Tərtər rayonunda ümumtəhsil məktəblərinin V-XI sinifləri üzrə ənənəvi şəkildə tədrisə başlanılıb. İlk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.
Bununla əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Milli Məclisin deputatı Sahib Alıyev rayonun ümumtəhsil məktəblərində olublar.
Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ənənəvi tədrisə başlanılması münasibəti ilə rayonumuzun təhsil işçilərini və şagirdləri təbrik edərək, onlara təhsildə uğurlar arzulayıb. Gələcəyimiz olan uşaqların azad və firavan yaşaması üçün torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.
Daha sonra icra başçısı 44 gün davam edən Vətən müharibəsi dövründə Tərtər rayonuna dəymiş ziyan və onun aradan qaldırılması üçün görülən tədbirlər barədə müfəssəl məlumat verib.
Sonra icra başçısı ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirib. Bu gün isə bu ənənə cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət və Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər, uşaq evləri, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir.
Rayon rəhbəri qeyd edib ki, pandemiyanın və 44 günlük Vətən müharibəsinin yaratdığı çətinliklərə baxmayaraq, bu il də rayon məzunları dövlətimizin yaratdığı imkanlardan bəhrələnərək ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstəriblər.
Təhsil işçiləri respublikamızda təhsil sahəsinə göstərdikləri diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanın Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.