On yeddi yaşımın ilk baharında,
Yarla ilk görüşə çıxdığım gündür.
Titrək əllərini tutub ilk dəfə,
Kövrək dodağıma sıxdığım gündür.
Meh əsdi, üzümə dəydikcə telin,
Ətrin qarışırdı ətrinə gülün
Məhəbbət deyilən o coşqun selin
Düşüb ağuşuna axdığım gündür.
“Sevirəm!”- demişdim, dil əsə-əsə,
İlk “hə” pıçıltısı…ilk şirin busə…
Dayanıb üz-üzə, nəfəs-nəfəsə,
Xumar gözlərinə baxdığım gündür.
Yenə xatirələr oyandı bu gün,
Gəncliyim qarşımda dayandı bu gün.
Qəlbimdə bir həsrət boylandı bu gün,
Özümü ilk oda yaxdığım gündür.
Bir şehli çəmənin qoynuna girib,
Seyrinə dalmışıq baş-başa verib,
İlk hədiyyə kimi bir çiçək dərib,
İpək saçlarına taxdığım gündür.
Həzin xatirəyə dönən o bir gün,
Qəlbimi sızladır, göynədir hər gün.
Asif, nə biləydim o bəxtəvər gün
Könlümün evini yıxdığım gündür…
Bu gün ilk görüşə çıxdığım gündür… Asif Talıboğlu