DİNDƏ OĞURLUĞA MÜNASİBƏT
Oğurluğun maddi və mənəvi zərərləri, bu hadisəyə görə insanların duyduğu iztirablar, keçirdiyi qorxu və təşvişlər yəqin ki, hər bir insan üçün eynidir. Oğurluq hadisəsi sadəcə hər hansı bir malın oğurlanması deyil, həm də insanların zəhmətinin, əməyinin, alın tərinin, illərinin oğurlanması kimi də başa düşmək olar.
Bu hadisə sadəcə oğurluq edilən bir evin, dükanın, ya da iş yerinin təhdid altında qalması ilə kifayətlənmir. Bu həm də o məhəllə və küçədəki bütün evlərin, dükanların təhdid altında qalması deməkdir. Belə bir hadisədən sonra insanlar: “görəsən qonşunun başına gələn mənim də başıma gələrmi?” – deyə, düşünməyə başlayarlar. Beləcə oğurluğun meydana gəldiyi məhəllədə hər kəs özünü təhlükədə hiss edər.
Oğurluq hadisəsinin çoxu cinayətlə də nəticələnir… Neçə-neçə cavanlar oğurluq hadisəsinə görə həbsə gedir, nə qədər cinayətin, adam öldürmənin altında oğurluq hadisəsi yatır. Ancaq oğurluq hadisəsini bir yönü ilə adam öldürməkdən daha ağır bir cinayət hesab etmək olar. Çünki adam öldürmək fərdi bir cinayətdir və öldürülənin ailəsindən baş-qa cəmiyyətdə heç kim bu acını o qədər də hiss edib yaşamır. Oğurluq hadisəsi isə bir başa bütün cəmiyyətə təsir edir. Zəhmət çəkərək az ya da çox mal-mülk sahibi olanlar, əkin-biçin edənlər, mal-qara saxlayanlar və.s kimi bir çox insan yaşam qarantı olaraq gördükləri mal-mül-künün əllərindən çıxma təhlükəsi yaşayır, özlərini təhdid altında hiss edirlər.
Kasıbların, fəqir-füqəranın haqqının verilmədiyi, xəstələrin iztirab içində in-lədiyi, onların acılarının duyulmadığı, əksinə bu kimi insanların acı və iztirablarının hər gün daha da artdı-ğı bir mühit demək olar ki, oğruların qəsb edib taladığı bir dükandan elə də fərqi yoxdur.
Bu yazıda oğurluq əməli ilə bağlı Quran ayələrində hansı hökmlərin olduğuna nəzər yetirəcəyik…
Quranda oğurluq əməlini işləyən kişi və ya qadına veriləcək cəza ilə bağlı belə buyurulub: “Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq (sağ) əllərini kəsin. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir! Lakin hər kəs gördüyü haqsız işdən (oğurluqdan) sonra tövbə edib özünü düzəltsə, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!” (Maidə, 5/38-39)
Bəlkə də ağıla gələ bilər ki, oğurluğa görə əl kəsmə cəzanı tətbiq edilən dövrlərdə İslam məmləkətləri əlləri kəsilmş insanlarla dolu idi. Görəsən həqiqətən də belə idi? Oğurluğa görə əl kəsmə cəzasının şərtlərinə baxanda görürük ki, bu cəzanın tətbiq edilməsi çox nadir hallarda baş vermişdi. “Oğurluq” deyəndə burada “başqasının malını gizli yolla almaq” nəzərdə tutulur.
İslam dini oğurluq edənlərə belə bir ağır cəza vermədən əvvəl o cəmiyyətdə insanların əsas ehtiyaclarının qarşılanması şərtini qoşur. Bir cəmiyyətdə qadın, kişi, uşaqlar, bir sözlə cəmiyyətin bütün üzvləri qida sıxıntısı çəkməməli və ehtiyac duyulan qədər ərzaq ala bilməlidirlər. Hər bir ailənin yaşamaq üçün ev, təhsil və səhiyyə kimi ehtiyacları aradan qaldırılmalıdır. Bunları təmin edən bir dövlət İslamın bu yöndəki əmrlərini yerinə yetirmiş sayılır. Bu sadalanan ehtiyacları aradan qaldırmadan hər hansı bir cəmiyyətdə təhlükəsizlikdən bəhs etmək olmaz. Aclığın olduğu yerdə də mal və can təhlükəsizliyindən bəhs etmək əbəsdir.
İslamda bir cəmiyyətdə oğurluğun qarşısını almaq üçün bir sıra önləyici tədbirlər alınıb. Burada nəzərdə tutulan önləyici tədbirlər kasıblara, imkansızlara “oğurluq etmək olmaz” xəbərdarlığı vermək deyil. Əksinə burada zənginlərin acları, kasıb və yoxsulları doyurmaları əmr edilir. Qurandakı: “Onların mallarında da dilənçinin və (abrına qısılıb dilənməyən) yoxsulun haqqı (payı) var. (Zariyat, 51/19) ayəsinə əsasən İslam dini kasıba yardım etməyi, möhtaca əl tutmağı bir seçim deyil, bir vəzifə halına gətirmişdir.
İslama görə bütün müsəlman vətəndaşların bir-biriylə qardaş olduğu, ən az maaş alanın maaşı dövlət başçısının maaşı ilə eyni olduğu bir cəmiyyətdə oğurluq hadisəsinin sadəcə adı qala bilər. Dövlət başçısı ilə dağdakı çobanın mədəsinin eyni olduğu qəbul edilən bir sistemdə oğurluq hadisələri tarixə qarışmağa məhkumdur.
İslamda şərin, pisliyin qarşısını almaq üçün müxtəlif üsullara müraciət edilir. Bunlardan biri də qabaqlayıcı tədbirlərdir. Qabaqlayıcı tədbirlər olmadan İslamda cəza yönümlü tədbirlərə mürciət edilmir. İslama görə vətəndaşını qorumağa gücü çatmayanın onu cəzalandırmağa haqqı yoxdur. Həzrət Ömər xəlifəlik illərində qoruyucu tədbirlər alınmadan, misal üçün vətəndaşların qarnını doyuzdurmadan onlara cəzalar yağdırmağı qadağan etmiş, aclıq səbəbilə oğurluq edən şəxsə cəza verməmişdi. Hətta bu barədə valilərə məktublar göndərmişdi.