Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, BMTİP-in rezident nümayəndəsi Alessandro Frakassetti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə təşkilatçılığı ilə Tərtərdə istifadəyə verilmiş İcma Resurs mərkəzinin fəaliyyəti ilə tanış olmaq üçün Tərtərə səfər ediblər.
Qonaqları salamlayan Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov səmərəli və işgüzar xidmətlərinə görə, eləcə də qurumlar arasında ikitərəfli əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə BMT rəsmisinə təşəkkürünü bildirib. O qeyd edib ki, Qələbə sevincini yaşayan Azərbaycanda tamamilə fərqli bir ab-hava var. Bu müddət ərzində Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əsasən öz ədalətli və haqlı mövqeyini ortaya qoydu. 44 gün ərzində ərazilərini işğaldan azad edərək şanlı zəfər tarixini yazdı.
Daha sonra icra başçısı qonaqlara Ermənistanın təcavüzü nəticəsində sivil vətəndaşlara qarşı törədilən terror cinayətləri və Tərtər rayonuna da müharibənin törətdiyi ağır fəsadlarla bağlı məlumat verib.
Həmçinin qeyd edib ki, 44 günlük Vətən müharibəsində Tərtər rayonu 43 hərbi, 17 mülki şəhid verib, 200-dən çox qazi, 63 mülki yaralı var.
Çıxış edən BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassetti ünvanına səslənən xoş sözlərdən şərəf duyduğunu bildirərək, Komitə və İcra hakimiyyətləri ilə əməkdaşlıq çərçivəsində görülən hər bir işə bağlılığını ifadə edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova mərkəzin işinə uğurlar arzu edərək, mərkəzin icma nümayəndələri, o cümlədən zərər çəkmiş ailələrə dəstək göstərilməsində, onların cəmiyyətə reinteqrasiyasında mühüm rol oynayacağına inamını ifadə edib.
Tədbirin davamında layihə koordinatoru Fəridə Əmirova qısa təqdimatla çıxış edib.
Sonda İcma Resurs mərkəzinin təlimlərində iştirak edən bir qrup gəncə sertifikatlar təqdim olunub.
-
08Okt
Müəllif: Redaktor, 10:28