Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 12Noy

    Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilmişdir.

    Forumun açılış mərasimində Prezident İlham Əliyev çıxış etmişdir. Çıxışında bildirmişdir ki, son dövrün hadisələri bir daha təsdiqləyir ki, ölkəmizin dünya birliyindəki əlaqələri daha da genişlənir, mövqeyi möhkəmlənir. Bu günlər inkişafımız və gələcək hədəflərə çatmağımız baxımından yenə də maraqlı və önəmli hadisələrlə yadda qaldı.

    Bildirdi ki, Qlobal Bakı Forumu qlobal siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından aparıcı platformalardan birinə çevrilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa müddətdə ziyalıların, dövlət məmurlarının, siyasətçilərin, jurnalistlərin, dövlət xadimlərinin və vətəndaş cəmiyyəti üzvlərinin biliklərini, təcrübəsini və baxışını toplayan, böyük potensialı olan azsaylı aparıcı beynəlxalq təsisatlardan birinə çevrilib. Mərkəz beynəlxalq münasibətlər sistemində mühüm rola malikdir.

    Həmçinin, ölkəmiz beynəlxalq arenada öz təşəbbüsləri ilə müsbət imic formalaşdırıb. Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında peyvəndlərin ədalətli bölgüsünə dair təşəbbüs ilə çıxış etmişdir. Azərbaycan qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkədir. Bəzi ölkələr artıq peyvəndin üçüncü dozasının tətbiqini planlaşdırır. Digər ölkələrdə isə vaksinasiyanın səviyyəsi aşağıdır. Azərbaycan hər zaman bu sahədə özünün ədalətli mövqeyini ortaya qoyub.

    Ötən dövr ərzində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan 30-dan artıq ölkəyə maliyyə və humanitar yardım göstərmişdir. Paralel olaraq Azərbaycanın təşəbbüsü ilə COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrdə həmin məlumat bazasından istifadə edir. Bu isə öz növbəsində ÜST-yə öz dəstəyini düzgün planlaşdırmağa və proqnozlaşdırmağa kömək edir. Azərbaycan təmənnasız olaraq bir neçə ölkəni peyvənd dozaları ilə təmin edib. Eyni zamanda, yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi göstərilmişdir.

    Azərbaycan beynəlxalq öhdəliklərini yerinə yetirməklə yanaşı ölkə daxilində də pandemiya ilə mübarizədə böyük uğurlara imza atıb. Cari ilin yanvarın 18-dən Azərbaycan regionda ilk ölkələrdən biri olaraq peyvəndləməyə başlamışdır. Bu vaxta qədər yaşı 18-dən yuxarı olan əhalinin 60 faizindən çoxu iki dozanı alıb. Nisbətən qısa müddət ərzində ümumi çarpayı sayı 4 min olan 13 yeni dövlət xəstəxanası açılmışdır.

    Azərbaycan hökuməti işini itirmiş, qapanmalardan əziyyət çəkmiş insanlar üçün 2020-ci və 2021-ci illərdə sosial-iqtisadi yardım paketini ayırmışdır və paketin ümumi dəyəri 2, 9 milyard ABŞ dolları idi. Bu vəsait dövlət büdcəsindən maliyyələşmişdir.

    Azərbaycanda əsasən “Sinovac” və “Pfizer”dən, iki peyvənddən istifadə olunur və peyvəndləmə səviyyəsi yüksəkdir. Bu cür nəticələrin əldə olunması dövlət siyasəti sayəsində mümkün olmuşdur. Azərbaycan xalqı peyvəndləmənin vacibliyini anlayır və bu işləri xeyli asanlaşdırır. Qlobal miqyasda Azərbaycan, həmçinin çox fəal addımlar atıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının hazırkı sədri olaraq ötən il Azərbaycanda hər iki təşkilatın COVID-ə həsr olunmuş xüsusi Zirvə görüşü keçirildi. Bu gün Azərbaycanın həm regionda, həm də bütövlükdə dünyada mühüm strateji əməkdaşa çevrildiyini, onun nüfuzunun getdikcə daha da artdığını müşahidə edirik.

    Cənab Prezident forumda münaqişə ilə bağlı da fikirlərini səsləndirib. Rəsmi İrəvanın bütün dövrlərdə işğalçı siyasət yürütməsi qeyd olunub. Ermənistanın sabiq müdafiə naziri açıq şəkildə bəyan edirdi ki, Ermənistan “yeni ərazilər uğrunda yeni müharibə”yə hazırlaşır. Yəni, Azərbaycanın daha çox ərazisini işğal etməklə bağlı aşkar hədələmə. Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri səssiz qaldılar, bunu pisləmədilər və bunun qəbuledilməz olması ilə bağlı hətta mesaj belə vermədilər. Ermənistan rəhbərliyinin atdığı bir sıra digər addımlar və verdiyi bəyanatlar Azərbaycanı təhrik etməyə yönəlmişdi.

    Azərbaycan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri özü yerinə yetirdi. Həmin qətnamələr 27 il ərzində kağız üzərində qaldı və özünümüdafiə hüququnu ehtiva edən BMT Nizamnaməsinin 51-ci maddəsindən istifadə edən Azərbaycan özü ərazi bütövlüyünü bərpa etməsə idi, həmin qətnamələr növbəti 27 il ərzində də kağız üzərində qalacaqdı. Azərbaycan beynəlxalq hüquqi çərçivəni də istifadə etdi, çünki yalnız BMT Təhlükəsizlik Şurası deyil, digər aparıcı beynəlxalq təsisatlar Azərbaycanın ərazilərinin işğalı ilə bağlı bənzər qətnamə və qərarlar qəbul edib. BMT-nin Baş Assambleyası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası münaqişə ilə bağlı müxtəlif dövrlərdə buna bənzər qərar və qətnamələr qəbul edib.

    Artıq bəyan oldu ki, əgər əvvəlki illərdə Ermənistan hakimiyyəti ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin işğal edilmiş ərazilərin boşaldılması yolu ilə həllinə nail olmaq istiqamətində işləmək görüntüsü yaradırdısa, son bir neçə ildə Ermənistan rəhbərliyi işğal olunmuş torpaqların bir qarışını belə qaytarmayacağını artıq açıq şəkildə bildirirdi. Bununla bağlı kifayət qədər sübut var.

    Prezident cənab İlham Əliyev çıxışında bir daha qeyd etdi ki, bu gün münaqişə geridə qalıb. Genişmiqyaslı bərpa proqramına başlanılıb. Qısa müddət ərzində bir milyondan çox insan həmin yerlərə qayıdacaq. Müharibə və onun nəticələri onu göstərdi ki, gec və ya tez ədalət zəfər çalır. İndi postmünaqişə vəziyyəti yaşanır və Ermənistana bir sıra təkliflər verilib ki, sülh müqaviləsi üzərində işləməyə başlayaq.

    Gələcək naminə tərəflərin regionun təhlükəsiz, proqnozlaşdırılan və genişmiqyaslı əməkdaşlığa hazır olmasını təmin etməliyik. Hər şey Ermənistanın mövqeyindən asılı olacaq, çünki Azərbaycanın mövqeyi tam aydındır. Azərbaycan sülh danışıqlarına başlamağa, sülh razılaşması üzərində çalışmağa, səhifəni çevirməyə və sərhədin delimitasiyasına hazırdır.

     

    Müəllif: Redaktor, 08:32

İsmarıclar bağlıdır.