Hələ 2 il öncə atası Şəhid Qabil Əliyev haqqında yazanda Əsmərin barəsində yazacağımı qərarlaşdırdım. Şəhid atanın dörd qız övladının kiçiyi idi Əsmər. O vaxt atası barədə söhbət edəndə anası Kəklik xala: “Təkcə atasına oxşayan Əsmərdi”– demişdi. Özü isə demişdi: “Elə bil atam şəhid olanda ailəsinin bütün qayğılarını mənim çiyinlərimə ötürmüşdü”. Yer əkib-becərmək, ot tayası yığmaq, bağ-bağçanı suvarmaq, evin işığını düzəltmək – ailədəki görüləcək kişi işləri hamısı Əsmərin əlindən keçirdi. Ana Əsməri ailənin böyüyü, həm də kişisi kimi tanıdırdı.
Əsmər heç zaman kimdənsə kömək gözləməyib, həmişə çörəyini öz zəhməti ilə qazanıb. O, 9 ildən çoxdur ki, fermerliklə məşğul olur. Özünün mülkiyyətində əkin sahəsi az olsa da icarəyə torpaq götürərək pambıq, taxıl əkib-becərib. Bu il isə özünə məxsus olan 2,5 hektar torpaq sahəsində taxıl əkib, oradan 12 tondan çox məhsul götürüb. Gələcəkdə isə məqsədi əkin sahələrini genişləndirməkdir.
Bu gün Əsmər haqqında təkcə qoçaqlığından söz açmaq istəmirəm. O, həm də kənddə xeyriyəçi bir qadın kimi tanınır. Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə Birinci Qarabağ müharibəsində şəhid ailələrinin varislərinə verilən on bir min manat pulu ata-sının qəbirinə sərf edəndə bu qızın hansı ürəyə sahib olduğunu bildirmişdim. Hətta yaşlı anasına, anadangəlmə əlil qardaşı Loğmana da o puldan 1 manat sərf etmədiyini bildirdi. “Anamı da, qardaşımı da saxlamaq mənim borcumdur. Amma o pul atamın qan pulu – şəhidliyinə görə verilən puldur, onu yalnız atama sərf edə bilərəm”– demişdi.
Bu gün hər ikisi – anası da, qardaşı da onun himayəsindədir. Özünün isə 3 övladı – 1 qız, 2 oğlu var. Əsmər şəhid atası ilə bərabər Vətənimiz, torpaqlarımız uğrunda şəhid olan hər bir Vətən övladının xatirəsini əziz tutur. O, bütün ailə qayğıları ilə yüklənsə də həmişə düşünürdü ki, şəhidlərin xatirəsi ilə bağlı nəsə bir iş görsün. Əsmərin bu arzusu artıq reallaşıb. Çalışdığı Sarıcalı kənd körpələr evi-uşaq bağçasında şəhidlərin ruhuna hörmət əlaməti olaraq öz vəsaiti hesabına “Xatirə bulağı” tikdirib, üstünün çardağını vurdurub. “Xatirə bulağı”nın bir tərəfində Birinci Qarabağ müharibəsində və 44 günlük Vətən müharibəsində Sarıcalı kəndinin şəhidlərinin şəkilləri yer alıb.
Əsmər özü isə bu barədə belə deyir:
– Elə bil arzuma indi çatmışam. Çalışdığım müəssisədə kəndin körpələri təlim-tərbiyə alır. Böyüdükcə onların yaddaşında Vətən üçün canından keçən bu igidlər haqqında silinməz izlər qalacaq. Həm də bu bulağın suyundan istifadə olunduqca onların ruhuna dualar söylənəcək. Bax, mənə elə bu bəs edər.
Əsmərlə söhbətimiz zamanı öyrənirəm ki, o təkcə bulaq tikintisi ilə kifayətlənməyib. Daş karxanasından qəbristanlığa su çəkdirib, ora su nasosu qoydurub. Hazırda isə qəbristanlığa gedən yola çınqıl tökdürür. O, deyir ki, bu işlər dinimizdə savab sayılır, həm də kəndimizin bütün sakinlərinin ürəyincə olan bir işdir. Əlbəttə, kəndin hər bir sakininin doğması burada uyuyur. Buraya həm su lazımdır, həm də rahat yol. Bu məqsədlə də bu işləri etdim. Savabını da yəqin ki, Allah bəxş edər. Bir də onu deyim ki, bu işlərin görülməsi üçün – daşın, qumun, çınqılın verilməsində karxana sahibi Şamxal Abdullayevin böyük köməkliyi olub. Hətta suyu onun daş karxanasından çəkdirmişəm.
Bu zəhmətkeş, qayğıkeş, ürəyi xeyirxahlıqla dolu olan qadınla xeyli söhbətimizdən sonra belə nəticəyə gəldim ki, onun ürəyindən hər kəsə öz yardım əlini uzatmaq, kömək etmək, is-təyi keçir. Adətən belə xüsusiyyətlər əsl Azərbaycanlıya xas olan xüsusiyyətlərdir. Əgər bunu qadınlarımız edirsə onları ikiqat öyməyə haqqımız var. Əsmər də belə qadınlardandır.
Elfuzə Vəliyeva