Rayonumuzda pandemiya şəraitinin tələblərinə uyğun olaraq “Qarabağ sahibkarlarına maarifçilik dəstəyi: Tərtərlə başlanan yol” mövzusunda “Dəyirmi masa” keçirilib. Tədbir İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə yerli sahibkarlıq subyektlərinin maarifləndirilməsi məqsədilə reallaşdırılıb.
Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçəklər qoyublar.
Giriş sözü ilə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən müharibəsi dövründə Tərtər rayonuna dəymiş ziyan və rayonun işğaldan azad edilmiş əraziləri haqqında məlumat verib. Görüşdə, həmçinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi, müşavir Elçin Məmmədov, AMEA -nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov, Yerli Qurumların Fəaliyyətinin Əlaqələndirilməsi Baş İdarəsinin rəisi Elçin Bəylərov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Tərtər rayonu üzrə nümayəndəsi Sənan Əhmədzadə çıxış ediblər.
Tədbirdə Tərtər rayonunda fəaliyyət göstərən sahibkarlıq fəaliyyəti subyektləri üçün iqtisadi və hüquqi biliklər, o cümlədən işğaldan azad edilmiş ərazilərdə dövlətin həyata keçirdiyi vergi və investisiya siyasəti mövzularında maarifləndirmə xarakterli məruzələr də yer alıb. AMEA İqtisadiyyat İnstitutunun Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri Akif Musayev “Post-konflikt ərazilərdə sahibkarlıq imkanları”, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin şöbə rəisi Nazim Əliyev “Silahlı münaqişələr zamanı dinc mülki əhaliyə vurulmuş zərərin ödənilməsinin hüquqi əsasları”, Tədris Mərkəzinin əməkdaşı Şahzadə Mədətova “Post-konflikt ərazilərdə qadın sahibkarlı-ğının inkişafında effektiv dövlət-özəl əməkdaşlığı” mövzusunda təqdimatlarla çıxış ediblər.
“Dəyirmi masa” yerli sahibkarların çıxışları və müzakirələrlə davam etdirilib. Sonra qonaqlar Tərtər rayonunun işğaldan azad olunmuş Talış və Suqovuşan kəndlərinə səfər ediblər, Tərtər şəhərinin mərkəzində Ermənistan silahlı birləşmələri tərəfindən rayona müxtəlif tipli reaktiv yaylım atəşi sistemləri və artilleriya qurğularından atılmış mərmilərə baxıblar.