Tərtərdə prokurorluq işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları mərkəzi meydanda ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov prokurorluq işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, işlərində uğurlar arzulayıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsinə dair imzaladığı 17 iyul 1998-ci il tarixli Sərəncamı bu əlamətdar tarixi əbədiləşdirmiş, prokurorluğun demokratik və hüquqi cəmiyyətdə statusu məsələsinə dövlət səviyyəsində münasibət bildirmişdir.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də prokurorluq orqanlarına yüksək etimad, dövlət səviyyəsində hərtərəfli diqqət və qayğı göstərilir, onun fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görülür.
Sonra rayon prokuroru Əli Qurbanov, Tərtər hərbi prokuroru Hümbət Məmmədov, Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə Böyük müstəntiqi Ehtiram Baxşəliyev çıxış edərək ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının rolundan danışdılar.
Tədbirin sonunda Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən xidmətdə fərqlənən prokurorluq orqanının bir qrup əməkdaşına Fəxri Fərman təqdim olundu.
-
08Okt
Müəllif: Redaktor, 09:54