Tərtər rayonunun Mamırlı kəndində Birinci Qarabağ müharibəsi və Vətən müharibəsində şəhid olmuş Mamırlı və Poladlı kənd sakinlərinin xatirəsinə ucaldılan Şəhidlər abidəsinin açılışı olub.
Tədbirdə ilk olaraq vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib, abidənin önünə əklillər və gül dəstələri düzülüb.
Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək 44 günlük Vətən müharibəsində Tərtər rayonuna dəyən ziyandan, müharibədən sonra aparılan tikinti-quruculuq və təmir-bərpa işlərindən danışıb. Tədbirdə Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid Elşən və Xaliq Abbasovların atası Asif Abbasov, şəhid Pərviz Orucovun anası Dilruba Orucova, şəhid Mirşəmsi Babazadənin atası Elşad Babazadə, şəhid Fizuli Qəhrəmanovun bacısı Havva İbrahimova və digərləri çıxış edərək Azərbaycan ordusunun qüdrətindən, hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər.
Tədbirdə məktəblilərin və şəhidin övladının ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.