Övladı anadan yaxşı ayrı kimsə tanıya bilməz. Ailədə uşaqların sayına baxmayaraq, bütün analar övladın hər birinin ağıllı, tərbiyəli, xalq üçün yararlı olmasını arzulayır.Və hər bir uşağın xasiy-yətini anadan yaxşı bilən yoxdur. Pərvanə ana da belə analardandır. Onun ailəsində 3 övlad böyüyüb – 2 oğlan, 1 qız. Ruslan ailənin kiçik övladıydı. O, üzüyola, qayğıkeş övlad idi. Böyüklə böyük, kiçiklə kiçik kimi davranırdı. Boya-başa çatdığı Tərtər rayonunun Ələsgərli kəndində tay-tuşları arasında xətir-hörməti vardı. Kənddə kimsənin ondan narazılığı yoxuydu. Hər dəfə aylıq əmək haqqını alanda imkansızlara əl tutardı. Ehtiyacı olanın ehtiyacını təmin etməyə çalışardı.
Ruslan hərbi xidmətini Zakatala rayonunda çəkmişdi. Əsgərlikdən gələndən sonra Pərvanə ananın təkidinə baxmayaraq, inadından dönməmiş müddətdən artıq hərbi xidmətə yazılmışdı. “N” saylı hərbi hissədə xidmət edirdi. Müddətdən artıq hərbi xidmət zamanı həm hərbi texnikaların sirrini öyrənmiş, həm də hərbi hissədə özünə hörmət qazanmışdı. Ailədə, taytuşları arasında fərqli olduğu kimi, hərbi hissədə də seçilirdi Ruslan. Aprel döyüşləri zamanı göstərdiyi şücaət hərbi hissə komandirlərinin diqqətindən yayınmamışdı. Ruslan düşmənin döyüş texnikalarını sıradan çıxarmaq üçün “SPAYK” tipli silahı işlədən bölməyə komandirlik edirdi. Hətta “SPAYK” silahını mükəmməl idarə etdiyi üçün sertifikat da almışdı. “Həmin silahdan istifadə qaydasını Ruslan qədər bilən yoxdur” – deyirdilər.
Vətən müharibəsi başlananda artıq 8 ilə yaxın idi ki, Ruslan Şahbazov hərbi hissədə müddətdən artıq xidmət edirdi. Bu illər ərzində komandanlıq tərəfindən dəfələrlə mükafatlandırılmışdı. Sentyabrın 27-də o da döyüşlərə qatılır. Düşmənin bir neçə texnikasını məhv edərək sıradan çıxarır. Suqovuşan və Talış yüksəkliyinin alınmasında erməni texnikalarının irəliləməsinə aman verməyib. Lakin bu çox çəkməyib. Döyüşün 3-cü günündə – sentyabrın 29-da Ruslanın rəhbərlik etdiyi bölmə düşmən mühasirəsinə düşür. Yüzlərlə igid oğlanlarımız kimi Ruslanın da döyüşü yarımçıq qalır. O, şəhid olur. Ruslanın nəşini döyüş meydanından çıxarmaq mümkün olmur. Oktyabrın 9-da onun nəşi yaşadığı Ələsgərli kənd qəbristanlığında dəfn olunur.
Ruslan Şahbazovun şəhidliyindən bir il ötməsinə baxmayaraq, nə anası nə də bacısı hələ də onun yoxluğuna inanmırlar. Pərvanə ana oğlunun müharibədən qayıtmasını hələ də gözləyir. Ruslan ata ocağına qayıtdı, lakin Vətən uğrunda şəhid olaraq. Ana oğlunun nəşini görmədiyi üçün hələ də inanmır ki, oğlu şəhid olub.
Ruslan Vətən müharibəsində göstərdiyi şücaətlərə görə “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub. İgid oğlumuza Allahdan rəhmət, doğmalarına səbr diləyirik.
Elfuzə Camalqızı