Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın dəvəti ilə ölkəmizdə səfərdə olan Bolqarıstanın Ayrı-seçkiliyə qarşı Müdafiə üzrə Komissiyasının sədri Ana Cumaliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Tərtər rayonunda olub.
Qonaqlar əvvəlcə Tərtər şəhərinin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov nümayəndə heyətinə 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı bölmələri tərəfindən rayonun yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dəymiş zərər barədə məlumat verib.
Nümayəndə heyəti sonra Tərtər rayonunun yaşayış məntəqələrinə atılmış qadağan olunmuş raketlərin qalıqlarına baxıblar. Daha sonra ötən il oktyabrın 15-də Ermənistan silahlı qüvvələrinin artilleriya atəşinə məruz qalmış Tərtər şəhər qəbiristanlığına gediblər. Məlumat verilib ki, Ermənistanın beynəlxalq humanitar hüquq qaydalarını pozaraq, qəbiristanlığı ağır artilleriyadan atəşə tutması nəticəsində vəfat etmiş yaxınlarının dəfnində iştirak edən 4 mülki şəxs həlak olub, 4 nəfər isə ciddi xəsarət alıb.