Bilirik ki, 2020-ci il bütün xalqımız üçün daha bir sınaq ili oldu. Həm COVİD-19 pandemiyası ilə mübarizə, həm də 44 günlük Vətən müharibəsi xalqımızın necə əzmkar olduğunu bir daha göstərdi. Amma zəhmətkeş insanların işə olan həvəsi zəifləmədi. Bu sınaqlardan üzüağ çıxmağı bacaran xalq öz normal həyatına qayıtdı. Müharibə zamanı şəhərlərə, kəndlərə, infrastruktura və təsərrüfatlara dəymiş ciddi ziyan tədricən bərpa olunmağa başlandı. Müharibə dövründə də əlləri işdən soyumayan təsərrüfatçılar öz fəaliyyətlərini davam etdirdilər.
Dövlət-xalq birliyi Azərbaycanın işıqlı gələcəyini şərtləndirir. Tərtər rayonunun timsalında da bu birliyi əyani şəkildə görə bilərik. Qəhrəman tərtərlilər də həmişə olduğu kimi dövlətə və dövlətçiliyə sadiq olduqlarını, Vətəni və Torpağı öz canlarından da çox sevdiklərini 44 günlük Vətən müharibəsi ərzində də sübuta yetirdilər. Ali Baş Komandana və Orduya güçlü inamın nəticəsi idi ki, burada hər kəs arxayın şəkildə öz işi ilə məşğul olurdu. Ələlxüsus təsərrüfat adamları.
Möhtərəm Prezident ölkəmizin ərzaq təhlükəsizliyi üzrə tam müstəqilliyə nail olunmasını milli hədəflərdən biri kimi müəyyənləşdirmişdir. Onun bəyan etdiyi kimi “hazırda qarşıda duran ən başlıca məqsəd daxili imkanlar hesabına kənd təsərrüfatı və ərzaq məhsulları ilə özünütəminata və dayanıqlı tərəqqiyə nail olmaqla Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaqdır”.
Bu gün fəxrlə deyə bilərik ki, ölkəmizin hər bir rayonunda bütün sahələr üzrə ailə fermer təsərrüfatları inkişaf etməkdədir. Tərtər rayonunda da belə fermer təsərrüfatları mövcudur. Həmin fermerlərdən biri – Qurbanov Emin Fərman oğludur.
Əməkdaşımız Elfuzə Vəliyeva onunla görüşüb söhbət etdmişdir.
– Emin müəllim necə oldu ki fermer təsərrüfatı yaratmağı qərara aldınız?
Bizim uşaqlığımız kənddə keçib. Gözümüzü açanda təsərrüfat işləri ilə çalışan böyüklərimizi, qonum-qonşunu, kənd camaatını görmüşük. Elə bir ailə yoxuydu ki, təsərrüfatda çalışanı olmasın. Pambığın, taxılın əkilməsindən başlayaraq becərilməsi, yığılması kənd zəhmətkeşlərinin zəhmətiylə görülərdi.Əkin-biçinlə məşğul olmaq kənddə yaşayan hər bir adamın gündəlik qayğısı idi. Hətta orta məktəbdə oxuduğumuz zamanlarda da təsərrüfat işlərindən kə-narda qalmazdıq. Atam fermer təsərrüfatı yaratmaq fikrinə düşəndə çox sevinmişdim. Nəhayət, 2008-ci ildə atam – Kənd Təsərrü-fatı elmləri namizədi Fərman Qurbanov ailə fermer təsərrüfatı yaratmışdır. Biz qardaşlar da – İlkin, Rahim və mən həmin təsərrüfatın üzvüləri idik, işin icrasını təmin edirdik. Təsərrüfatda pambıq, taxıl, çuğundur əkilib-becərilməsində həm atamıza kömək edər, həm də onun təcrübəsindən bəhrələnərdim. Sonralar qərara aldım ki, özüm də şəxsi fermer təsərrüfatı yaradım. Ailə fermer təsərrüfatının yarısını götürərək 2018-ci ildən şəxsi fermer təsərrüfatı yaratmışam.
– Neçə hektar əkin sahəsində hansı bitkilər əkirsiniz?
– Fermer təsərrüfatına 330 hektar torpaq sahəsi aiddir. Müxtəlif sahələrdə pambıq, buğda, arpa və çuğundur əkib becəririk. Bu il 10 ha çuğundur, 45 ha pambıq, 110 ha arpa və 165 ha buğda əkmişdik. Əkdiyimiz bütün bitkilər toxum üçün yetişdirilir. Mlumdur ki, taxıl biçini xeyli vaxtdır başa çatıb. Hər hektardan 46 sentner olmaqla 760 ton buğda, 42 sentner olmaqla 460 ton arpa götürüldü. Çuğundur və pambığın yığılmasına hələ başlanılmayıb. Pambığın sonuncu suvarılması başa çatıb. Hazırda yarpağın tökülməsi üçün dərmanlama işləri görülməlidir ki, konbaynlar yığıma vaxtında başlasın. Yığıma çox az vaxt qalıb. Hava şəraiti imkan versə yaxın günlərdə yığıma başlanılacaq. İnanıram ki, becərməni vaxtında və keyfiyyətlə apardığımız üçün pambıqdan da yüksək nəticə əldə edəcəyik. Nəzərdə hər hektardan 45 sentner “ağ qızıl” götürülməsi tutulub.
–Yaxın günlərdə qardaşım İlkin Qurbanov pambıqçılıqda yüksək nailiyyət əldə etdiyinə görə ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə “İkinci dərəcəli Əmək ordeni” ilə təltif olunub.
–Təsərrüfatınızın işçi qüvvəsi neçə nəfərdən ibarətdir? Onların maddi təminatı necə təşkil olunur?
– 18 nəfər fermer təsərrüfatının daimi işçiləridir. Mövsüm zamanı isə 40 nəfər əlavə çalışır. Daimi işçilərimiz qanuni qaydada kart sistemi ilə əmək haqqı alırlar. Mövsümü işçilər gündəlik işlərinə görə haqq alırlar. Daimi işçilər 4 nəfər traktorçu, 3 nəfər sürücü-müxanik, 2 nəfər mühasib, 1 nəfər isə ümumi işin nəzarətçisidir.
Təsərrüfatımızın hər bir üzvi üzərinə düşən işin mə-suliyyətini dərk edərək ürəklə çalışır. Yüksək keyfiyyətli məhsul əldə etmək üçün aqrotexniki tədbirlər vaxtında və keyfiyyətlə həyata keçirilir. Bunun nəticəsidir ki, yüksək məhsul götürülməsinə nail oluruq. Sahələrdən məhsul qurtaran kimi yeni ilin məhsulunun bünövrəsi qoyulur. Torpaq çöp-çayırdan təmizlənir, şumlanır, malalanıb əkinə hazır vəziyyətə gətirilir. Bizim təsərrüfat toxumçuluqla məşğuldur. Həm öz toxum sortlarımızdan – “Şəfəq”, “Murov-2” buğda, “Qarabağ-2” arpa sortundan, həm də xarici sortlardan – “Start”, “Vassa” buğda və “İosif” arpa sortlarından istifadə edərək əkib becəririk. Artıq toxumlar kisələrə yığılıb, səpinə hazır vəziyyətdədir.
– Emin müəllim, bəlkə bir az özünüzdən danışaq, təhsilinizdən, ailə vəziyyətinizdən?
– Mən 2000-2004-cü illərdə Azərbaycan İqtisad Universitetinin inzibati idarəetmə fakültəsini, 2014-2018-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişəm. 11 ildir Tərtər rayon poçt filialının rəisi vəzifəsində çalışıram. Ailəliyəm. 3 oğlumuz var – Fərman, Ömər, Əli. Hər biri orta məktəb şagirdləridir. İstəyirəm ki, gələcəkdə Vətənə xeyirli övladlardan olsunlar.
Bir neçə dəfə rayon rəhbərliyi və YAP rayon təşkilatı tərəfindən Fəxri Fərmana layiq görülmüşəm.
–Gələcək işləriniz barədə nə fikirləşirsiniz?
– Əgər fermer təsərrüfatını deyirsinizsə onu ildən-ilə inkişaf etdirmək fikrindəyəm. Kənddə yaşayıb təsərrüfatdan uzaq düşmək olmaz. Həm də bütün uğurlar zəhmətdən keçir. Digər işlərimiz də öz qaydasında. Cavanıq, gücümüz, enerjimiz, savadımız hələ ki tükənməyib.
–Emin müəllim, sizə bol-bol müvəffəqiyyət arzulayıram. Müsahibə üçün çox sağolun!
–Təşəkkür edirəm!
-
30Sen
Müəllif: Redaktor, 09:57