Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 21Okt

    Prezident İlham Əliyev 2021-ci il 15 oktyabr tarixində videokonfrans formatında keçirilmiş Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında çıxış etmişdir.
    Prezident bir daha Dağlıq Qarabağ münaqişəsinin keçmişdə qaldığını bildirmişdir. Bütövlükdə postmünaqişə dövrünün sakit keçməsi qeyd olunmuşdur.

    Cənab İlham Əliyev iclas iştirakçılarına erməni cinayətlərindən bəhs edərək azad edilmiş ərazilərdə təqribən 30 illik işğal dövründə demək olar ki, bütün binaların və tarixi abidələrin dağıdıldığını söyləmişdir. Qarabağ bölgəsində mövcud olmuş 67 məsciddən 65-i tamamilə dağıdılıb. Qismən dağıdılmış qalan iki məsciddə işğalçılar donuz və inək saxlayır, müsəlmanların heysiyyətini qəsdən təhqir edirdilər. Füzuli şəhərində və Füzuli rayonunun bütün kəndlərində binalar və evlər 100 faiz dağıdılıb. Ağdam şəhərində və Ağdam rayonunda da eyni vəziyyətdir. Ağdam şəhəri “Qafqazın Hirosiması” adlandırılır. Cəbrayıl rayonunda cəmi 2 bina salamat qalıb, orada Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları yerləşirdi. Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında da oxşar vəziyyətdir.Şuşa şəhərində işğala qədər mövcud olan 17 məsciddən 16-sı Ermənistan tərəfindən dağıdılıb. Bir məscid “tolerantlıq” nümayiş etdirmək üçün saxlanılıb və İrandan olan qondarma mütəxəssislərin köməyi ilə onu fars məscidi kimi təqdim etməyə cəhd göstərilib. Evlər və ictimai binalar kərpic-kərpic, daş-daş sökülüb, Ermənistana və İrana satılıb. Təbiətə çox böyük ziyan vurulub, 60 min hektara yaxın meşə qırılıb, Ermənistana və İrana satılıb. Qızıl yataqları və digər təbii ehtiyatlar qanunsuz istismar edilib. Transsərhəd Oxçuçay çayı bir Avropa şirkətinin iştirakı ilə sistematik olaraq çirkləndirilirdi, bu da artıq nüfuzlu beynəlxalq ekspertlər tərəfindən təsdiq edilmiş ekoloji fəlakətə gətirib çıxarıb.

    Düşmən bütün ərazilərə mina basdırmaqla daha bir cinayətə imza atıb. Azad edilmiş ərazilərin minalardan təmizlənməsi qarşımızda duran əsas problemlərdən biridir. Müharibədən sonra 150-dən çox vətəndaş minaya düşərək həlak olub, yaxud ciddi xəsarətlər alıb. Ermənistan minalanmış sahələrin tam xəritələrini verməkdən imtina edir. Azərbaycana verilmiş az sayda xəritələrin dəqiqliyi təqribən 25 faizdir. Minalı ərazilər bərpa-quruculuq işlərinə də mənfi təsir göstərir.

    Prezident İlham Əliyev çıxışında onu da vurğuladı ki, eyni zamanda 30 il müddətində Ermənistanın nəzarəti altında olmuş Azərbaycan ərazisi narkotrafik üçün istifadə olunmuşdur. Azərbaycanın İranla 130 kilometrlik dövlət sərhədinin nəzarətsiz qalması məkrli niyyətlərə əlverişli şərait yaratmışdır. Amma artıq İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutuna son qoyulub.

    Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirib və Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll edib. Azərbaycan haqq və ədaləti bərpa edərək, öz müqəddəs torpaqlarını işğaldan azad etrmişdir.

    44 günlük Vətən müharibəsi 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin üçtərəfli Bəyanatı imzalaması ilə yekunlaşdı. Bəyanat Ermənistan-Azərbaycan münaqişəsinə son qoydu və hər iki tərəfdən minlərlə insanın ölümündən qaçmağa imkan verdi. Üçtərəfli Bəyanata müvafiq olaraq, Ermənistan öz işğalçı qüvvələrini Azərbaycanın Ağdam, Laçın və Kəlbəcər rayonlarının işğal edilmiş hissəsindən çıxardı. Bəyanatdan əvvəl Azərbaycan Silahlı Qüvvələri 300-dən çox şəhəri və kəndi döyüş meydanında azad etmişdi.
    Bilirsiniz ki, üçtərəfli Bəyanata müvafiq olaraq Azərbaycanın Qarabağ regionuna Rusiya sülhməramlıları yerləşdirildi. Nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı məsələlərin həll edilməsi üçün Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradıldı. Azərbaycanın Ağdam rayonunun ərazisində Azərbaycan tərəfi Rusiya-Türkiyə monitorinq mərkəzi yaratdı.

    Üçtərəfli Bəyanat imzalanandan iki həftədən çox sonra, keçən il noyabrın axırlarında 62 nəfərdən ibarət təxribat qrupu Ermənistanın Şirak regionundan Azərbaycan Silahlı Qüvvələrinin arxa hissəsinə, artıq işğaldan azad edilmiş ərazilərdə təxribatlar törətmək üçün göndərilmişdi. Azərbaycan hərbi qulluqçuları həmin qrupu tutaraq tərksilah etdi. Beynəlxalq konvensiyalara müvafiq olaraq bu təxribatçılar hərbi əsir hesab edilə bilməz. Və təxribatçılarla bağlı məsələ artıq öz həllini tapıb.

    Respublika Prezidenti çıxışının sonunda bildirdi ki, Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır. Azərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına və sülh sazişinin təfərrüatlarının müəyyən edilməsi üçün Ermənistanla danışıqların aparılmasına hazırdır. Ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək.

    44 günlük Vətən müharibəsi həm ölkədə, həm də bölgədə yeni reallıqlar yaratdı. Bu gün Azərbaycan bölgənin güclü dövlətidir. Keçən ilin sentyabr ayına qədər heç kimin ağlından belə keçmirdi ki, tezliklə, Vətən Müharibəsi başlayacaq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 gündə möhtəşəm Qələbə qazanacaq, torpaqlarımız erməni işğalından azad olunacaq. Bu gün isə 30 ilə yaxın dağıdılan, talan edilən Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən dirçəlir, məcburi köçkünlərimizin həsrəti bitmək üzrədir. Çox tezliklə vətəndaşlarımız öz doğma yurdlarına qayıdacaq, hər birimiz Qarabağa gedəcəyik!

     

    Müəllif: Redaktor, 09:18

İsmarıclar bağlıdır.