ANANIN YUXUSU
44 günlük Vətən müharibəsi başa catdıqdan sonra şəhidlərimizin müqəddəs ruhları hər yerdə anılır, adlarına müxtəlif abidə kompleksləri ucaldılır. Belə abidə-komplekslərindən biri də Seydimli kəndinin yaxınlığında şəhid Aysənan Abbasovun adına ucaldılmış möhtəşəm, hər tərəfi gülçiçəklərlə əhatə olunmuş abidə-kompleksidir. “Tərtər-Gəncə” magistral avtomubil yolu ilə hərəkət edən bütün nəqliyyat vasitələrindəki insanlar bu abidə- kompleksinin qarşısında dayanıb hörmət əlaməti olaraq ziyarət edib burada xatirə şəkilləri çəkdirir, şəhid Aysənanın ruhuna dualar oxuyurlar. Demək olar ki, bu möhtəşəm abidə hər gün ziyarət olunaraq yad edilir.
Aysənan Abbasovun kimliyi ilə maraqlanıb ailəsini ziyarət etdik və onun haqqında məlumat toplayaraq, bu igid döyüşcümüz barədə yazmağı qərara aldım.
“Aysənan kimdir?”– sualına cavab almaq məqsəsdi ilə Abbasovlar ailəsində öyrəndim ki, Aysənan Seydimli kəndində doğulub boya-başa çatıb, həmin kəndin tam orta məktəbinin məzunlarından olub. Yeniyetməlik illərində arzusu hərbiçi olmaq idi. Ona görə də doqquzuncu sinfi bitirdikdən sonra Naxçıvanski adına hərbi məktəbə imtahan verib, qəbul olsa da, ayağında qüsur olduğu üçün orada təhsil almasına icazə verməyiblər. Yenidən orta məktəb təhsilini davam etdirib. On birinci sinfi bitirdikdən sonra hərbi ali təhsil almaq arzusu da reallaşmayıb. 2011-ci ildə əsgəri xidmətə yollananda sevincinin həddi-hüdudu olmayıb. Düşünüb ki, əsgərlikdən sonra hərbiçi ola bilər. Aysənanın əsgəri xidməti Beyləqan rayonunda hərbi polisdə keçib. Xidmət müddətində əsgər və zabitlərin rəğbətini qazanıb. Hərbi borcunu yerinə yetirdikdən az bir müddət keçdikdən sonra o, müddətdən artıq hərbi xidmətə yazılır və istehkamçı kimi fəaliyyətə başlayır. Aysənanın vətənpərvərliyi, nümunəvi qulluğu, bacarığı komandirlərin gözündən yayınmır. Onun işini kəşfiyyat bölüyünə dəyişirlər. O, Vətənə xidmətini ləyaqətlə yerinə yetirirdi.
Aysənan ailənin yeganə oğluydu, bacısı Zərnişan ailəli idi. Tək oğlan olduğu üçün Aysənan da tez ailə qurmuşdu. İmişli rayonundan olan Təkminə adlı qızla evlənmişdi. Bu evlilikdən Timur adlı oğlu, Banu adında qızı olmuşdu.
Ata-ana ilə söhbətdən öyrəndim ki, Aysənanın atası Birinci Qarabağ müharibəsinin iştirakcısı olub. O II qrup Qarabağ müharibəsi əlilidir. Əlil atanın döyüş yolunu oğlu şərəflə davam etdirib. Aysənan yaxşı bilirdi ki, əsirlikdə inləyən torpaqlarımıza bir gün sahib çıxmalı və azad olunmalıdır. Onu da bilirdi ki, güclü Ordumuz var, yetər ki, komanda verilsin. O zaman hərbiçilərimiz mənfur erməniyə kim olduqlarını göstərəcəklər. Belə bir gün 27 sentyabr 2020-ci ildə oldu. Aysənan isə 10 gün əvvəl bir günlük evlərinə gəlib, qayıtmışdı. 5 yaşlı qızı Banuya velosiped alıb gətirmişdi. Sanki qarşıdakı ayrılığı duyurmuş kimi ailəsi, uşaqları ilə xoş bir gün keçirib, hərbi hissəyə qayıtmışdı…
Sentyabrın 27-də Aysənan artıq döyüş bölgəsində idi. Gülüstan istiqamətində yerləşən hərbi hissədə kəşfiyyatçı kimi Vətənə xidmət edirdi. Erməni silahlı birləşmələri hər yerdə atəşkəsi pozur, ərazilərimizdə qırğınlar və təxribatlar tö-rədirdilər. Artıq sentyabrın 27-də düşmənin cavab atəşi ilə susdurulması əmri veriləndə bütün hərbiçilərimiz kimi Aysənan da torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizəyə qatıldı. Döyüş yolu qaranlıq meşələrdən, şiş qayalardan keçdi. Arada fürsət tapıb ailəsi ilə telefon əlaqəsi saxlayırdı. Həyat yoldaşına: “yaxşıyam, gələcəyəm!” – dedi. Anası ilə danışaraq: “Zəhmətinizi halal edin!” – söylədi.
Üç gün idi ki, torpaqlarımız uğrunda qanlı döyüşlər gedirdi. Torpaqlarımız işğaldan azad olunca şə-hidlərimizin sayının artması hər kəsi iztiraba salırdı. Evlərdə ucalan ah-nalə insanın əlini yerdən-göydən üzürdü, oğul itirən anaların fəryadı, atasız körpələrin, qardaşsız bacıların göz yaşları insanın qəlbinə neştər yarası kimi işləyirdi! Sentyabrın 29-da bəzi igidlərimiz kimi Aysənanın da döyüşü yarımçıq qaldı. Bədəninin müxtəlif nahiyələrindən – başından, qarnından, ayağından aldığı yaralar onun mübarizəsini yarımçıq qoydu. Hətta nəşini döyüş zonasından götürmək mümkün olmayıb. Anası Rəna hərbiçilərə qoşularaq Goranboy, Gülüstan və Ağdərə istiqamətindəki hər dağda-dərədə, hər daşın, hər kolun dibində Aysənanı axtardı. Lakin kor-peşiman geri qayıdırdı. Bir gün isə… Rəna ana yenə Aysənanı döyüş yoldaşlarının iştirakı ilə axtarıb, tapmayıb, yorğun halda elə stolun arxasında ani olaraq yuxuya gedir və yuxuda görür ki, Aysənan hərbi geyimdə evlərinə gəldi. Bacısı Zərnişanı çağırıb söyləyir ki, anamdan incimişəm. Onun hərbiçilərin yanında, dağda-daşda nə işi var?! Mən oralarda deyiləm, məni döyüş yoldaşım Soltandan soruşun, o bilir hardayam. Rəna ana narahatlıq içində yuxudan ayılır və yanındakılara yuxusunu danışaraq Soltanla görüşmək istəyini bildirir. Demiyəsən döyüşçü Soltan da ürəyindəkiləri anaya açıb söyləməkdən ehtiyat edirmiş. Aysənanın şəhid olması onun gözləri qarşısında baş veribmiş. Ana yuxusunu oğlunun döyüş yoldaşına danışdıqdan sonra onu da sanki ağır bir yükdən qurtarır. Soltanın sözlərindən sonra Aysənanın cəsədi tapılaraq, dekabrın 12-də ailəsinə təhvil verilir və onun nəşi doğulduğu Seydimli kənd qəbristanlığında dəfn olunur. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Elfuzə Vəliyeva