ona görədi. Əslində 4 fəslin 4-də gözəldi, amma nədənsə payız fəsli mənim ruhuma daha çox yaxındır. Payız ağacları əlvan rəngə boyayan sanki bir rəssamdır. Bu fəsildə təbiət ilin heç bir dövründə olmayan gözəlliyə bürünür. Təssüf ki, bu gözəllik uzun sürmür. Ağaclar, otlar, gül-çiçəklər yavaş-yavaş saralmağa, solmağa başlayır. Ayaqlar altına tökülən qızıl rəngli yarpaqlar təbiətə başqa bir görünüş verir. Payız insana sanki bir sakitlik və duyğularımıza isə inanılmaz zövq verir. Bu fəsilə el arasında “qızıl payız” da deyilir.
Payız bizi sehrləyən tamam başqa bir sirli aləmdir! Bu libasda hər şey bir az ərköyün, bir az həssas, bir az da kövrək görünür. Qışın çox sərt soyuğu, yayın istisi və bürküsü. Payız isə bunların tam arasında daha həlim və ürəyə yatımlıdır.
Nədənsə iki fəsil haqqında daha çox danışılır, söz qoşulur, mahnılar bəstələnir. Bu fəsillərdən biri ilk bahardı. Çünki yaz oyanışdır – torpaq oyanışıdır, çiçək oyanışıdır. Digəri isə payız fəslidir, son bahar. Təsadüfi deyil ki şairlərin, yazıçıların, rəssamların qələminin ilham qaynaqlarından biri də elə payız fəslidir.
Elə ki son bahar min büsat qurur,
Kolları-kosları yıxıb uçurur
Sıxlaşıb bir yerə baş-başa durur
Düşəndə çovğuna, borana Ceyran.
(Səməd Vurğun)
İllərin payızı insan ömrünə necə də bənzəyir, elə deyilmi? Payızda ağacların yarpaqları saralıb töküldüyü kimi, insanların da yaşadığı günlər xatirəyə dönür. Ömrün ahıl çağını adətən payıza bənzədirlər. Xalq şairimiz Bəxtiyar Vahabzadə bir şerində dediyi kimi:
Ömrün payız fəsli sıxdı əlimi,
Yoxsa qocalıram mən yavaş-yavaş
Payızda yarpağa xal düşən kimi
Düşür saçlarıma dən yavaş-yavsaş.
Yurdumuzda artıq payız günləridir, bu payızda da təbiət füsünkar, axarlı-baxarlıdır. Bu fəsildə də təbiət böyük səxavətlə bütün gözəlliklərini insana bəxş edir.
İlahə Paşazadə