Tərtər ədəbi ictimaiyyətinə ağır itki üz verib. Tanınmış yazıçı-publisist, şair, folklorçu, “Aşıq Pəri” məclisinin və “Tərtərin səsi” ədəbi birliyinin üzvü olmuş, təcrübəli pedoqoq Nubar Əsəd qızı Mədətova vəfat edib.
Nubar Əsəd qızı Mədətova 1 yanvar 1933-cü ildə Ağdam rayonunun Baş Qərvənd kəndində anadan olub. Onun uşaqlığı Böyük Vətən müharibəsi illərinə təsadüf edib. Atası Əsəd kişi kolxozda sıravi işdə çalışır, ailənin ehtiyaclarını çətinliklə qarşılayırdı.
Beşinci sinifdən etibarən Nubar Mədətli təhsilini Ağdam şəhərindəki 1 saylı internat məktəbində davam etdirib. 1949-cı ildə o, ikillik Müəllimlər İnstitutuna daxil olub. İnstitutu bitirdikdən sonra təyinatla Tərtər rayonunun Hüsənli kəndinə göndərilib. Nubar Mədətova burada gələcək həyat yoldaşı Məcidlə tanış olur onunla ailə qurur. Həyat yoldaşı ilə birlikdə 1951-ci ildən rayonun Azadqaraqoyunlu kəndində yaşamağa və birlikdə kənd məktəbində işləməyə başlayıblar. İşləyə-işləyə təhsilini Xankəndində yerləşən pedoqoji institutda davam etdirib.
Nubar Mədətova işlədiyi müddətdə ictimai fəalığı ilə həmişə seçilib. O, qabaqcıl müəllim kimi 1963-cü ildə partiya sıralarına qəbul edilib və uzun müddət məktəb ilk partiya təşkilatının katibi işləyib. 25 illik pedoqoji fəaliyyəti dövründə əvvəlcə müəllim, sonra isə tərbiyə işləri üzrə direktor müavini kimi fəaliyyət göstərib.
Nubar Mədətovanın güclü yaddaşı, iti zehni olub. Oxumaq, öyrənmək həvəsi bütün ömrü boyu sönməyib gənclərə örnək olub.
Nubar Mədətova ixtisasca riyaziyyatçı olsa da, jurnalistikaya, tarixi araşdırmaçılığa, şifahi xalq ədəbiyyatına böyük həvəsi olub. Onun yaşadığı kəndin, rayonun tarixi ilə bağlı onlarla məqaləsi var. 6 kitab müəllifidir. Vaxtaşırı olaraq rayon və respublika mətbuatında şeirləri, məqalələri dərc edilib.
O, 7 övlad – 5 oğul, 2 qız böyüdüb. Hər biri ali təhsil alıb.
Şərəfli ömür yolu, Nubar müəllimi el gözündə ucaldıb, ona həmişə hörmət gətirib. Onun yüzlərlə yetirmələri müxtəlif sahələrdə çalışır.
Nubar Mədətlinin yoxluğunu qəbul etmək olduqca ağırdır. Əsl ziyalı, el ağbirçəyi idi. İstər I Qarabağ Müharibəsi dövründə, istər Vətən müharibəsində həmişə ön cəbhədə olan əsgərlərimizə öz mənəvi köməyini, sovqatını əsirgəməyib.
Nubar Mədətlinin xatirəsi onu sevənlərin qəlbində həmişə yaşayacaq. Mərhumun doğmaları, əzizləri ilə onların üzüntülərini bölüşür, dərin hüznlə başsaglığı verir, səbr diləyirik.
Allah rəhmət eləsin!
Müstəqim Məmmədov,
Ramiz Şabanov,
Faiq Məmmədov,
Tofiq Yusif,
Svetlana Əzizova,
Şəhla Manafova,
Nazim Xəlilov,
Svetlana Bağırova.
-
08Okt
Müəllif: Redaktor, 09:12