Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 08Okt

    Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə verdiyi müsahibə zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla istənilən zaman danışıqlara hazır olduğunu bildirmişdir.

    Qeyd etmişdir ki, Azərbaycanla Ermənistan arasında danışıqlar və təmaslar artıq başlamışdır. Azərbaycan, Ermənistan və Rusiyanın Baş nazirlərinin müavinləri səviyyəsində əməkdaşlığın formatı mövcuddur və bu format kommunikasiyaların açılması məsələsinə həsr olunub. Eyni zamanda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutub və bu görüş konstruktiv olmuşdur. Azərbaycanın mövqeyi müharibə bitəndən sonra dəyişməz olaraq qalır. Azərbaycan Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyindədir. Dövlətimiz sərhədlərin delimitasiyasına və dərhal sonra demarkasiyasına başlamağa hazırdır. Gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa da hazırıq. Bütün bu təşəbbüslər dövlətimiz tərəfimdən dəfələrlə vurğulanmışdır. Lakin Ermənistan hələ də müsbət cavab verməyib.Bildirib ki, münaqişə öz həllini tapdıqdan sonra, artıq mövcud olmayan “Dağlıq Qarabağ” adlandırdıqları “qurum”un statusu haqqında danışmağın yeri yoxdur. Çünki Dağlıq Qarabağ mövcud deyil. Azərbaycanın ərazisində belə inzibati vahid yoxdur. Cari ilin 7 iyul tarixində Prezident İlham Əliyev tərəfindən imzalanmış Fərmanla Azərbaycanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılmışdır.

    Bu gün Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı ərazidə – Qarabağda yaşayan 25 minə yaxın etnik erməni Azərbaycan vətəndaşıdır. Onların fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacaq, ancaq status məsələsinə qayıtmaq mümkün deyil.

    Mina məsələsindən də danışan ölkə başçısı mina xəritələrinin Azərbaycana təhvil verilməməsini Ermənistanın hərbi cinayətkar ölkə olmasının növbəti sübutu olduğunu vurğulamışdır. Azad olunmuş ərazilərdə yüz minlərlə mina basdırılıb. İlkin olaraq, minalanmış ərazilərin xəritələri tərəfimizdən tələb edildikdə, Ermənistan hökuməti ən yüksək səviyyədə bəyan edirdi ki, onlarda belə xəritələr yoxdur. Müharibə bitdiyi bir ilə yaxın dövrdə Ermənistanın xəritələri bizə verməməsi nəticəsində mülki vətəndaş və hərbçilərimiz arasında 150 nəfər həlak olmuş və ya ağır yaralanmışdır. Təqdim olunmuş bəzi xəritələrin dəqiqliyi yalnız 25 faizdir.

    Həmçinin ərazilərin qısa müddət ərzində bərpa olunması kimi mühüm məsələlərdə beynəlxalq təşkilatların fəallığı və obyektiv mövqeyinin böyük rol oynadığını bildirib. Qeyd edib ki, mina xəritələri kimi mövzular Avropa İttifaqı nümayəndələri arasında çoxsaylı təmaslarda müzakirə edilir. Avropa İttifaqı yenidənqurma və dinc mühitin yaradılması kimi müxtəlif sahələrdə təcrübəyə malikdir. Avropa İttifaqı delimitasiya prosesində iştirak etmək və hər iki tərəfi razılığa gətirməklə bağlı niyyətini ifadə etdi. Azərbaycan bu cür təşəbbüsləri dəstəkləyir. Avropa İttifaqı bizə delimitasiya, kommunikasiyaların açılması və postmüharibə dövründə inkişaf məsələlərində yardım edə bilər.

    Ölkə başçısı müsahibəsində qeyd edib ki, bölgədə Türkiyə və Rusiya faktoru təkzibolunmazdır. Türkiyə müharibənin ilk günlərindən etibarən Azərbaycana siyasi və mənəvi dəstək göstərib. Müharibə bitdikdən sonra Türkiyə, o cümlədən Rusiya gələcək regional inkişafda və sabitlikdə çox mühüm rol oynayır. Rusiya və Türkiyə Qarabağ bölgəsinin Ağdam rayonunda birgə monitorinq mərkəzini yaradıblar. Eyni zamanda, Rusiyanın sülhməramlıları erməni əhalinin yaşadığı yerlərdə sülhün mühafizəsi tədbirlərini görürlər. Türkiyə və Rusiya Azərbaycanın iki qonşusu kimi, sabitlik, təhlükəsizlik və gələcək inkişaf sahəsində çox mühüm rol oynayırlar.

    Azərbaycan “3+3” regional əməkdaşlıq platformasına dair Türkiyənin təklifini dəstəkləyir. Cənubi Qafqazın üç dövləti arasında və onların qonşuları ilə Türkiyə, Rusiya və İranla fəal regional əməkdaşlıq sülhü və dayanaqlı inkişafı təmin edə bilər. Ermənistan bu məsələdə yenə də qeyri-konstruktiv mövqe sərgiləyir. Əgər regionun altı ölkəsi arasında bu cür əməkdaşlıq formatı yaransa, yeni təhdidlərin qarşısı alınacaqdır. Bu platforma regional əməkdaşlığın mühüm amilinə çevriləcək və çox fayda gətirəcək.

    Hərbi əsirlərdən də danışan cənab prezident beynəlxalq konvensiyalara əsasən, müharibə əsirləri müharibə zamanı saxlanılmış və ya əsir götürülmüş insanlar olduğunu bildirib. Müharibə zamanı saxlanılmış bütün şəxslər müharibə başa çatan kimi Azərbaycan tərəfindən dərhal Ermənistana qaytarılıb. Müharibənin başa çatmasından və Ermənistanın kapitulyasiya aktını imzalamasından iki həftə sonra Azərbaycana göndərilən adamlar azad etdiyimiz ərazilərdə dekabrın əvvəlində saxlanılıblar. Bunlar 62 nəfərdən ibarət olub və onların bəziləri cinayətlər törədiblər. Onlar hərbçilərimizə hücum edib və dörd nəfəri qətlə yetiriblər. Yəni, bunlar müharibə əsirləri deyil, onlar azərbaycanlı mülki əhaliyə və hərbçilərə hücum etmək məqsədilə göndərilmiş terrorçu və diversiya qrupunun üzvləridir.

    Avropa İttifaqı ilə iqtisadi yardım məsələsi ətrafında müzakirələr aparıldığını da bildirən cənab prezident bildirmişdir ki, hazırda Avropa İttifaqı Ermənistan üçün 2,6 milyard avro həcmində iqtisadi yardım paketinin hazırlanması prosesindədir. Gözləntimiz ondan ibarətdir ki, həmin həcmdə məbləğ eyni şərtlərlə Azərbaycana da təklif edilsin. İstər qrant, istərsə də kredit – burada bərabərlik olmalıdır. Çünki işğaldan əziyyət çəkmiş olan ölkə bizik. Bizim 10 min kvadratkilometr sahəyə malik olan, tamamilə dağıdılmış ərazimiz, yüzlərlə şəhər və kəndlərimiz var.

    Həmçinin ölkə başçısı müsahibəsində qeyd etmişdir ki, Azərbaycan etibarlı iqtisadi tərəfdaşdır. Azərbaycan təbii qazını Avropaya ixrac etməyə ötən ilin son günü – dekabrın 31-də başladı. Həmin vaxtdan etibarən ixrac profili artmaqdadır. Azərbaycan 15 il ərzində Avropa bazarında etibarlı neft təchizatçısı kimi çıxış edir. Ölkəmizin təbii qazın qiyməti digər mənbələrdən daxil olan qazdan ucuzdur. Bu qaz yeni mənbədən gəlir. Cənub Qaz Dəhlizinin vacibliyi nəinki əlavə qaz həcmləri, o cümlədən alternativ mənbə olması ilə izah edilir. Bu, enerji təhlükəsizliyi məsələsidir. Azərbaycanda təbii qazın təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrdir. Bu cür qaz ehtiyatları öz istehlakımız və ixrac üçün ən azı 100 ilə kifayət edər. Hazırda yeni yataqların kəşf edilməsi mərhələsi aparılır. Azərbaycanın neft və qaz sektoruna böyük enerji şirkətləri arasında maraq artır. Gələcəkdə təchizat coğrafiyası Avropada Balkanlara və Şərqi Avropanın bir sıra digər ölkələrinə qədər genişləndirilə bilər.

     

    Müəllif: Redaktor, 08:59

İsmarıclar bağlıdır.