Anım günü ərəfəsində Soyulan kənd İƏD-nin Alışarlı kəndində “Şəhidlər abidəsi”nin, Hacallı kəndində isə “Şəhid bulağı”nın açılışı olub.
Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə ilk olaraq vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib, abidənin önünə əklillər və gül dəstələri düzülüb.
Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ötən il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Milli Ordunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib.
Bildirib ki, Vətən müharibəsində beynəlxalq hüquq normalarını pozaraq düşmən dəfələrlə Tərtər şəhərini bonbardıman etmiş, bir çox binaları, obyektləri, yolları və kommunikasiya xəttlərini sıradan çıxartmış, təsərrüfatlara ciddi ziyan vurmuş, mülki əhali arasında ölüm və yaralanma hallarına səbəb olmuşdu. Sonra rayon rəhbəri abidənin inşasında əməyi olan hər kəsə öz təşəkkürünü bildirib.
Tədbirdə Soyulan kənd tam orta məktəbinin direktoru Afizə Mikayılova, şəhid Azər Şəmilovun oğlu Fədayət Şəmilov çıxış edərək kəndin şəhidlərindən, onların Vətən müharibəsində göstərdikləri döyüş şücaətindən, ordu-xalq-iqtidar birliyindən danışdı. Tədbirdə məktəblilər Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.
Sonra Hacallı kəndində Vətən müharibəsi şəhidi Sabirli Əjdər Xanlar oğlunun xatirəsinə tikilmiş bulağın da açılışı olub.
Açılışdan sonra icra başçısı hər iki şəhidin məzarını ziyarət edib, onların ailə üzvləri ilə görüşüb və qayğıları ilə maraqlanıb.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.